Datasets:
book_name
stringclasses 7
values | book_page
int64 1
583
| page_context
stringlengths 9
4.74k
⌀ |
|---|---|---|
Azerbaycan_tarixi_cild_1
| 1
|
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU AZƏRBAYCAN TARİXİ ən qədimdən bizim eranın III əsri YEDDİ CİLDDƏ I CİLD BAKI – 2007
|
Azerbaycan_tarixi_cild_1
| 2
|
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Məsul redaktor: Iqrar Əliyev Akademik ISBN 978-9952-448-36-8 947. 5402-dc22 Tarix – Azərbaycan Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illüstrasiya. Azərbaycan dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biridir. Yeddicildlik "Azərbaycan tarixi"nin I cildi Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə edir. Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan cəmiyyətinin mərhələləri, mənəvi həyatı, onun dağılması, ilkin sinifli cəmiyyətin və dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır. "Elm" nəşriyyatı, 2007
|
Azerbaycan_tarixi_cild_1
| 3
|
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun kollektivi ötən əsrin 70-ci illərindən başlayaraq Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi Baş Redaksiya Şurasının rəhbərliyi altında yeddicildlik "Azərbaycan tarixi" üzərində işləməyə başladı. Artıq 1990-cı ildə iki cildi istisna olmaqla, bütün cildlərin yazılması başa çatdırılmış, I, IV, V və VI cildlər Baş Redaksiya Şurası tərəfindən nəşr olunmağa tövsiyə edilmişdi. Lakin bu cildlər öz dövrünün siyasi konyunkturasından azad deyildi. Azərbaycan tarixinin bir sıra dövr və aspektləri hakim ideologiyanın təsiri altında birtərəfli işıqlandırılır, faktlar və hadisələr siyasiləşdirilir, bir sıra görkəmli tarixi şəxsiyyətlərin fəaliyyəti təhrif edilir, ya da tamamilə unudulurdu. Tarixçi alimlər özlərinin professional səviyyəsini saxlamaqla Azərbaycan tarixinin obyektiv, həqiqi mənzərəsini bərpa etməlidirlər. Azərbaycan tarixinin müasir tələblər səviyyəsində akademik nəşrini hazırlamaq üçün sənəd və mənbələrin araşdırılması, eləcə də zəngin çoxcəhətli faktik materialların tam dərk edilməsi sahəsində böyük işlər görülməlidir. Geniş ictimaiyyətin tarixi biliklərə, xüsusilə Ana vətənin tarixinə daim artmaqda olan marağını nəzərə alaraq, Elmlər Akademiyasının Rəyasət Heyəti 1997-ci il sentyabr ayının 24-də çoxcildli "Azərbaycan tarixi"nin hazırlanıb nəşr edilməsini qərara aldı. Oxuculara təqdim edilən, əhəmiyyətli dərəcədə yenidən işlənib təkmilləşdirilmiş bu nəşr tarixçi alimlərimizin həmin qərara cavabıdır. Biz əminik ki, oxucu kütləsinin mühakiməsinə verilən bu kitabların "Azərbaycan tarixi"nin çoxcildli akademik nəşri üçün böyük faydası olacaqdır. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi, müəllif kollektivi oxucuların qeyd, təklif və arzularını minnətdarlıqla qəbul edəcəkdir.
|
Azerbaycan_tarixi_cild_1
| 4
|
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir. Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidələrin tükənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən qalıqları, qəbirlər, qədim mədən və metaləritmə yerləri, həmçinin başqa şeylər saxlayır. Ona görə də ayrı-ayrı elmlərin qovuşuğunda dayanan arxeologiyanın əhəmiyyəti son dərəcə böyükdür. Müxtəlif elmlərin nümayəndələri, ilk növbədə, arxeoloq, tarixçi və filoloq, fizik və kimyaçı, etnoqraf və antropoloq, geoloq və paleontoloq, botanik, zooloq və başqaları öz biliklərini "arxeologiya mehrabı"na gətirirlər. Axtarış zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlamış son orta əsrlərədək Azərbaycan tarixini daha əsaslı şəkildə və daha dərindən işıqlandırmaq imkanı verir. Şübhə yoxdur ki, azərbaycanşünaslığın bir çox mühüm problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır. Arxeologiya təkcə öyrənilən ölkənin ilk sakinlərinin maddi və mənəvi mədəniyyət səviyyəsi haqqında mühakimə yürütməyə deyil, həm də məhsuldar qüvvələr tarixi, sinfi cəmiyyətin yaranması və inkişafı, miqrasiya, etnogenez və bir çox başqa problemlərlə bağlı olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll olunmasına imkan verir. Arxeologiya diyar tarixinin məkan üfüqlərini, onun çərçivələrini genişləndirmiş, bizim nəsil şəcərəmizin minilliklərin dərinliklərinə gedən köklərini izləməyə imkan vermişdir. Lakin təkcə arxeologiyanın köməyi ilə sosioloji nəticələr çıxarmaq, yazılı qaynaqlar olmayan dövrlərin, o cümlədən ibtidai icma cəmiyyətinin, necə deyərlər, canlı tarixini vermək, xüsusən də ibtidai icma dövründə sosial münasibətlərin, insanın mənəvi aləminin mənzərəsinin yaratmaq və s. qeyri-mümkündür. Maddi abidələri "canlandırmaq", onları izah etmək üçün əlavə məlumatlar, ilk növbədə, primatoloji müşahidələr, paleoantropoloji tədqiqatlar və əlbəttə ki, etnoqrafik materialların cəlb olunması zəruridir. Arxeoloji materiallar, şübhəsiz ki, etnoqrafik şərh tələb edir, əks halda bölgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir. Bizə məlum olan antropoloji material çox az olsa da, onun böyük əhəmiyyəti var.
|
Azerbaycan_tarixi_cild_1
| 5
|
Bölgənin qədim onomastikası (etnotoponimika və antroponimikası) ən qədim tarixi problemlər dairəsinin ayrı-ayrı tərəflərini başa düşmək üçün müəyyən informasiya verə bilər. Lakin bizdə bu istiqamətdə tədqiqatlar aparılmamışdır. Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi dövriyyəyə daxil edilmiş numizmatik materiallar da tariximizin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir. Onlar bölgənin iqtisadi inkişafı, siyasi tarixinin bəzi hadisələri, müəyyən dərəcədə həm də mədəni səviyyəsi haqqında mühakimə yürütməyə imkan verir. Yazılı qaynaqların da çox böyük əhəmiyyəti var. Azərbaycan tarixi üzrə yazılı qaynaqları iki qrupa bölmək olar: sənədli və nəqli xarakterli qaynaqlar. Cənubi Azərbaycan və həmsərhəd ərazilərin tayfaları haqqında məlumatlar verən, ən, qədim qaynaqlar Şumer-Akkad mətnləridir. Şumer və qədim Akkad dillərində tərtib olunmuş bütün bu kitabələr e.ə. III minilliyə və II minilliyin başlanğıcına aiddir. Bu mətnlərin meydana çıxması əsasən Şumer və Akkad çarlarının Zaqros dağları zonasına yürüşlərinə, habelə kuti hakimlərinin Cənubi Beynənnəhreyndəki birəsrlik hökmranlığına borcludur. Ən ilkin, yazılı qaynaqlar sırasında lullubi hökmdarlarının bir neçə qısa yerli kitabələrini də xatırlamaq lazımdır. Şumer-Akkad qaynaqları içərisindən kuti hakimlərinin siyahısını, Omina (əlamətlər, nişanələr) adlanan bəzi mətnləri, o cümlədən kuti və lullubilərin xatırlandıqları, Şumer hakimi Utuxeqalın Mesopotamiyadakı sonuncu kuti hökmdarı Tirikanla müharibəsinin təsviri verilmiş mətnləri, Zaqros bölgəsinə yürüşlər etmiş Şumer-Akkad hökmdarlarının kitabələrini və başqalarını sadalamaq lazımdır. E.ə. II minilliyin Elam və Aşşur qaynaqları çox kasıbdır və Zaqros zonası tayfaları haqqında, demək olar ki, heç bir məlumat vermir. Aşşur qaynaqları içərisində bizim üçün ən vacibləri II Adadnerari, II Tukulti-Ninurta, II Aşşurnasirapal, III Salmanasar, V Şamşi-Adad, III Adadnerari, III Tiqlatpalasar, II Sarqon, Sinaxxerib, Asarxaddon və Aşşurbanipalın kitabələridir. Aşşur çarlarının kitabələrində çoxsaylı yürüşlərin, Azərbaycan vilayətləri və qonşu vilayətlərdə məskunlaşmış tayfaların xarici, müəyyən dərəcədə isə daxili siyasi və iqtisadi həyatının gedişini izləməyə imkan verən təsvirlər verilmişdir. Onlarda, deyilənlərdən əlavə, dağlıq rayonların mürəkkəb etnik-dil mənzərəsindən baş çıxarmağa kömək edən xeyli onomastik material vardır. Aşşur qaynaqlarının Cənubi Azərbaycan vilayətləri haqqında məlumatları xeyli dərəcədə Urartu kitabələrində mövcud olan məlumatlarla zənginləşir. Urmiyayanı hövzə vilayətlərinə Urartu müdaxiləsi haqqında e.ə. IX əsrin sonuna aid olan ən ilkin məlumatlarda Minua, I Arkişti, II Sarduri, II Argişti bu rayonlara öz yürüşləri barəsində xəbər verirlər.
|
Azerbaycan_tarixi_cild_1
| 6
|
Cənubi Azərbaycan ərazisində aşkara çıxarılmış Urartu kitabələri xüsusən Urmiyanın hövzə vilayətlərinin yaşayış məntəqələrinin yerini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa imkan verən məşhur "Kedd xronikası"nın adını çəkmək lazımdır. Cənubi Azərbaycan haqqında bəzi məlumatları "Bibliya"dan da almaq olar. "Avesta" mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən xeyli artıq olan uzun bir dövr ərzində yayılmışdı. Bizim "Avesta"ya diqqətimiz də bununla izah olunur. "Avesta"nın kanonlaşdırılmalarından biri, şübhəsiz ki, Atropatenada bu məmləkətin Sasani səltənətinin dövlət ziyarətgahı olduğu dövrdə baş vermişdir. Çar I Daranın Həmədan rayonunda sıldırım qaya üzərində üç dildə yazılmış Bisütun kitabəsi də bizə bəzi məlumatlar verir. Antik yazıçılar - Miletli Hekatey, Lampsaklı Xaron, Lidiyalı Ksanf, Hellanik və b. əsərlərində də Azərbaycan tarixi üzrə müəyyən məlumatlar var. E.ə. VI-V əsrlərin yunan yazıçısı, ən qədim coğrafi xəritə əlavə olunmuş məşhur "Yerin təsviri" əsərinin müəllifi Miletli Hekatey Cənubi Azərbaycanda məskunlaşmış matienlər tayfasının, Arazboyu müklərin, Kaspi dənizi sahilində yaşayan hansısa katannların adlarını çəkir. Şərq haqqında yazılmış ilk yunan müəllifləri içərisində əsas yer, şübhəsiz ki, "tarixin atası" Herodota (e.ə. V əsr) - qədim dövrün böyük tarixçisinə mənsubdur. Herodotun madahlar (midiyalılar) və Mada (Midiya), skiflər və onların Asiya vilayətlərinə yürüşləri, Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər, kaspilər, ortokoribantlar haqqında məlumatları bizim üçün vacibdir. Herodotun özünün bilavasitə şahidi olduğu hadisələr, habelə sorğu yolu ilə aldığı məlumatlar onun "Tarix"nin əsas mənbələridir. İran şahları arxivlərinin rəsmi sənədlərinə yol Herodot üçün ilk növbədə ona görə bağlı olmuşdur ki, o, yunan dilindən başqa heç bir dil bilmirdi. Lakin bəzən onun əsərlərində, nəticə etibarilə bu rəsmi sənədlərlə bağlı olan məlumatlara rast gəlinir. Şübhəsiz ki, Herodot onlardan üçüncü əldən götürməklə istifadə etmişdir. Onun bəzi şeyləri öz sələfi Hekateydən götürdüyü müəyyənləşdirilmişdir. Bəzi səhv və xətalara baxmayaraq, Herodotun müstəsna dərəcədə düzlüyünə və vicdanlılığına şübhə etmək üçün əsas yoxdur. Onun əsəri bütövlükdə indinin özünədək tariximizin bir sıra məsələləri üzrə ən mühüm qaynaqlardan biri olaraq qalır. İyirmi ilə qədər İran sarayında yaşamış, Əhəmənilərin (Haxamanişilərin) saray həkimi olmuş, e.ə. V əsr müəllifi Knidli Ktesinin "Persika" əsərinin qorunub saxlanılmış azsaylı parçalarından isə çox şey əldə etmək mümkün deyil. Ktesi ayrı-ayrı hallarda ola bilsin ki, Əhəməni şah arxivinin rəsmi sənədlərindən istifadə etmişdir. Onun əsərinin müəyyən məşhurluğuna baxmayaraq, hələ qədim oxucular orada həqiqətə uyğun olmayan çoxlu məlumat görə bilmişdilər. Ktesi tarixçi
|
Azerbaycan_tarixi_cild_1
| 7
|
olmadığından xalq ənənələrindən istifadə edərək, tarixi əsasən bu ənənələrin işığında göründüyü şəkildə söyləyirdi. "Persika"da döyüşkən Cənubi Azərbaycan tayfası kadusilər haqqında ən qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı çəkilirmiş. E.ə. V-IV əsrlər müəllifi Ksenofontda da bəzi tarixi məlumatlar vardır. Onların bir hissəsinin kökü Herodota və Ktesiyə gedib çıxır. Ktesinin bizi maraqlandıran məsələlər üzrə bəzi məlumatları yunanca yazıb yaratmış e.ə. I əsr müəllifi Siciliyalı Diodorun "Tarixi kitabxana"sında qorunub saxlanılmışdır. O, kadusi və tapürlərin torpaqlarının, Kaspiana, Kaspi dənizi və skiflərin adlarını çəkir, yunan-Makedoniya istilaları dövrünün hadisələrini və s. xatırlayır. Makedoniyalı İskəndərin müasiri və bematisti (addımölçəni) Amintanın, Babil kahini Berosun (e.ə. IV-III əsrlər), e.ə. III əsr müəllifi Hermippin, e.ə. II əsrin məşhur tarixçisi, əsəri məlumatlarının xüsusi dəqiqliyi ilə seçilən, qırxkitablıq "Tarix"in müəllifi Polibinin və başqalarının əsərlərində bəzi mühüm məlumatlar qorunub saxlanılmışdır. Polibinin Atropatena barəsində məlumatları xüsusilə əhəmiyyətlidir. Amasiyalı Strabonun (e.ə. 63-cü il - b.e. 23-cü ili) yunan dilində yazılmış və "Coğrafiya" adlanan sanballı əsəri bizim üçün əvəzolunmaz qaynaqdır. Strabon öz dövrünə görə yaxşı təhsil almış, çoxlu səyahət etmiş, müstəsna müşahidəçiliyi və dərin zəkası ilə fərqlənmişdir. Amasiyalı müəllifin əsərində Makedoniyalı İskəndərin müasirlərinin və hətta daha əvvəlki müəlliflərin əsərlərindən başlamış Strabonun öz müasirlərinin əsərlərinədək saysız-hesabsız müxtəlif qaynaqlardan istifadə olunmuşdur. Strabon Aristobulun, Patroklun, Eratosfenin, Skepsili Metrodorun, Hipsikratın, Dellinin əsərləri, Roma sərkərdəsi Pompeyin e.ə. 66-65-ci illərdə Zaqafqaziya səfərində onun yol yoldaşı Mitilenli Feofanın qeydləri və bir sıra digər müəlliflərin işləri ilə tanışdır və öz "Coğrafiya"sında bu əsərlərdən bol-bol parçalar gətirir. Qafqazın, ayrı-ayrı hallarda isə bəzi digər qonşu ölkələrin Strabon "Coğrafiya"sındakı təsviri, ətraflılığına görə bu ölkələrin tarixi, coğrafiyası və etnoqrafiyası üzrə yeganə qaynaqdır. Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində albanlar haqqında "Coğrafiya"da verilənlər yoxdur. Strabonun Atropat Madası və ya Atropatenanın Böyük Madanın bir hissəsi olması, bu ölkənin öz adını Atropatın adından alması və s. kimi məlumatları müstəsna qiymətə malikdir. Lakin "Coğrafiya"nın albanlar haqqında danışılan yerlərində xeyli ziddiyyətlərə də rast gəlinir ki, bu da, görünür, Albaniyanın müxtəlif vilayətlərinə aid olan və heç də bütövlükdə ölkə və onun əhalisini səciyyələndirməyən müxtəlif dövrlü fakt, olay və hadisələrin ümumiləşdirilməsinin nəticəsidir. Məşhur Roma tarixçisi, 35 kitabı və itib-batmış cildlərinin bir qədər fraqmentləri qorunub saxlanılmış "Roma tarixi" əsərinin müəllifi Tit Livi (e.ə. 59-cu il - e. 1-ci ili)
|
Azerbaycan_tarixi_cild_1
| 8
|
Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və kadusilərin adlarını çəkir. Tit Livinin müasiri latın müəllifi Pompey Troqun əsəri "Filippin tarixi" bizim dövrümüzə qısa şərh şəklində - II və ya III əsrdə yaşamış Yustinin epitoması vasitəsilə gəlib çatmışdır. Pompey Troq əksər hissəsi bizə gəlib çatmamış xeyli miqdarda qaynaqlardan istifadə etmiş və bütövlükdə hellinist dünyasının tarixi üzrə çox qiymətli əsər yaratmışdır. Pompey Troq hellinist tarixşünaslığında üstün yer tutmuş meylin - yunan-Roma mifologiyası və toponimiyası ilə bir sıra Şərq ölkələrinin coğrafiyası və tarixinin əlaqələri haqqındakı meylin tərəfdarı idi. Məsələn, romalı müəllif Qafqaz albanları haqqında məlumat verərkən onları Heraklın işləri ilə bağlayır və onların kökünü İtaliyaya, Alban dağına aparıb çıxarır. Pompey Troqanın əsərlərində skiflər və onların Asiyadakı hökmranlığı, parfiyalılar, madalılar, kadusilər və b. haqqında xeyli maraqlı məlumatlar var. Müəllifi Kvint Kursi Ruf olan "Böyük Aleksandrın tarixi" bizim mövzu üçün müəyyən maraq kəsb edir. Bu müəllif öz əsərini e.ə. I əsrin sonu ilə e. I əsrinin ortaları arasında yazmışdır. Bu əsər kompilyasiya olsa da, bizim üçün mühüm əhəmiyyəti var. Belə ki, burada əsərləri itmiş müəlliflərin məlumatları qorunub saxlanmışdır. Pomponi Melanın I əsrin ortalarında yazılmış "Yerin təsviri" adlı həcmcə kiçik (bütöv halda bizə gəlib çatmış cəmi üç kitab) əsərində bizim bölgənin coğrafiyası, burada məskunlaşmış tayfalar haqqında müxtəlif, bir hissəsi çox qiymətli məlumatlar var. Mela həm qədim müəlliflərin, həm də öz müasirlərinin əsərlərindən istifadə etmişdir. Bu da ona Roma ədəbiyyatında coğrafiya üzrə bir növ bitkin bir dərslik yaratmaq imkanı vermişdir. Mela Kaspi dənizi, kaspilər, skiflər, albanlar, amardlar, kadusilər və başqaları haqqında danışır. Böyük Plininin (23/24-79-cu illər) "Təbii tarix"i bizim üçün mühüm əhəmiyyətə malikdir. Demək olar ki, 350 yunan və 150-dək Roma müəllifinin əksəriyyəti bizə gəlib çatmamış bir çox əsərindən istifadə edilərək yazılmış bu ensiklopedik xarakterli əsərdə Azərbaycanın təbiəti, əhalisi, burada məskunlaşmış tayfaların məişəti haqqında bir sıra çox qiymətli məlumatlar var. Albaniyanın paytaxtı Qəbələnin adının ən ilkin xatırlanması Plininin hesabına bizə gəlib çatmışdır (Plinidə: Kabalaka). O, bu ada, çox güman ki, e.ə. II-I əsrlərdə yaşamış romalı müəllif Varronun əsərlərində rast gəlmişdir. Plininin qaynaqlarından danışarkən qeyd etmək lazımdır ki, bir çox hallarda o özü bu qaynaqların adlarını çəkir və bununla da onun bu və ya digər məlumatının xarakteri və dolğunluq dərəcəsini müəyyənləşdirmək sahəsində tədqiqatçının işini yüngülləşdirir. Plininin istifadə olunan qaynaqlara müəyyən qeyri-tənqidi yanaşmasını və "Təbii tarix"in mətninin pis qorunub saxlanmasını da göstərmək lazımdır. Albaniya və Atropatena, habelə onlarla həmsərhəd bölgələrdə baş vermiş bəzi siyasi hadisələr yunan dilində yazıb-yaradan yəhudi müəllifi İosif Flavinin iki əsərində -
|
Azerbaycan_tarixi_cild_1
| 9
|
"Yəhudi müharibəsi haqqında" və "Yəhudi asari-ətiqələri" əsərlərində öz əksini tapmışdır. Təxminən 37-ci ildə doğulmuş və təxminən 95-ci ildə vəfat etmiş Flavi məşhur kahin nəslinə mənsub olmuş, 63-cü ildən Romada yaşamışdır. Flavinin əsəri orijinal deyildir, onun məlumatlarının çoxu Bibliya və yunan müəlliflərindən götürülmüşdür. Roma dövrü tarixçilərinin hamısından çox tanınanı və məşhuru yunanca yazan Plutarx (46-127-ci illər) olmuşdur. O, çox səyahət etmiş, məhsuldar yazıçı olmuşdur. Məşhur "Müqayisəli tərcümeyi-hallar" əsəri Plutarxa şöhrət gətirmişdir. Aleksandrın, Sullanın, Lukullun, Antoninin və b. tərcümeyi-halları xüsusən qiymətlidir. Plutarxın "İsida və Osiris haqqında" əsəri də bizim üçün mühüm əhəmiyyətə malikdir. Müəllif bu əsərində e.ə. IV əsrdə yaşamış, Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştiliyin müqəddəs kitablarını öyrənən Feopompun ardınca gedərək maqların təlimi və i.a. haqqında maraqlı məlumatlar verir. İçərisində "Annallar" ("Salnamələr") və "Tarixlər" kimi xüsusilə seçilən çoxlu əsərin müəllifi, məşhur romalı tarixçi Korneli Tasit (təxminən 55-117-ci illər) də bizə bir sıra qiymətli məlumat çatdırmışdır. Onun əsərlərinin Romanın Qafqaz ölkələri, o cümlədən Albaniya, habelə Parfiya ilə münasibətlərindən bəhs edilən səhifələri müstəsna dərəcədə mühüm qaynaqdır. Eramızın II əsrində (95-175-ci illər) yaşamış, Vifiniyanın Nikomediya şəhərində doğulmuş, parlaq təhsil almış Flavi Arrianın yunanca yazılmış "Anabazis" ("Aleksandrın yürüşü") əsərində albanlar və Atropatena tarixi barəsində nadir məlumatlar qorunub saxlanılmışdır. Yeddi kitabdan ibarət olan "Anabazis"də xeyli miqdarda müxtəlif növlü qaynaqlardan, o cümlədən rəsmi sənədlərdən (Makedoniyalı Aleksandrın silahdaşı Nearxın məlumatlarından, "Saray jurnalı"ndan və s.) istifadə edilmişdir. "Anabazis"ə əsaslanaraq albanların e.ə. IV əsrin son otuzilliyində tarix səhnəsinə çıxdıqlarını müəyyənləşdirmək və onlar haqqında məlumatı Əhəməni dövləti və Makedoniyalı Aleksandr arasında müharibə ilə əlaqələndirmək mümkün olur. Arrianda Atropatena tarixi üzrə də bir sıra maraqlı məlumatlar var. Albanlar haqqında maraqlı məlumatlara II əsr müəllifi Appianın "Mitridatın müharibələri" adlı məşhur əsərində də rast gəlmək mümkündür. II əsr müəllifi Klavdi Ptolemeyin "Coğrafiya dərsliyi"ndə Azərbaycanın coğrafiyası haqqında xeyli material var. Ptolemey bir çox vilayətlərin, dağların, çayların, keçidlərin, şəhər, iri yaşayış məskənlərinin və xalqların adlarını çəkir. Lakin onun xəritəsində xeyli miqdarda təhrif və uyğunsuzluqlar vardır. Dion Kassi Kokkeianın (təxminən 150-235-ci illər) "Roma tarixi"ndə Atropatena və Albaniya haqqında məlumatlar var. Yunan dilində yazılmış bu əsərin səksən kitabından bütöv şəkildə ancaq iyirmi beşi (XXXVI-LX kitablar) və müəyyən miqdarda fraqmentlər qorunub saxlanılmışdır. Dion Kassinin albanlar və
|
Azerbaycan_tarixi_cild_1
| 10
|
atropatenalıların Roma müdaxiləsinə qarşı mübarizəsini işıqlandıran məlumatları bizim üçün xüsusilə maraqlıdır. II-V əsrlər müəllifləri Eli Qordian, Flor, Dionisi Perieget, Yuli Solin, Elian, Ammian Marsellin, Eli Spartian, Orozi, Bizanslı Stefan və b. əsərlərində Atropatena və Albaniya haqqında bir sıra mühüm məlumatlar var. Antik qaynaqların müstəsna əhəmiyyətinə baxmayaraq, onlara ehtiyatla yanaşmaq lazımdır, çünki antik müəlliflərin məlumatları tez-tez təsadüfi, çox vaxt isə ziddiyyətli xarakter daşımış və heç də həmişə dəqiqliyi ilə fərqlənməmişdir. Qədim Suriya, erməni və gürcü qaynaqlarının da müəyyən əhəmiyyəti vardır. Sovet hakimiyyətinin qurulmasından əvvəl Azərbaycanın qədim tarixi məsələləri ilə tək-tək həvəskarlar məşğul olmuşdular. Rus elmində bu tarixə maraq ancaq Şimali Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra meydana çıxır. XIX əsrin birinci yarısı Azərbaycan tarixşünaslığının ən parlaq siması və əslində ilk Azərbaycan tarixçisi, "Gülüstani-İrəm"in müəllifi, antik, Şərq, Qərbi Avropa və rus qaynaqları və ədəbiyyatı əsasında ən qədim dövrlərdən əsrin əvvəllərinədək Azərbaycan tarixinin xülasəsini verməyə cəhd göstərmiş A.Bakıxanov olmuşdur. Qafqaz Albaniyasına həsr olunmuş ilk məqalələrdən biri Derpt Universitetinin professoru F.Kruzenin 1835-ci ildə "Xalq Maarifi Nazirliyinin jurnalı"nda çap olunmuşdur. Müəllif öyrənilən diyarın keçmişini dərk etmək üçün arxeoloji tədqiqatların əhəmiyyətini qeyd edərək, ölkənin zənginliklərini canlı boyalarla işıqlandırır, onun Rusiya üçün iqtisadi əhəmiyyətindən və s. danışır. "Ensiklopediya leksikonu"nun (1835-ci il) birinci cildində "Qədim Asiya Albaniyası" adlı qısa qeyd çap olunmuşdur. Qədim Qafqaz Albaniyasına həsr edilən öz dövrü üçün ilk ciddi tədqiqat rus alimi A.Yanovskinin 1846-cı ildə "Xalq Maarifi Nazirliyinin jurnalı"nda dərc edilmiş "Qədim Qafqaz Albaniyası haqqında" əsəri olmuşdur. Burada antik və ilk orta əsrlər müəlliflərinin Albaniya haqqında məlumatları toplanılmış və təhlil edilmiş, ölkənin qədim toponimlərinin müəllif üçün müasir olan coğrafi adlarla tutuşdurulmasına və s. cəhd göstərilmişdir. A.Yanovskidə xeyli maraqlı fikirlər var, lakin onun müddəa və nəticələri heç də həmişə danışıqsız qəbul edilə bilməz. Akademik B.A.Dornun 1875-ci ildə dərc edilmiş "Kaspi. Qədim rusların Təbəristana yürüşləri haqqında" adlı sanballı əsərinə daxil edilmiş "Qədim Albaniya Ptolemeyə görə" məqaləsi polemik ruhda yazılmışdır. İ.Şopenin "Qafqazın qədim tarixlərinə dair yeni qeydlər" kitabındakı (SPb, 1866) "Aqvaniya, Albaniya və Çoğa" bölməsi buradakı baxışların səthiliyi üzündən zəifdir. Müəllif öz mülahizələrində mövzuya əsil elmi yanaşmadan uzaqdır.
|
Azerbaycan_tarixi_cild_1
| 11
|
XIX əsrin son otuzilliyindən başlayaraq Şimali Azərbaycan ərazisində ilk epizodik arxeoloji qazıntılar aparılmağa başlanmışdır. Onlar E.A.Ressler tərəfindən başlanmış, sonralar J. de Morqan, Q.O.Rozendor, V.A.Skinder və b. tərəfindən davam etdirilmişdir. Azərbaycanın, o cümlədən Qafqaz Albaniyasının qədim tarixinin öyrənilməsinə Qərbi Avropa alimləri K.İ.Noyman, A.Herrman, V.Tomaşek, Y.Markvart, Q.Hübşman, T.Nöldeke və b. müəyyən töhfə vermişlər. Xüsusi olaraq Manna tarixinə həsr edilmiş ilk tədqiqat K.Belkin 1884-cü ildə çapdan çıxmış məqaləsi olmuşdur. Qədim İran tarixinə həsr olunmuş ümumi əsərlərdə, yaylanın etnik tarixinin bu və ya digər aspektini, qədim dillərini, burada mövcud olmuş dinləri nəzərdən keçirən xüsusi tədqiqatlarda Cənubi Azərbaycanın tarixi coğrafiyası, etnik və dil mənzərəsi, ümumiyyətlə, qədim tarixi problemlərinin aydınlaşdırılması üçün az iş görülməmişdi. Bunlar F.Şpigel, H.Ravlinson, F.Yusti, H.Vinkler, Y.Praşek, E.Meyer, Q.Hüzinq, M.Ştrek, Y.Markvart, F.Türo-Danjen və b.-nın əsərləridir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra qədim tarix üzrə elmi tədqiqatlar aparılmağa başlandı. 1920-ci ildə Azərbaycan Dövlət Muzeyi yaradıldı. Respublika hökumətinin vəsatəti nəticəsində Tbilisi, Moskva və Leninqrad muzeylərində saxlanılan Azərbaycan tarixinə aid qiymətli eksponatlar 1924-cü ildə bu muzeyə verildi. 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Elə həmin ildə onun tarix-etnoqrafiya bölməsi üzvlərinin təşəbbüsü ilə sonralar (1927-ci ildə) "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi" (Azkomstaris) adlandırılmış Arxeologiya Komitəsi təşkil olunur. Qısa müddət ərzində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın arxeoloji-etnoqrafik tədqiqi, onun qədim tarixinin öyrənilməsi üzrə geniş və məqsədyönlü fəaliyyətə başlayaraq, əslində iri elmi mərkəzə çevrilən Azərbaycan Dövlət Muzeyinin "Materialları"nda, Azkomstarisin "Xəbərlər"ində, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin "Xəbərlər"i və "Əsərlər"ində ilk ciddi tədqiqatlar, o cümlədən diyarın qədim tarixi üzrə də xeyli materiallar dərc olundu. İyirminci illərdə respublikada artıq müntəzəm arxeoloji qazıntılar aparılırdı. Azərbaycanın qədim tarixinin öyrənilməsinin formalaşması və inkişafı rus elminin nümayəndələri - Azərbaycanın, ilk qədim dövr tarixçilərinin müəllimləri ilə sıx əməkdaşlıq şəraitində gedirdi. Akademiklər N.Y.Marr, V.V.Bartold və İ.İ.Meşşaninovun, habelə T.S.Passek, B.A.Latınin, A.A.Miller, B.V.Miller, A.A.İessen, Y.A.Paxomov, V.M.Sısoyev və b.-nın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Elə bu illərdə elmə milli kadrlar - R.İsmayılov, D.M.Şərifov, A.K.Ələkbərov, İ.İ.Əzimbəyov, İ.M.Cəfərzadə, S.M.Qazıyev və b. gəlir.
|
Azerbaycan_tarixi_cild_1
| 12
|
Azərbaycan tarixi sahəsində tədqiqat işi lap əvvəldən özünün fərqli xüsusiyyətlərinə malik idi. Uzaq keçmiş və ilkin orta əsrlərin yerli yazılı qaynaqlarının demək olar ki, olmaması üzündən bu başlanğıc dövründə Azərbaycanın qədim tarixi sahəsində bütün axtarışlar sırf arxeoloji istiqamət daşıyırdı. Artıq ilk böyük arxeoloji ekspedisiyalar Dağlıq Qarabağ və Naxçıvan zonalarında, Gəncə zolağında, Mil düzündə, Lənkəranda, Yaloylutəpədə, Nuxa qəzası, Qəbələ və b. rayonlarda xeyli gözlənilməz və maraqlı əşyalar aşkara çıxarmış, elm qarşısında hələ tam həll olunmamış bir sıra yeni, mühüm problemlər qoymuşdu. O dövrdə mixi yazılar və digər qaynaqlardakı, habelə antik müəlliflərin əsərlərindəki məlumatlara lazımi diqqət yetirilmirdi. Hər halda bu qaynaqlar, xüsusən də Şərq qaynaqları, məhz, Azərbaycan tarixinin öyrənilməsi baxımından hələlik xüsusi tədqiqat obyektinə çevrilməmişdi. Bu baxımdan Y.İ.Meşşaninov və I.A.Paxomovun əsərləri müəyyən istisnalıq təşkil edir. Azərbaycanın qədim tarixinin öyrənilməsinin bu mərhələsini bütövlükdə səciyyələndirərkən məlum olur ki, alimlər demək olar ki, boş yerdə işə başlamalı olurdular. Lakin məhz bu illərdə sonralar elmdə Azərbaycanın qədim tarixi kimi bölməni fərqləndirməyə imkan verən tədqiqatlar və elmi istiqamətlərin bünövrəsi qoyulmuşdur. Bu, Azərbaycanın qədim tarixi səhifələrinin canlandırılmasına imkan yaradan faktların sistemləşdirilməsinin, yeni faktların əldə olunması və "oxunması"nın (əsasən arxeoloji qazıntıların köməyi ilə) intensiv bir dövrü idi. Respublikanın qədim tarixinə ilk dəfə bütün qədim tarixin geniş fonunda, qonşu və uzaq ölkələrin tarixi ilə az və ya çox sıx əlaqəli şəkildə baxılmağa başlanır. Beləliklə, 20-ci illər alimlər nəslinin əməyi sayəsində bərpa edilən qədim Azərbaycan tarixi tədricən Ön Asiyanın Qədim Şərq ölkələri tarixi aləminə daxil olmağa başlayır. Azərbaycan arxeologiyasının banilərindən biri İ.İ.Meşşaninov 20-30-cu illərdə diyarın arxeologiyası və qədim tarixi üzrə bir sıra tədqiqatlar, habelə işin nəzəri vəzifələrinə və perspektivlərinə, metodoloji səhvlərinə və nailiyyətlərinə həsr olunmuş məqalələr nəşr etdirmişdir. Alim arxeoloji axtarışlarda etnoqrafik materialdan istifadə edilməsinə xüsusi məqalə həsr etmişdir. Milli kadrların hazırlanması işində də İ.İ.Meşşaninovun xidmətləri böyükdür. 20-ci illərdə Azərbaycanda ümumiləşdirici əsərlər - Azərbaycan tarixi üzrə ümumi kurslar nəşr edilmişdir. Bu "kurslar" və "oçerklər"də qədim tarixə də nəzərə çarpacaq dərəcədə yer ayrılırdı. Bunlar Y.A.Paxomovun "Azərbaycan tarixinin qısa kursu", R.İsmayılovun "Azərbaycan tarixi", V.M.Sısoyevin "Azərbaycan (Şimali) tarixinin qısa oçerki" və "Azərbaycan (Şimali) tarixinin ilkin oçerki" əsərlərindən ibarətdir. T.S.Passekin və B.A.Latıninin qələminin məhsulu olan, arxeoloji materiallarla zəngin "Şimali Azərbaycanın tarixə qədərki dövrü oçerki"ni də bu əsərlər seriyasına aid etmək mümkündür.
|
Azerbaycan_tarixi_cild_1
| 13
|
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında Azərbaycan MİK yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat institutu (ADETİ) yaradıldı. V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşşaninov, M.N.Pokrovski, A.N.Samoyloviç, A.O.Makovelski, A.R.Zifeld, A.Saar və b. görkəmli rus alimlərinin əməyi ADETİ-nin Tarix şöbəsinin işinə müsbət təsir göstərmişdir. Ə.S.Qubaydulin, V.Xuluflu, B.Çobanzadə, Ə.Haqverdiyev, M.Quliyev, Q.Cəbiyev, M.Şahbazov və C.Nağıyevin fəaliyyəti də səmərəli olmuşdur. 20-ci illərin sonu və 30-cu illərdə həm rus (N.Y.Marr, S.V.Yuşkov, A.Y.Krımski, N.İ.Anserov və b.), həm də Zaqafqaziya respublikalarından olan alimlər (A.Q.Şanidze və b.) Azərbaycanın tarixi, etnoqrafiyası, arxeologiyası və antropologiyasının öyrənilməsi sahəsində böyük iş aparırdılar. Bu illərdə N.İ.Anserovun Azərbaycan əhalisinin antropoloji cəhətdən öyrənilməsinə həsr olunmuş məqalələri, akademik A.Y.Krımskinin Qafqaz Albaniyasının tarixinə dair əsərləri nəşr edilir. S.V.Yuşkov Qədim Albaniyanın sərhədləri məsələsinin tədqiqi ilə məşğul olur. Akademik A.Q.Şanidze Qafqaz albanlarının yeni kəşf edilmiş əlifbası barəsində çox qiymətli - əsil epoxal əsər nəşr etdirir. Albaniyanın qədim tarixi problemlərinin dərk olunması üçün Y.İ.Krupnovun Qayakənddəki son tunc dövr qəbir abidəsinə həsr olunmuş məqaləsi də mühüm əhəmiyyətə malik idi. SSRİ EA Zaqafqaziya filialının nəzdində yaradılmış SSRİ EA Azərbaycan filialının tərkibində 1936-cı ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu təşkil olundu. İnstitut elmi axtarışları Azərbaycan xalqının tarixi, onun maddi mədəniyyətinin problemləri üzərində cəmləşdirdi. Y.A.Paxomovun tərtib etdiyi, tərkibinə Azərbaycan tarixi üzrə mixi yazılı, antik və Bizans qaynaqları daxil edilən "Azərbaycan tarixi üzrə mənbələrin icmalı" çox mühüm işlərdəndir. Bu illərdə xaricdə X.S.Nüberq, E.Hersfeld, A.T.Olmsted, C.Kemeron və b.-nın məzmunlu əsərləri çapdan çıxmışdır. Bu alimlər həmin əsərlərində diyarımızın qədim tarixinin ayrı-ayrı məsələlərinə toxunurdular. Almaniyada nəşr olunan məşhur "Arshaeologische Mitteilungen aus Iran" seriyasından çoxlu maraqlı məlumatlar aşkara çıxarmaq mümkündür. 1941-ci ildə Vətən müharibəsi ərəfəsində elmi-kütləvi "Azərbaycan tarixi (qısa oçerk)" nəşr edilmişdi. Böyük Vətən müharibəsindən sonra diyarın qədim tarixi məsələlərinə maraq daha da artmış, tədqiqat işi xeyli genişlənmişdi. Lakin müharibədən sonrakı ilk illər ərzində bu istiqamətdə əsas yeri hələ də arxeoloji axtarışlar tuturdu. Cənubi Azərbaycan ərazisində yaxın vaxtlaradək arxeoloji qazıntılar, demək olar ki, aparılmırdı. J. de Morqanın İran Talışına ekspedisiyasından sonra Cənubi Azərbaycanın cənub vilayətlərində arxeoloji kəşfiyyat işlərini 1936-cı ildə A.S.Steyn aparmışdı. 1940-cı ildə E.F.Şmidt qədim məskənlərin aerofotosunun çəkilişini
|
Azerbaycan_tarixi_cild_1
| 14
|
aparmış, elə həmin ildə İran Arxeologiya İdarəsi xırda qazıntılar aparmağa cəhd göstərmişdi. Diyarın qədim tarixinin öyrənilməsi üçün Aşşur (Assuriya) kitabələrinin 1926-1927-ci illərdə amerikalı D.D.Lakenbill tərəfindən toplu nəşri və Urartu kitabələrinin 1956-1957-ci illərdə Avstriya alimi F.Köniq tərəfindən hazırlanmış nəşri mühüm əhəmiyyətə malikdir. Urartu kitabələrinin tam külliyyatı, onların rus dilinə tərcüməsi və izahatları Q.A.Melikişvili tərəfindən nəşr etdirilmişdir ["Urartu mixi kitabələri", M., 1960]. 1955-ci ildən "Ümumdünya tarixi"nin cildləri çapdan çıxmağa başladı. SSRİ Elmlər Akademiyası tərəfindən nəşr edilən bu sanballı əsər "marksist tarix ədəbiyyatında bəşəriyyətin ən qədim zamanlardan müasir dövrümüzədək keçdiyi yolu işıqlandıran ümumi əsər" [I c, s. 5] kimi nəzərdə tutulmuşdu. 1955-1956-cı illərdə çapdan çıxmış I və II cildlər ibtidai icma cəmiyyəti və qədim dünya tarixinə həsr edilmişdir. Təəssüf ki, konkret materialların çatışmaması üzündən Azərbaycanın ən qədim tarixi I cilddə özünün əsil dərin elmi əksini tapmamışdır. Eneolit dövrü və Tunc əsri çox səthi verilmişdir. Bu nəşrdə Manna tarixi özünə layiq yer tapa bilməmişdi, II cilddə Qafqaz Albaniyasının da bəxti gətirməmişdir. Onun tarixinin xəsiscəsinə işıqlandırılması zamanı bir sıra səhv müddəalar da irəli sürülmüşdür; məsələn, iddia olunur ki, antik dövr Albaniyasında təsərrüfatın üstün forması köçəri maldarlıq idi. E.ə. I əsrin ortalarına yaxın Albaniyanın müasir Kaxetiyanın bir hissəsini tutması barəsindəki iddia da düzgün deyil. Bu ərazi alban tayfalarının yayıldığı zona olmuşdur. Albaniyada məbəd "knyazlığı"ndan da çətin danışmaq olar. 1946-1953-cü illərdə S.M.Qazıyevin rəhbərliyi altında Mingəçevir SES-in tikintisi rayonunda aparılan, öz miqyasına görə çox böyük, çoxillik arxeoloji qazıntılar bizim üçün olduqca əhəmiyyətlidir. Ekspedisiya ilk tunc dövründən tutmuş orta əsrlərədək olan dövrə aid zəngin material aşkar etmişdir. Bu materialların içərisində son tunc və ilk dəmir dövrünün çoxlu abidəsi, skif qəbirləri, iki yüzdən artıq katakomba, çoxlu küp qəbirləri vardır. Habelə alban kitabələrinin fraqmentləri, xeyli paleoantropoloji material və s. var. Bu materialların bir hissəsi Albaniyanın Ön Asiya ölkələri ilə əlaqələri barəsində danışmağa imkan verir. 40-cı illərin sonlarından Qobustan qayaüstü rəsmlərinin öyrənilməsinə başlanılmış, burada imperator Domisian dövrünün latın kitabəsi də aşkar edilmişdir. Qobustanın ilk tədqiqatçısı İ.M.Cəfərzadə olmuşdur. Onun işini C.Rüstəmov və F.Muradova davam etdirirlər. 1949-cu ildə B.B.Piotrovskinin mühüm əhəmiyyətə malik olan "Zaqafqaziya arxeologiyası" əsəri nəşr olunmuşdur. Bu əsərdə Cənubi Qafqazın ibtidai icma dövrü abidələrinin şərhi verilmiş, geniş ümumiləşdirmələr aparılmışdır.
|
Azerbaycan_tarixi_cild_1
| 15
|
Respublikada arxeoloji tədqiqatların genişləndirilməsi ilə əlaqədar 50-ci illərin əvvəllərində görkəmli rus alimləri A.A.İessen, S.N.Zamyatnin, V.V.Bunak və b. Bakıya dəvət olunurlar. Onlar yerli kadrlar sırasından mütəxəssislər hazırlanması işinin təşkilində səmərəli fəaliyyət göstərdilər. Respublikanın arxeoloji cəhətdən öyrənilməsi işində SSRİ EA Arxeologiya İnstitutu və Azərbaycan EA Tarix İnstitutunun 1953-cü ildə A.A.İessenin rəhbərliyi altında təşkil edilmiş birgə ekspedisiyası mühüm əhəmiyyətə malik olmuşdur. İngilis alimi T.Berton Braunun 1948-ci ildə Göytəpədə (Urmiya gölündən qərbdə) apardığı qazıntılar çox qiymətli material verdi. Aşkara çıxarılmış təbəqələrdən ən qədimləri, görünür, e.ə. IV minilliyə aiddir. Bu təbəqələrdə gil evlərin qalıqları, çoxlu alət və keramika, müəyyən qədər silah və i.a. tapılmışdır. E.ə. III minilliyə aid olan "K" təbəqəsində çoxlu keramika olmuş, mis məmulatlar geniş yayılmışdır. Kutilərə mənsub olması şübhə doğurmayan Göytəpə mədəniyyəti İran yaylasının digər mədəniyyətlərindən fərqlənir və Zaqafqaziyanın eneolit və ilk tunc dövrü abidələrinə yaxındır. 40-cı illərin sonunda Mannanın ərazisində aşkara çıxarılan, elmdə "Saqqız" və ya "Zivyə" dəfinəsi kimi məşhur olan, şərhinə R.Qirşman, A.Qodar, R.Barnet, B.B.Piotrovski, S.İ.Rudenko, V.Q.Lukonin və b. əsərləri həsr edilmiş zəngin xəzinə xüsusi maraq doğurur. E.ə. IX-VII əsrlərə aid olunan bu dəfinə, görünür, "qarışıq dövrü" - bir tərəfdən Mannanın köhnə düşmənlərinin müdaxiləsinin gücləndiyi, digər tərəfdən isə buraya köçəri qrupların soxulmağa başladığı dövrü əks etdirir. Bəzi müəlliflərin fikrincə, dəfinənin materialları məşhur skif "vəhşi" üslubunun, dəst-xəttinin məhz Manna ərazisində meydana çıxdığını, sonradan Ön Asiya və Cənubi Rusiyaya yayıldığını güman etməyə imkan verir. 50-ci illərin əvvəllərində S.M.Zamyatninin rəhbərliyi altında respublika ərazisində daş dövrünün öyrənilməsinə başlanmış, bu iş M. M.Hüseynov tərəfindən müvəffəqiyyətlə davam etdirilmişdir. Aveydağdakı mağaranın, qaya sığınacağının tədqiqi ilk inandırıcı paleolit materiallarını - Mustye dövrü və son paleolitə aid olan məlumatları aşkara çıxardı. Daşsalahlı və Tağlar mağaralarında da paleolit materialları aşkar edildi. M.M.Hüseynov tərəfindən kəşf edilmiş paleolit abidələri içərisində öyrənilməsinə 1960-cı ildə başlanmış Azıx mağarası xüsusi yer tutur. Mağaralarla yanaşı, bir sıra məntəqələrdə açıqtipli düşərgə yerləri tapıldı. Tədqiqatlar nəticəsində mühüm paleolit abidələri - Kiçik Qafqazın, demək olar ki, bütün şərq dağətəyi rayonunda, Kür vadisində yayılmış mağara düşərgələri müəyyənləşdirildi. Son otuz ildə aşkara çıxarılmış paleolit materiallarının öyrənilməsi belə bir iddiaya imkan verir ki, Azərbaycan ərazisində hələ ən azı 1,5 mln il, bəlkə ondan da əvvəl insan yaşamışdır. Bu materiallar bir sıra digər məlumatlarla birlikdə belə güman
|
Azerbaycan_tarixi_cild_1
| 16
|
etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk vətəninin hüdudları daxilində olmuşdur. Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzində bu mədəniyyətin təkamül mərhələlərini izləmək imkanı vermişdir. Bu kompleks ilk dəfə olaraq Qafqazın Ön Asiya vilayətləri ilə qədim mədəni əlaqələrini müəyyənləşdirmək üçün etibarlı faktik material vermişdir. Qeyd edək ki, Orta Paleolit dövrü Ə.Cəfərov tərəfindən müvəffəqiyyətlə tədqiq edilir. Azərbaycan ərazisində Üst Paleolit xeyli zəif öyrənilmişdir. Bu dövrə aid olan materiallar Damcılı və Tağlar mağarasında, habelə Qazax rayonundakı açıqtipli Yataqyeri düşərgəsində tapılmışdır. Azərbaycan arxeoloqları mezolit və neolit dövrünün bəzi abidələrini Qazax rayonunda, Qobustan zonasında, Gəncə yaxınlığında (ancaq neolit) aşkara çıxarmağa nail olmuşlar. Mezolit ve neolit bəşər tarixinin mühüm mərhələləridir. Bu mərhələlərin abidələrinin tədqiqi Azərbaycanda və bütövlükdə Zaqafqaziyada istehsal xarakterli təsərrüfatın - əkinçilik və maldarlığın başlanğıc mənbəyini əsil mənada öyrənməyə imkan verəcəkdir. Bizim arxeoloqlarımız tərəfindən eneolit dövrünün qədim əkinçi-maldar tayfalarına aid olan bir sıra abidələri aşkara çıxarılmışdır. Bu işin ilkin mərhələsi O.A.Həbibullayevin adı ilə bağlıdır. Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə məskəninin aşağı təbəqəsindəki qazıntı Qafqaz arxeologiyasında yeni səhifə açmış, Zaqafqaziya eneoliti və ilkin əkinçilik mədəniyyətinin öyrənilməsinin əsasını qoymuşdur. Kültəpə qazıntıları, habelə Azərbaycanın digər rayonlarında, Gürcüstan, Ermənistan və Dağıstanda aşkara çıxarılan bir sıra ən qədim oturaq əkinçiliyə aid abidələr e.ə. VI-III minilliklərdə Zaqafqaziyada mədəni-tarixi proses barəsində bizim təsəvvürlərimizi xeyli dəyişir. Bu qazıntılar nəticəsində keçmiş SSRİ-nin cənubunda Orta Asiya və Şimali Qara dəniz sahili mərkəzləri ilə yanaşı, daha bir qədim ilkin əkinçilik mədəniyyəti mərkəzini - Qafqaz mərkəzini müəyyənləşdirmək mümkün oldu. Hazırda Azərbaycan Respublikası ərazisində yüzdən çox ilkin əkinçilik abidələri aşkara çıxarılmışdır. Onlar Kür hövzəsi, Mil-Qarabağ düzü, Muğan və Araz zonasında qeydə alınmış və xeyli dərəcədə öyrənilmişdir. Onların tədqiqində başlıca rol İ.H.Nərimanova məxsusdur. Cənubi Azərbaycanda da çox maraqlı ilkin əkinçilik kompleksləri qrupu məlumdur. Naxçıvan MR və Kiçik Qafqazın cənub-şərq ətəklərində - Qaraköpəktəpə, Günəştəpə, Leylatəpəsi, Ovçulartəpəsi və b. yerlərdəki qazıntılar tuncdan istifadənin başlanğıcında Azərbaycan ərazisindəki qədim tayfaların mədəni-tarixi inkişafının
|
Azerbaycan_tarixi_cild_1
| 17
|
düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qafqaz tayfaları ilə, Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini aşkara çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir. Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında və b. yerlərdə aşkara çıxarılmış orta tunc dövrü materialları maraqlıdır. Azərbaycanın orta tunc dövrünü V.H.Əliyev tədqiq edir. Son tunc və ilkin dəmir dövrləri mədəniyyətini səciyyələndirən materiallar da çoxdur. Skif və Əhəməni dövrlərinin və b. materialların öyrənilməsi üçün də az iş görülməmişdir. 50-ci illərdən başlayaraq antik Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsi sahəsində intensiv iş aparılır. Bu zaman qədim şəhər yerləri və qəbir abidələrinin tədqiqinə xüsusi diqqət yetirilir. Qazax, Xınıslı (Şamaxı yaxınlığında), antik Qafqaz Albaniyasının baş şəhəri olan Qəbələ (Qəbələ rayonunda) zonalarında və i.a. yerlərdə qazıntılar aparılmış və əldə edilən materiallar öyrənilmişdir. Arxeoloji ekspedisiyalar tərəfindən xüsusi və xülasə xarakterli əsərlərdə nəşr olunmuş xeyli material toplanılmışdır. Bu sahədə İ.Əliyev, S.M.Qazıyev, Ö.T.İsmizadə, Q.M.Aslanov, İ.A.Babayev, C.A.Xəlilov, F.A.Osmanov, F.Z.Qədirov və b. böyük xidməti var. Lakin əldə olunmuş materialın xeyli hissəsi hələ də tarixi şərhini gözləyir. Qəbələ qazıntıları, habelə digər qədim şəhər yerlərində aparılan kəşfiyyat işləri nəticəsində antik Albaniyadakı urbanizasiya prosesinin ümumi cizgiləri müəyyənləşməyə başlayır. Müəyyən edilmişdir ki, bəzi məskənlər məhz ilkin hellinizm dövründə Alban dövlətinin meydana çıxması zamanı şəhərlərə çevrilmişdir. Bu şəhərlər ölkənin siyasi-iqtisadi və mədəni mərkəzləri olmuşlar. 50-ci illərdən etibarən respublikada Azərbaycanın qədim tarixinin öyrənilməsi sahəsində elmi tədqiqatların problematikası xeyli genişlənir. Mixi yazılı abidələrin, Avestanın, antik müəlliflərin və digər yazılı qaynaqların tədqiqinə maraq artır. Azərbaycanın qədim tarixinin tədqiqindəki uğurlara görə biz akademik V.V.Struveyə borcluyuq. Azərbaycan tarix elmində elə ilk addımlarından respublikanın aparıcı elm və mədəniyyət xadimləri tərəfindən müdafiə olunan bu yeni istiqamətin meydana çıxmasının özü ilk növbədə Azərbaycan ərazisində sinfi cəmiyyətlər və dövlətlərin meydana çıxması və inkişafı ilə, Azərbaycan xalqının etnogenezi, etnik tarixi və qədim mədəniyyətinin məsələləri ilə bağlı olan köklü, ümumi və xüsusi problemlərini aydınlaşdırmaq məqsədi daşıyırdı. Azərbaycan ərazisində və onunla həmhüdud rayonlarda ilk dövlət qurumları olmuş Madanın (Midiya), bir qədər sonra isə Albaniya və Manna tarixinin tədqiqinə başlanıldı. Sovet elmində Azərbaycan xalqının tarixi ilə sıx surətdə bağlı olan müstəqil mövzu kimi Mada (Midiya) tarixi ilə ilk dəfə İ.H.Əliyev məşğul olmuşdur. O, 1951-ci ildə "Mada tarixinin qısa oçerki"ni Azərbaycan dilində nəşr etdirmişdir. Burada
|
Azerbaycan_tarixi_cild_1
| 18
|
Mada cəmiyyəti tarixinin ilkin konsepsiyasının verilməsinə, Mada dövlətinin yarandığı dövrdəki tarixi şəraitin göstərilməsinə cəhd edilmişdir. Müəllif ictimai münasibətlərə xüsusi diqqət yetirir, sülalə tarixini bərpa etməyə cəhd göstərir, madalıların Aşşur (Assuriya) dövləti ilə mübarizəsinə böyük yer verir, madalıların mədəniyyət tarixi məsələlərini nəzərdən keçirir. 1956-cı ildə "Azərbaycanın qədim tarixi üzrə oçerklər" nəşr edilmişdir ki, burada İ.Əliyev madalıların tarixəqədərki və tarixi məsələlərinə, onların etnogenezinə, İran yaylasının qərb vilayətlərinin ən qədim sakinlərinin dillərinə, Manna tarixinə xüsusi diqqət yetirir. 50-ci illərin tarix elmində Mada problematikası ilə yanaşı, "Avesta"nın öyrənilməsinə də müəyyən diqqət yetirilirdi. 50-ci illərin başlanğıcı və ortalarında Azərbaycanın qədim tarixi sahəsində aparılan tədqiqat işlərinə ümumi qiymət verərkən qeyd etməmək olmaz ki, bu iş müəyyən dərəcədə birtərəfli aparılırdı; burada Mada tarixi problemlərinə maraq açıq-aşkar hər şeyi üstələyir ki, bu da Manna, Atropatena və Albaniya tarixi ilə bağlı olan mövzuları arxa plana çəkmişdi. Tədqiqatçılar Azərbaycanda məskunlaşmış qədim tayfaların sosial-iqtisadi problemlərini əslində kölgədə qoyaraq, əsasən siyasi tarixlə məşğul olurdular. Göstərilən dövrün əsərlərində Azərbaycanın qədim sakinlərinin etnik tarixinin ayrı-ayrı məsələləri hərtərəfli işıqlandırılmamışdır. Eyni zamanda 50-ci illərin başlanğıcı və ortaları tədqiqat işlərinin yüksək gərginliyi, axtarışlara böyük həvəslə əlamətdardır. Bu, bizim tarix elmimizin daha da inkişaf etdiyi dövrdür. Bir çox tarixçi və arxeoloqlarımızın səyi sayəsində Azərbaycanın qədim tarixi Qədim Şərq ölkələri tarixi çərçivəsinə daxil edilir. Xarici ölkə alimlərinin tədqiqatları da əhəmiyyətlidir. Arazdan o yandakı ərazilərdə aparılan qazıntılar rəngarəng və qiymətli materiallar verdi. Burada İran, ABŞ, İngiltərə, AFR, Yaponiya, Belçika və başqa ölkələrin institutları, arxeoloji missiyaları tədqiqatlar aparır və öz qazıntılarının materiallarını müntəzəm olaraq çap etdirirlər. Yanıqtəpə, Pişdəlitəpə, Dingətəpə, Dəlmətəpə, Dəyləmən, Marlik, Kaluraz, Həsənlitəpə və b. obyektlərdə aparılmış qazıntılar böyük əhəmiyyət kəsb edir. Bu qazıntıların materialları C.Barney, M. Van Lun, Y.V.Klays, O.Muskarella, R.Girşman, L.Vanden Berge, S.Fukay, S.Masuda, T.Sono və b. tərəfindən dərc edilmişdir. Mədəni layları e.ə. IV minillikdən islamaqədərki dövrü əhatə edən Həsənlidəki qazıntılar böyük maraq doğurur. Burada qazıntılar 1956-cı ildən R.Daysonun rəhbərliyi altında Pensilvaniya Universiteti və İran Arxeologiya İdarəsinin birgə ekspedisiyası tərəfindən aparılmağa başlanmışdır. Həsənlinin arxeoloji materialı Cənubi Azərbaycanın qədim tarixinin öyrənilməsi üçün çox böyük əhəmiyyətə malikdir. Bu qazıntılar bizə təpə sakinlərinin təsərrüfat həyatının müxtəlif sahələri, sənətkarlıq istehsalı, şəhərsalma, incəsənəti və
|
Azerbaycan_tarixi_cild_1
| 19
|
s. haqqında mühakimə yürütmək imkanı verir. Həsənlidə üzərində mifoloji təsvirlər olan, barəsində çox yazılmış məşhur cam da tapılmışdır. Marlik və Kalurazdakı qazıntılar, habelə Amlaşdakı təsadüfi tapıntılar maraqlı materiallar vermişdir. Marlikdəki qədim qəbiristanlıq 1961-1962-ci illərdə E.O.Negahbanın rəhbərliyi altında Tehran Universiteti və İran Arxeologiya Xidmətinin ekspedisiyası tərəfindən qazılmışdır. E.O.Negahban ancaq ilkin hesabat və bir neçə məqalə dərc etdirmişdir. Materialın məhdudluğuna, habelə mühüm metodik qüsurlara və s. baxmayaraq, Marlik haqqında indi ümumi təsəvvür əldə etmək mümkündür. Güman edirlər ki, bu, "Marlik şahlığı"nın şah qəbiristanlığıdır. Nekropolun səciyyəvi xüsusiyyəti çox zəngin dəfn avadanlığı və basdırılmış atlardan ibarətdir. Qəbiristan e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid edilir. Luristan, Türkmənistanın cənub-qərb vilayətləri və Talış, habelə Şərqi və Mərkəzi Zaqafqaziyada Marlik materialına oxşar materiallar vardır. 60-cı illərin əvvəllərində Cənubi Azərbaycan ərazisində geniş kəşfiyyat işləri aparılmağa başlandı. K.Şippmann və V.Klays bu kəşfiyyat işlərinin daimi iştirakçıları olmuşlar. Əli Hakiminin rəhbərliyi altında İran Arxeologiya Cəmiyyəti tərəfindən 1967-ci ildən başlayaraq Kalurazda aşkara çıxarılmış e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aid olan abidələr antik müəlliflərə görə, Səfidrud çayı vadisində məskunlaşmış mardlarla bağlıdır. Marlikdə olduğu kimi, burada da basdırılmış at skeletləri tapılmışdır. Yapon arxeoloqlarının Deyləməndəki qazıntıları maraqlı material vermişdir. O cümlədən Şimali Qafqaz və Mingəçevir zonasının alan katakombaları ilə əlaqələndirilən bir sıra maddi mədəniyyət abidələri olan katakomba qəbirləri aşkara çıxarılmışdır. Yeri gəlmişkən, alanların Atropatenaya yazılı qaynaqlarda xatırlanan basqınları zamanına görə N.Eqami və b. tərəfindən dərc olunmuş Deyləmən katakomba qəbirləri ilə sinxrondur. Yazılı qaynaqlarda nisbətən yaxşı əks olunmuş Cənubi Azərbaycan vilayətlərinə Urartu müdaxiləsi son illərdə arxeoloji cəhətdən də qədim qalalar və digər obyektlərin qazıntıları ilə təsdiq olunmuşdur. Lakin elə həmin qazıntılardan məlum olur ki, urartuluların Urmiyayanı və qonşu rayonlara soxulması müvəqqəti olmuşdur. Bu materialların xeyli hissəsi "Arshaeologische Mitteilungen aus Iran"ın müxtəlif cildlərində nəşr olunmuşdur. Cənubi Azərbaycanın qərb rayonlarının qədim maddi mədəniyyət abidələrinin geniş xülasəsi V.Klays tərəfindən verilmişdir. V.B.Henninq, J.Dümezil, H.V.Beyli, İ.Gerşeviç, M.Mayrhofer, R.Şmit, M.Boys, A.Videnqren, A.Kammenhuber, J.Düşen-Giyemin, R.Fray, V.İ.Abayev, M.M.Dyakonov, İ.M.Dyakonov, M.A.Dandamayev, V.Q.Lukonin, E.A.Qrantovski,
|
Azerbaycan_tarixi_cild_1
| 20
|
İ.H.Əliyev və b. son iyirmi-otuz ildə nəşr olunmuş tədqiqatları bizim mövzunun ayrı-ayrı aspektləri üçün müstəsna əhəmiyyətə malikdir. Görkəmli rus iranşünası M.M.Dyakonovun qələminə məxsus olan "Qədim İran tarixinin oçerki"ndə bizi maraqlandıran süjetlər üzrə qiymətli məlumatlar səpələnmişdir. 1970-ci ildə E.A.Qrantovskinin bizim mövzu ilə birbaşa əlaqəsi olan "Ön Asiyanın İran tayfalarının ilkin tarixi" adlı monoqrafiyası çapdan çıxmışdır. E.A.Qrantovskinin tədqiqatı bizə Vətənimizin qədim tarixinin bir sıra əsaslı məsələlərinə yeni nəzərlərlə baxmaq imkanı verir. Müəllifin Şimal-Qərbi İran vilayətlərində irandilli tayfaların əvvəllərdə düşünüldüyündən daha qabaq meydana çıxdığını iddia etməyə imkan verən əsaslandırılmış fikri çox böyük əhəmiyyətə malikdir. Moskva Universiteti nəşriyyatı tərəfindən 1977-ci ildə buraxılmış "İran tarixi" qabaqkı əsərlərdən fərqlənir. Kitabda son arxeoloji qazıntıların verdiyi məlumatlardan istifadə olunmaqla, bölgənin ilkin qədim tarixinin yığcam, məzmunca zəngin oçerki verilmişdir. Bizi maraqlandıran bir çox məsələlərin, o cümlədən Manna şahlığının tarixinin, köçəri maldarlığın meydana çıxması və yaylanın dağ rayonlarına köçəri tayfaların yayılmasının, bölgədə irandilli tayfaların məskunlaşmasının və i.a. nəzərdən keçirildiyi II fəsildə köhnə problemlərə yeni şəkildə baxılmasına imkan verən xeyli maraqlı və mühüm fikirlər irəli sürülmüşdür. Bu, xüsusən irandilli tayfaların mənşəyi, onların İran yaylası ərazisində, o cümlədən Urmiyayanı rayonda məskunlaşması, Cənub vilayətləri və onlarla həmsərhəd ərazilərdə köçəri maldarlığın və köçəriliyin yayılması məsələlərinə aiddir. V.Q.Lukoninin "Qədim İran incəsənəti" kitabında Manna, ilkin İran və skif incəsənətinin mürəkkəb problemlərinin nəzərdən keçirilməsinə xeyli yer ayrılmışdır. Müəllif bir sıra digər məsələlərə də toxunur. M.A.Dandamayev və V.Q.Lukoninin 1980-ci ildə çapdan çıxmış "Qədim İran mədəniyyəti və iqtisadiyyatı" əsəri müstəsna dərəcədə qiymətlidir. Müəlliflər öz qarşılarına ən yeni arxeoloji materiallar və yazılı qaynaqların məlumatları əsasında e.ə. II minilliyin sonundan bizim e.ə. IV əsrinədək olan dövrdə bölgənin mədəniyyət və iqtisadiyyat problemlərini təhlil etmək məqsədini qoymuşlar. Xeyli miqdarda yeni arxeoloji materialdan istifadə olunduğu, bir çox məsələlərin yeni şəkildə qoyulduğu "Ön Asiyanın İran tayfalarının ilkin tarixi və mədəniyyəti" adlı I fəsil bizim üçün xüsusən maraqlıdır. Bir neçə il əvvəl Moskvada üçcildlik "Qədim dünya tarixi" [1982] nəşr olunmuşdur. Müəlliflərin "Giriş"də yazdıqları kimi, bu əsər "bütün qədim dünyanın bizim müasir biliklərimizə uyğun olan tarixinin yaradılması təcrübəsidir".
|
Azerbaycan_tarixi_cild_1
| 21
|
Təəssüf ki, bu çox maraqlı, qiymətli və yeni fikirlərlə dolu olan, ən görkəmli alimlər tərəfindən yaradılmış əsaslı tədqiqat əsərində Manna şahlığının tarixi üçün yer tapılmamışdır. Hərçənd ki, Urartuya kifayət olduğundan da artıq yer verilmişdir. "Xüsusi olaraq Albaniya şahlığına ayrılmış yarım səhifə təəssüf doğurur. Azərbaycanın ən qədim tarixi problemlərinə az-çox yer verilmiş sanballı əsərlər sırasında Kembricdə buraxılmış "İran tarixi"nin adını çəkmək lazımdır. Bizi maraqlandıran material II və III cildlərdə yerləşdirilmişdir, lakin bu material, təbii ki, İran tarixi baxımından verilmişdir. Son zamanlar bir sıra alimlər irandilli miqrantların Zaqros zonasında, o cümlədən Cənubi Azərbaycan ərazisində məskunlaşmasının arxeoloji cəhətdən əsaslandırılmasına böyük diqqət yetirir. Alimlərin əksəriyyəti göstərilən ərazidə saxsı ənənələrinin dəyişməsini, boyalı keramikanın monoxrom, başlıca olaraq, boz saxsı ilə əvəz olunmasını buraya irandilli əhali qruplarının gəlməsi ilə bağlayır. Bu nöqteyi-nəzərin daha geniş əsaslandırılması öz tədqiqatlarının əsasına Həsənli, Göytəpə, Təpəgiyan, Xurvin, Sialk və s. keramika materiallarını qoymuş T.Kayler Yanğın əsərlərində verilmişdir. Lakin Yanğın bir sıra müddəaları, məsələn, onun monoxrom (birrəngli) keramikanın meydana çıxdığı zamandan etibarən bütün bölgənin mədəni birliyi (bu da, müəllifin fikrincə, bu yeni mədəniyyətin ümumi mənşəyə malik olduğunu göstərir) iddiası ilə razılaşmaq çətindir. Həmçinin Yanğın belə bir müddəası ilə də razılaşmaq çətindir ki, Şimal-Şərqi İran, o cümlədən III Hissar tipli abidələr birrəngli boz keramikanın yarandığı yerdir və s. R.Girşman, L.Vanden Berqe və b. əsərləri də irandilli tayfaların İran yaylasının şimal-qərb və digər vilayətlərində məskunlaşmasının arxeoloji cəhətdən əsaslandırılması probleminə həsr olunmuşdur. Göstərilən aspektdə M.N.Poqrebovanın tədqiqatlarında ciddi addımlar atılmışdır. E.A.Qrantovski öz əsərlərində, xüsusən də "Ön Asiyanın İran tayfalarının ilkin tarixi" adlı tədqiqatında müxtəlif növlü çoxlu qaynaqlara istinad etməklə, irandilli tayfaların Ön Asiya ərazisinə, o cümlədən Cənubi Azərbaycan ərazisinə soxulması ilə bağlı olan məsələlərin tədqiqi sahəsində əhəmiyyətli iş görmüşdür. İranda qədim tarix, arxeologiya və dilçilik üzrə xeyli əsər nəşr edilmişdir. Onların müəllifləri bizi maraqlandıran məsələlər dairəsinin bu və ya digər cəhətlərinə toxunurlar. Xüsusi olaraq qədim Azərbaycanın tarixinə, dillərinə həsr olunmuş monoqrafiyalar da nəşr edilmişdir. Qədim Azərbaycan tarixi problemlərinə bu və ya digər dərəcədə toxunmuş nüfuzlu İran tarixçiləri arasında Seyid Həmzə Kəsrəvinin, Həsən Pirniyanın, Məhəmməd Muinin, İbrahim Purdavudun, Cəmaləddin Faqihin, Məhəmmədcavad Məşkurun, Şəfəq Rzazadənin, Rza İnayətullanın və b. adlarını çəkmək olar. Bu müəlliflərdən bəzisinin əsərlərində xeyli maraqlı məlumatlar var. Onlarda əsaslandırılmış mühüm müddəalara, məsələn, Mada etnik elementlərinin Atropatena tarixindəki mühüm rolu və s. haqqında iddialara rast gəlmək olur. Lakin bəzi əsərlər üçün
|
Azerbaycan_tarixi_cild_1
| 22
|
ibtidai təsvirçilik və faktlara aludəçilik xasdır. Ədalət naminə qeyd etməmək olmaz ki, artıq 50-60-cı illərin əsərləri daha çox tədqiqat xarakteri daşıyır və tənqidi təhlildən uzaq deyildir. İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəlliflərindən çoxu üçün "Azərbaycan tarixi" məfhumu yoxdur, bütün müddəalar bir dominant -"İran tarixi" nöqteyi-nəzərindən verilir. Adları çəkilən müəlliflərin çoxu üçün azərbaycanlılar sonradan türk dilinə keçmiş farslardır (məhz farslardır!). Aşkar görünənin əksinə olaraq iddia edilir ki, Azərbaycanın qədim əhalisinin dili fars dili və ya "fars dilinin xüsusi ləhcəsi" olmuşdur və i.a. Bəzi İran müəllifləri tez-tez birbaşa Azərbaycan tarixi və mədəniyyətinin saxtalaşdırılmasına da əl atırlar. 50-ci illərin ikinci yarısı - 60-cı illərdə respublikada tədqiqat işi xeyli genişləndi. Çox güman ki, yeni mərhələnin başlanğıcı İ.M.Dyakonovun "Midiya tarixi" ilə qoyuldu. Bütövlükdə şərqşünaslıq elminə və qismən də vətən tarixşünaslığına çox qiymətli töhfə olan bu sanballı əsər bütün məlum mixi yazılı materialının, Avesta və antik qaynaq məlumatlarının diqqətlə öyrənilməsinə əsaslanır. Faktiki materialın zənginliyi, çoxsaylı haşiyələr, xeyli yeni, maraqlı müşahidə və nəticələrlə zəngin olan bu əsər Azərbaycan tarixini öyrənənlər üçün mühüm əhəmiyyət kəsb edir. İ.M.Dyakonov Mada dövlətçiliyinin bitkin tarixini vermiş, etnik xüsusiyyətlərə toxunmuş, Mada dövlətinin ideologiya və mədəniyyət məsələlərini, Mada tarixinin bir çox digər problemlərini nəzərdən keçirmişdir. İ.M.Dyakonovun Azərbaycan elmi qarşısında xidməti böyükdür. 1957-ci ildə Azərbaycan EA Tarix İnstitutunda Azərbaycanın qədim tarixi şöbəsinin yaradılması nəticəsində tədqiqat işləri bir sıra konkret istiqamətlər (Mada, Manna tarixi, albanşünaslıq, Azərbaycanın qədim sakinlərinin etnik tərkibi və etnogenezi problemləri, maddi mədəniyyət, digər bölgələrin qədim tarixi və s.) kəsb etdi. 1959-cu ildə İ.Əliyevin "Azərbaycan ərazisində ilk tayfa ittifaqları haqqında" əsəri işıq üzü gördü. Bu əsərdə e.ə. III-I minilliklərdə Cənubi Azərbaycan ərazisində etnik mənzərə nəzərdən keçirilir. Mingəçevir zonasında aparılan geniş miqyaslı qazıntılar albanşünaslıqda böyük bir hadisəyə çevrildi. SSRİ EA müxbir üzvü K.V.Trever 1959-cu ildə Qafqaz Albaniyasının tarixi və mədəniyyəti üzrə monoqrafiya çap etdirdi. İndiyə qədər öz əhəmiyyətini itirməmiş bu sanballı əsərdə qədim və ilkin orta əsrlər Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin, demək olar ki, bütün cəhətləri öz əksini tapmış, qədim Qafqaz Albaniyası üzrə bütün yazılı qaynaqlardan və xeyli miqdarda maddi mədəniyyət abidələrindən istifadə olunmuşdur. 1962-ci ildə Bakıda nəşr edilmiş "Qafqaz Albaniyası tarixi məsələləri" toplusu da albanşünaslıq problemlərinə marağın əlamətidir.
|
Azerbaycan_tarixi_cild_1
| 23
|
Albanşünaslıq problemlərinin öyrənilməsi ilə Z.İ.Yampolski məşğul olurdu. Hazırda K.H.Əliyev bu işi müvəffəqiyyətlə davam etdirir. Z.İ.Yampolski "Qədim Albaniya" monoqrafiyasında məbəd təsərrüfatına, hierodullara (məbəd qullarına), habelə Albaniya və Atropatenanın siyasi tarixinə, etnogenez problemlərinə və s. diqqət yetirmişdir. K.H.Əliyev 1974-cü ildə "Qafqaz Albaniyası" monoqrafiyasını çap etdirmişdir. Burada antik dövr Albaniyasının sərhədləri, əhalisi, təsərrüfatı, ticarəti, məbəd torpaqları və dini haqqında məsələlər öz əksini tapmışdır. K.H.Əliyev habelə albanşünaslığın ayrı-ayrı problemlərinə, etnik tarixi məsələlərinə həsr olunmuş məqalələr çap etmişdir. Üçcildli "Azərbaycan tarixi"nin I cildinin nəşri 50-ci illərin sonunda Azərbaycanın qədim tarixi üzrə tədqiqat işində mühüm nailiyyət idi. Burada Azərbaycanın qədim və orta əsrlər tarixinin ümumiləşdirilmiş və bitkin şərhi verilmişdir. Birinci cildin nəşri Azərbaycan tarixinin bəzi prinsipial və mübahisə doğuran məsələlərinin həllinə sanballı töhfə verdi. Ayrı-ayrı fəsillərdə ibtidai icma quruluşu dövrünün, Mannanın, Mada dövləti, Atropatena və Albaniyanın sosial-iqtisadi, siyasi və mədəni tarixinin sistemləşdirilmiş şərhi verilir. Burada həmçinin Azərbaycan xalqının etnik tarixi məsələləri də nəzərdən keçirilmişdir. Mövcud cilddə, dünya şərqşünaslığının nailiyyətlərinə uyğun olaraq, Atropatena xalqının yaranmasından danışılır, türkdilli tayfaların Azərbaycanda qərarlaşması və orta əsrlər dövründə burada türk dilinin qələbəsinə diqqət yetirilir; eyni zamanda göstərilir ki, dillərin dəyişməsi heç də yerli əhalinin sıxışdırılıb aradan çıxarılması demək deyildir. Mada tarixi sahəsində tədqiqatlar davam etdirilir. 1960-cı ildə İ. Əliyevin fundamental "Mada tarixi" monoqrafiyası işıq üzü gördü. Müəllif burada özünün çoxillik tədqiqatlarına yekun vurmuş, əvvəlki nəticələrinə düzəlişlər vermiş və əlavələr etmiş, əvvəllər irəli sürdüyü ayrı-ayrı müddəaları geniş şəkildə əsaslandırmışdır. 60-cı illərin ortalarından etibarən müstəqil mövzu kimi Manna şahlığının tarixi ilə S.M.Qaşqay məşğul olmağa başlamışdır; mətbuatda onun Manna şəhərləri və qalaları haqqında məqalələri dərc olunmuş, "Manna şahlığının tarixindən" monoqrafiyası və s. əsərləri çapdan çıxmışdır. Tarixşünaslıq problemləri üzrə A.H.Fazilinin bir neçə əsəri nəşr olunmuşdur. 50-60-cı illərdə bizim elmimizdə Azərbaycanın ən qədim əhalisinin - kutilərin, lullubilərin, hurrilərin və b. tayfaların etnogenezi ilə bağlı problemlərə canlı maraq göstərilmiş, madalıların etnik mənşəyi, Albaniyanın etnik mənzərəsi tədqiq olunmuşdur. 1964-cü ildə respublika EA Tarix İnstitutunda fəaliyyətə başlamış "Azərbaycan xalqının formalaşması və mənşəyi üzrə seminar" bu məsələlərin həllində mühüm rol oynadı. Seminarın işləri sırasından İ.M.Dyakonovun 1966-cı ildə oxuduğu "E.ə. III-I minilliklərdə Şərqi Qafqaz və Zaqafqaziya əhalisinin qədim Şərqlə əlaqələri probleminə dair bəzi linqvistik məlumatlar" adlı məruzəsini qeyd etmək lazımdır.
|
Azerbaycan_tarixi_cild_1
| 24
|
Xalqın etnogenezi, onun mənşəyi müasir tarix elmində həqiqətən də mürəkkəb, çətin həll edilən problemlərdəndir. Lakin qeyd etməliyik ki, bir sıra qeyri-müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycan xalqının etnogenezi konsepsiyası müəyyən dərəcədə, ümumi şəkildə tarix elmimizdə işlənmiş və özünün inikasını sanballı "Azərbaycan tarixi"nin I cildində [Bakı, 1958], "Sovet Tarix Ensiklopediyası"nda [I, M., 1961], "Böyük Sovet ensiklopediyası"nda [üçüncü nəşr, I, M., 1969], "Qafqaz xalqları" [II, M., 1961], "Dünya xalqları" [M., 1968], on iki cildlik "Ümumdünya tarixi" [M., 1955-1979] kitablarında və bir sıra digər əsərlərdə tapmışdır. Bu konsepsiyaya görə, Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında məskunlaşmış müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları - mannalılar, kaspilər, Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar. Əsrlər boyu Azərbaycana gəlmiş müxtəlif dilli tayfa və xalqlar (skiflər, saklar, alanlar, hunlar, sabirlər, xəzərlər, oğuzlar və b.) da Azərbaycan xalqının etnogenezində böyük rol oynamışlar. Azərbaycan xalqının, dilinin formalaşması etnogezin son mərhələlərində - orta əsrlərdə baş vermişdir. 60-80-ci illərdə Azərbaycanın ən qədim və qədim tarixi sahəsində tədqiqat işlərinə ümumi səciyyə verərkən qeyd etmək lazımdır ki, bu dövrdə bizim elmimiz yeni qüvvələr axını ilə, arxeologiya və Qədim Şərq filologiyası sahəsində yaxşı məktəb keçmiş gənc alimlər hesabına zənginləşir. Bu, irəliyə mühüm addım atmağa, tədqiqatların mövzusunu xeyli genişləndirməyə və dərinləşdirməyə, yeni və az tədqiq olunmuş problemlərin həllinə başlamağa imkan vermişdir. Arxeoloqlar paleolitin, mezolitin, xüsusən də eneolitin, tunc və dəmir dövrlərinin, antik dövrün öyrənilməsi üzrə geniş miqyaslı iş aparırlar. Respublikanın, demək olar ki, bütün ərazisi qazıntılarla əhatə olunur. Arxeoloji tapıntılar sübut edir ki, antik dövrdə Albaniya həmsərhəd Zaqafqaziya ölkələri ilə təxminən eyni sosial-iqtisadi və mədəni inkişaf səviyyəsində olmuşdur. Qonşu vilayətlərdə olduğu kimi, o dövrün Albaniyasında da kifayət qədər inkişaf etmiş oturaq əkinçi-maldar təsərrüfatı mövcud olmuş, sənətkarlıq yüksək səviyyəyə çatmış, inkişaf etmiş həyata, ticarətə malik şəhərlər meydana çıxmışdır və i.a. Bütün bunlar alban tayfalarının geriliyi barəsində xüsusi və ümumi ədəbiyyatda kök salmış fikri aydın şəkildə təkzib edir. Tarixçilər öz tədqiqatlarında yazılı qaynaqların - mixi yazıların, Avesta və antik müəlliflərin məlumatlarının təhlilinə və onların arxeoloji axtarışlarından əldə edilmiş məlumatlar ilə müqayisəsinə böyük diqqət verirlər. Azərbaycan ərazisində ilk böyük dövlət birləşməsi kimi qiymətləndirilən Manna şahlığına mühüm yer verilir. Bizim albanşünaslığımız da müəyyən uğurlar əldə etmişdir. Albaniya tarixi və mədəniyyəti problemləri həm yazılı qaynaqların, həm də arxeoloji məlumatların əsasında öyrənilirdi.
|
Azerbaycan_tarixi_cild_1
| 25
|
Mada tarixinin sosial-iqtisadi, siyasi, mədəni və etnik problemləri Madanın Azərbaycan tarixində rolu və əhəmiyyəti ətraflı surətdə nəzərdən keçirilir. 1989-cu ildə İ.Əliyevin "Atropatena tarixinin oçerki" çap olunur. Arxeoloqlarımız və qədim tarixçilərimizin əvvəlki illərdə qazandıqları uğurlar bütün nəzərdə tutulmuş istiqamətlər üzrə tədqiqatların daha da genişləndirilməsi üçün möhkəm bünövrə rolunu oynadı. Alimlərimiz Manna, Atropatena və Albaniya tarixinin aktual məsələləri, antik arxeologiya, etnik problemlər və s. üzrə tədqiqatlarının nəticələrini nəşr etdirirlər. Bu tədqiqatların bəzilərində köhnə baxışlar yenidən nəzərdən keçirilir, bəzilərində bölgə sakinlərinin etnik, iqtisadi, siyasi və mədəni həyatının köklü məsələləri üzrə yeni müddəalar irəli sürülür, Azərbaycan ərazisindəki ayrı-ayrı arxeoloji mədəniyyətlərin etnik atribusiyası verilir. 1995-ci ildə İ.Əliyevin redaktəsilə nəşr olunmuş "Azərbaycan tarixi" (rus dilində) kitabında xalqımızın qədim tarixinə çox geniş yer verilmişdir. Qədim dünya tarixi elminin inkişafı bizim qarşımıza yeni vəzifələr və yeni problemlər qoyur. Azərbaycanın qədim əhalisinin etnik tarixi məsələsinin dərindən tədqiqi, arxeologiya və qədim Azərbaycan sakinlərinin mədəniyyəti üzrə ümumiləşdirici əsərlərin yaradılması təkidlə tələb olunur. Respublikanın şimal-şərq və cənub-şərq rayonları arxeoloji cəhətdən xüsusi olaraq öyrənilməlidir. Uzaq keçmişlərdə bu bölgənin öz sakinlərinin və Cənubi rus çölləri tayfalarının Ön Asiya aləmi ilə əlaqələri bu ərazilər vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan alimləri, şübhəsiz ki, bu və başqa məsələlərin tədqiqi işinə əllərindən gələn töhfəni verəcəklər. Təqdim edilən işdə Azərbaycan tarixinin ən Qədim zamanlardan başlayan və e. III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrü işıqlandırılır. Qeyd etmək zəruridir ki, yeni tarixi tədqiqatlar sayəsində Azərbaycan tarixinin xronoloji çərçivəsi kəskin surətdə genişlənmişdir. Əgər yarım əsr bundan əvvəl diyarın tarixi əslində ancaq 3-4 minillik ərzində xülasə oluna bilərdisə, bu ərazidə paleolitin mövcudluğu lap 50-ci illərin başlanğıcınadək problematik olaraq qalırdısa, indi mühüm arxeoloji kəşflər, ilk növbədə isə, elmimizdə yeni səhifə olan Azıx mağarası kimi nadir abidənin tədqiq olunması sayəsində biz haqlı olaraq tariximizi ən uzaq dövrdən başlayırıq. İndi bizim tariximizin yaşı təxminən bir milyon yarım ildir. Son 17 yüzillik istisna edilməklə, demək olar ki, bütün bu dövr bu kitabda işıqlandırılır. Bu vaxt ərzində qədim Azərbaycan ərazisində kortəbii qüvvələrlə mübarizədə maddi və mənəvi mədəniyyət yaratmağa başlamış ilk insanlar meydana çıxmış, ibtidai icma quruluşu təşəkkül tapmış, yüz min illər boyu mövcud olmuş və sonralar süqut etmiş ilk dövlət qurumları meydana çıxmış, inkişaf edərək məhv olmuşdur. Sonuncu tədqiqatların işığında Azərbaycan insanların ən qədim yayılma rayonlarından biri kimi tanınır. Zaqafqaziyanın bəşəriyyətin ilk, ulu vətəni hüdudları daxilində olması şübhəsizdir. Artıq o dövrdə Azərbaycan ərazisi çoxsaylı fəaliyyət
|
Azerbaycan_tarixi_cild_1
| 26
|
izləri qoyub getmiş uzaq əcdadlarımız tərəfindən tədricən mənimsənilirdi. İnkişaf mərhələləri təxminən 1,5 milyon il bundan əvvəl başlanmış Quruçay çaydaşı mədəniyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. Arxeoloqlarımızın axtarışları, Azərbaycan ərazisində aşkara çıxarılmış müxtəlif maddi abidələrin müqayisəli şəkildə öyrənilməsi, paleobioloqların, paleobotaniklərin, paleomaqnitçilərin tədqiqatları, odun meydana çıxması, ilk daş konstruksiyalar və bir çox başqa fenomenlər Zaqafqaziyanın ilkin paleolit dövrü sakinlərinin həyatı, zəka qabiliyyəti haqqında bizim təsəvvürlərimizi əhəmiyyətli dərəcədə dəyişmişdir. O zaman insan öz varlığı uğrunda təbiətin amansız qüvvələri ilə gərgin mübarizə aparırdı. O, bu çox ağır, uzun mübarizə prosesində fasiləsiz və inadlı yaradıcı əməyi ilə dünyanı dəyişirdi. Təbii ki, insan özü də təkmilləşirdi. Azərbaycan tarixinin ən qədim dövrlərinin öyrənilməsində alimlərimizin böyük müvəffəqiyyətlərinə baxmayaraq, hələ də xeyli aydın olmayan, mübahisəli məsələlər qalır. Nəzəri xarakterli problemlər mövcuddur. Bütün bunlar predmetin özünün ümumi mürəkkəbliyi ilə yanaşı, elmi-idraki, həm də ideya-nəzəri dünyagörüşü əhəmiyyətli olan ibtidai icma tarixinin ümumi çətinlikləri ilə izah olunur. Kitabın müəllifləri konkret arxeoloji material əsasında Azərbaycan ərazisində ən qədim dövrün mənzərəsini yaratmağa çalışmışlar. Birinci bölmə - "Daş dövrü. İbtidai icma quruluşu" - Azərbaycan ərazisində yaşamış insan kollektivləri tarixinin ilkin mərhələlərinə həsr olunmuşdur. Bu, çaydaşı mədəniyyəti adlanan mədəniyyətin və paleolitin sonrakı mərhələlərinin - ilkin və Orta Aşel, final Aşel, Mustye mərhələlərinin inkişafı zamanıdır. Bu dövrdə insan cəmiyyətinin təşəkkülü baş verir, ovçuluq və yığıcılıq inkişaf edir, müasir tipli insan - Homo Sapiens formalaşır. Cəmiyyətin tərəqqisinə baxmayaraq, insan bütün paleolit dövrü ərzində istehlakçı olaraq qalır, yüzminilliklər boyunca onun təsərrüfatı mənimsəmə xarakteri daşıyırdı. Yalnız mezolit-neolit dövründə istehsal edən təsərrüfatın, yaranması prosesi başlayır - əkinçilik və maldarlıq meydana çıxır ki, bu da son mərhələsi çox vaxt "neolit inqilabı" adlanan möhtəşəm bir çevriliş idi. Mezolit-neolit dövründə Azərbaycanda baş vermiş dəyişikliklər bir sıra çox mühüm hadisələr üçün stimul olur. Müntəzəm izafi məhsulun meydana çıxması elə yolun başlanğıcı oldu ki, həmin yol bir neçə minillikdən sonra bölgədə ibtidai icma quruluşunun süqutuna gətirib çıxartdı. Mezolit dövrü kollektivlərin miqrasiyası (mədəni yeniliklərin sürətlə müxtəlif zonalara yayılması bununla bağlıdır), habelə, ehtimal ki, etnik qovuşmalar dövrüdür. Neolit dövrü təsərrüfatın yeni növlərinin - əkinçilik və maldarlığın xeyli möhkəmləndiyi, arxaik keramikanın, orada-burada isə gil divarlı komaların meydana çıxdığı dövrdür. E.ə. VIII-VI minillikləri əhatə edir.
|
Azerbaycan_tarixi_cild_1
| 27
|
Açıq səma altında özünəməxsus şəkil qalereyası olan Qobustan qayaüstü təsvirləri kompleksi mezolit, neolit və sonrakı dövrlər incəsənətinin görkəmli abidəsidir. Qobustan zonasında aparılan qazıntılar bölgədə mezolit-neolit dövrünü daha yaxşı təsəvvür etməyə imkan verir. E.ə. VI minilliyin ortalarına yaxın Azərbaycan və bütün Zaqafqaziya ərazisində tədricən Ön Asiya tipli oturaq əkinçilik mədəniyyəti formalaşır - insanın artıq təbii misdən istifadə edib ondan alət, silah və bəzək hazırladığı eneolit dövrü başlanır. Bütün Azərbaycan ərazisinə səpələnmiş "yaşayış təpələri" tipli onlarla eneolit məskənləri bizdə qonşu vilayətlərlə sıx surətdə əlaqədar olan sakinlərin təsərrüfatı, mədəniyyəti və müəyyən dərəcədə ictimai münasibətləri haqqında kifayət qədər aydın təsəvvür yaradır. Eneolit məskənlərinin materialları o dövrdə Azərbaycan ərazisində yaşamış əhalinin böyük tərəqqiyə nail olduğuna dəlalət edir. Eneolit dövrü ilə cildin birinci bölməsi sona çatır. İkinci bölmə- "Azərbaycan ərazisində tunc dövrü. İbtidai icma quruluşunun dağılması" - təxminən iki minillik bir dövrü (e.ə. IV minilliyin ikinci yarısı - II minilliyin sonu) əhatə edir. Tunc dövrünün arxeoloji materialları zəngin və misilsiz möhtəşəmliyi ilə fərqlənən, əkinçilik və maldarlığın, habelə dulusçuluq və metal emalının coşqun inkişafı əsasında məhsuldar qüvvələrin səviyyəsinin xeyli yüksəldiyinə dəlalət edən qədim mədəniyyətləri bizə çatdırmışdır. Əhalinin xeyli artması, ilk böyük tayfa ittifaqlarının meydana çıxması kəskin surətdə nəzərə çarpır; hərbi toqquşmalar daha tez-tez baş verir, yaşayış məskənlərinin, möhkəm qalaların sayı artır. O dövrün iqtisadiyyatında aparıcı rol əkinçiliyə məxsus idi. Təsərrüfat həyatının yüksəlişi öz növbəsində xammal ehtiyatlarının daha intensiv surətdə istismarını stimullaşdırdı. Dağ-mədən işi, metal emalı, saxsı istehsalı, toxuculuq və bir çox başqa sənətkarlıq sahələri coşqun surətdə inkişaf edir. Tunc dövrü özü ilə birlikdə çoxlu mühüm dəyişikliklər gətirmişdir. Bu dövrdə maldarlığın xeyli inkişaf etməsi və dağ-mədən sərvətlərinin istismarı hesabına ayrı-ayrı şəxslərin və ailələrin əlində böyük sərvət toplanır ki, bu da sosial və əmlak təbəqələşməsinin dərinləşməsinə gətirib çıxarır. Bu dövrdə müharibə maldarlıq və əkinçiliklə yanaşı, Azərbaycan tayfalarının başlıca məşğuliyyətlərinin birinə çevrilir. Tunc dövründən etibarən Azərbaycan ərazisinin bir hissəsi öz əhalisi - kutilər, lullubilər, hurrilər və b. ilə birlikdə Şumer-Akkad yazılı qaynaqları orbitinə düşür. Kifayət qədər çoxlu arxeoloji materiallar orta və son tunc dövründə Azərbaycan ərazisində təbəqələşmənin kəskin surətdə dərinləşdiyinə, ibtidai icma quruluşunun tənəzzülə uğradığına və dağıldığına dəlalət edir. Bu bölmənin sonunda Azərbaycan əhalisinin etnik tərkibi nəzərdən keçirilir.
|
Azerbaycan_tarixi_cild_1
| 28
|
Üçüncü bölmə - "Azərbaycan ərazisində ilk dövlətlər" adlanır. Burada müxtəlif yazılı qaynaqlardan istifadə edilmişdir. Bu dövr tarixinin öyrənilməsində mühüm rol həm də arxeoloji materiallara məxsusdur. Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu bölgədə ilk böyük dövlətin - Manna dövlətinin tarixinə, Mannanın şəhərlərinə və şəhər məişətinə, mədəniyyətinə həsr edilmişdir. E.ə. VIII əsrin sonu - VII əsrin əvvəllərində Manna bu dövrün ən qüdrətli dövlətlərindən birinə çevrilir. Yadelli qəsbkarlara qarşı mübarizəyə bölmədə xeyli yer verilir. Mannanın madalılar tərəfindən qəsb edilməsi ilə əlaqədar məsələlər nəzərdən keçirilir. Bu dövrdən etibarən bir sıra əsrlər ərzində Mada etnik elementi bölgədə mühüm rol oynamış, yerli tayfalar tədricən qəsbkarlarla qovuşmağa başlamış, bununla da bu ərazidə yeni etnik birliyin - atropatenalıların əsası qoyulmuşdur. Bölmə İran Əhəməni dövlətinin tərkibinə daxil olmuş o dövr Azərbaycan tarixinin işıqlandırılması ilə başa çatır. Dördüncü bölmə - "Hellinizm dövründə Azərbaycan ərazisində dövlət qurumları" adlanır. Bölmənin iki fəsli Mada Atropatenasına, onun etnik, təsərrüfat, siyasi, mədəni tarixinə, habelə dininə həsr edilmişdir. Qeyd olunur ki, e.ə. IV əsrin son rübünün başlanğıcında keçmiş fars canişini Atropat, - öz mənşəyinə görə onun madalı olduğunu güman etməyə əsas var - əsasən Cənubi Azərbaycan, İran Kürdüstanı və qismən də müasir Azərbaycan Respublikası ərazisində yerləşmiş yeni dövlətin - Kiçik Madanın müstəqil hökmdarına çevrilir. Sonralar bu şahlıq tez-tez öz banisinin adı ilə Atropatena adlandırılırdı. "Azərbaycan" məfhumunun özü də məhz Aropatena// Aturpatakanla əlaqədardır. "Azərbaycan" adı öz kökü ilə bu dövrə gedib çıxır və qədim Aturpatakanın qanunauyğun dəyişmiş formasıdır. Sonuncu üç fəsil antik Qafqaz Albaniyasının ərazi hüdudlarının və əhalisinin nəzərdən keçirilməsinə, onun təsərrüfat həyatına, sosial münasibətlərinə, siyasi tarixinə və mədəniyyətinə həsr olunub. Alban dövlətinin meydana çıxmasına, Albaniyadakı şəhərlərə, ticarət, pul dövriyyəsinə, mədəniyyətə, albanların qonşularına, Parfiya və Romaya qarşı mübarizəyə xeyli yer verilmişdir. Bizi maraqlandıran ərazi sakinlərinin inkişaf prosesi minilliklər boyu qonşu, bəzən isə uzaq ərazilərdə yaşayan əhalinin tarixi ilə sıx əlaqədar getmişdir. Azərbaycanın ən qədim və qədim tarixi Zaqafqaziyanın digər rayonları, Qafqaz, Kiçik Asiya, Mesopotamiya, İran, Orta Asiya və Cənubi rus çölləri sakinlərinin tarixi ilə qırılmaz surətdə bağlıdır. Ona görə də diyarımızın tarixini şərh edərkən bu ərazilərdə məskunlaşmış tayfa və xalqların da tarixinə toxunmalı olmuşuq.
|
Azerbaycan_tarixi_cild_1
| 29
|
İnstitutun böyük bir qrup tarixçi və arxeoloqlarının vətənimizin ən qədim tarixi məsələləri üzrə kollektiv tədqiqatının nəticəsi olan bu cild metodoloji cəhətdən elm klassiklərinin əsərlərinə, konkret-tarixi cəhətdən isə arxeoloji və müxtəlif dilli yazılı qaynaqlara əsaslanır. Kitabın hazırlanması Azərbaycanın ən qədim və qədim tarixi üzrə Azərbaycan EA Tarix İnstitutunda həyata keçirilmiş, çətin və çox zəhmət tələb edən tədqiqat işlərinin aparılmasından sonra mümkün olmuşdur.
|
Azerbaycan_tarixi_cild_1
| 30
|
FƏSİL VƏ PARAQRAFLAR AŞAĞIDAKI MÜƏLLİFLƏR TƏRƏFİNDƏN YAZILMIŞDIR Giriş - İqrar Əliyev Azərbaycanın təbii-coğrafi şəraiti - B.Ə.Budaqov I BÖLMƏ DAŞ DÖVRÜ. İBTİDAİ İCMA QURULUŞU I FƏSİL. PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR – YIĞICILAR Daş dövründə Azərbaycanın təbii şəraiti - Ə. V.Məmmədov İnsan cəmiyyətinin ən qədim inkişaf mərhələləri - M.M.Hüseynov, Ə. Q. Cəfərov Azərbaycanın paleolit dövrü sakininin mənəvi aləmi haqqında - İqrar Əliyev II FƏSİL. MEZOLİT VƏ NEOLİT DÖVRÜ. AZƏRBAYCAN SAKİNLƏRİ İSTEHSALEDİCİ TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ Giriş qeydləri - İqrar Əliyev Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq. Balıqçılıq - C.N.Rüstəmov Neolit dövrünün əkinçi-maldar qəbilələri. Əmək alətləri. Keramika - C.N.Rüstəmov İctimai quruluş - C.N.Rüstəmov Mənəvi mədəniyyət - C.N.Rüstəmov III FƏSİL. AZƏRBAYCANDA ENEOLİT DÖVRÜNÜN ƏKİNÇİ-MALDAR TAYFALARI Abidələrin icmalı - İ.H.Nərimanov II BOLMƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ TUNC DÖVRÜ.
|
Azerbaycan_tarixi_cild_1
| 31
|
BTDA-CMA QURULUŞUNUN DAĞILMASI IV FƏSİL. İLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNİYYƏTİ - İ.H.Nərimanov V FƏSİL. ORTA TUNC DÖVRÜ - İqrar Əliyev, İ.H.Nərimanov VI FƏSİL. SON TUNC VƏ ERKƏN DƏMİR DÖVRÜ. İBTİDAİ-CMA QURULUŞUNUN DAĞILMASI. ERKƏN SİNİFLİ CƏMİYYƏT ƏRƏFƏSİNDƏ AZƏRBAYCAN TAYFALARI Tayfalar və tayfa qrupları - İqrar Əliyev Abidələrin icmalı - İ.H.Nərimanov Yaşayış yerləri və qalaçalar - İ.H.Nərimanov Təsərrüfat – İ.H.Nərimanov Sənətkarlıq – İ.H.Nərimanov İctimai və mülki bərabərsizliyin güclənməsi. İbtidai icma quruluşunun dağılması - İ.H.Nərimanov Qəbilələrarası mübadilə. Xarici əlaqələr - İ.H.Nərimanov Mənəvi mədəniyyət və ideologiya – İ.H.Nərimanov Aşşurluların və elamlıların Zaqros vilayətlərinə yürüşləri - İqrar Əlivev VII FƏSİL. E.ə. II MİNİLLİYİN SONU - I MİNİLLİYİN BAŞLANĞICINDA AZƏRBAYCAN ƏRAZİSİNDƏ ƏHALİNİN TƏRKİBİ - İqrar Əliyev
|
Azerbaycan_tarixi_cild_1
| 32
|
III BÖLMƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK DÖVLƏTLƏR VIII FƏSİL. AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLKİN SİYASİ QURUMLAR. MANNA DÖVLƏTİ Urmiya gölü hövzəsində ilk siyasi qurumlar - İqrar Əliyev, S.M.Qaşqay Mannanın çarlığının meydana gəlməsi. Aşşurlulara və urartululara qarşı mübarizə - İqrar Əliyev, S.M.Qaşqay Mannanın təsərrüfat həyatı: əkinçilik, maldarlıq, sənətkarlıq - S.M.Qaşqay Mannanın şəhərləri və şəhər həyatı - S.M.Qaşqay Mannanın dövlət quruluşu - S.M.Qaşqay Mannanın çarlığının qüvvətlənməsi və genişlənməsi - İqrar Əliyev, S.M.Qaşqay Mənəvi mədəniyyət və dini etiqadlar - S.M.Qaşqay IX FƏSİL. KİMMER VƏ SKİF (ŞKUDA) TAYFALARININ AZƏRBAYCAN VƏ ÖN ASİYA ƏRAZİSİNƏ BASQINLARI. MİDİYA (MADA) VƏ SKİF ÇARLIQLARININ YARANMASI - İqrar Əliyev X FƏSİL. CƏNUBİ AZƏRBAYCANIN MİDİYALILAR (MADALILAR) TƏRƏFİNDƏN İŞĞALI. MANNA ÇARLIĞININ SÜQUTU - İqrar Əliyev XI FƏSİL. AZƏRBAYCAN TORPAQLARI FARS ƏHƏMƏNİ (NAXAMANİŞİLƏR) DÖVLƏTİNİN TƏRKİBİNDƏ - İqrar Əliyev
|
Azerbaycan_tarixi_cild_1
| 33
|
IV BÖLMƏ HELLENİZM DÖVRÜNDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ DÖVLƏT QURUMLARI XII FƏSİL. MADA-ATROPATENA (*Aturpatakan) DÖVLƏTİ - İqrar Əliyev Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-Atropatena - Kiçik Mada dövlətinin yaradılması - İqrar Əliyev Atropatenanın etnik mənzərəsi. Mada-Atropatena etnosunun təşəkkül tapması - İqrar Əliyev Təsərrüfat həyatı - K.H.Əliyev Atropatena hellenizm dövlətləri sistemində - İqrar Əliyev Atropatena eramızın ərəfəsində. Yadelli istilaçılara qarşı mübarizə İqrar Əliyev XIII FƏSİL. ATROPATENANIN MADDİ MƏDƏNİYYƏTİ VƏ DİNİ - İqrar Əliyev XIV FƏSİL. ANTİK ALBANİYANIN ƏRAZİSİ VƏ ƏHALİSİ, TƏSƏRRÜFAT HƏYATI. İCTİMAİ MÜNASİBƏTLƏR VƏ SİYASİ QURULUŞ Qədim Albaniyanın ərazisi və əhalisi - İqrar Əliyev Əkinçilik. Bağçılıq. Üzümçülük - K.H.Əliyev Maldarlıq, balıqçılıq. - K.H.Əliyev Sənətkarlıq - K.H.Əliyev Ticarət. Ticarət yolları - K.H.Əliyev Pul tədavülü - İ.Ə.Babayev Şəhərlər və başqa məskənlər - İqrar Əliyev [Bu paraqrafda F.L.Osmanovun təqdim etdiyi bir sıra materiallardan istifadə edilmişdir] Sosial münasibətlər - K.H. Əliyev Qoşun və hərbi iş - K.H.Əliyev XV FƏSİL. ANTİK ALBANİYANIN SİYASİ HƏYATI Eramızdan əvvəl IV-II əsrlərdə Albaniyanın siyasi həyatı. Albaniya dövlətinin meydana gəlməsi - İqrar Əliyev
|
Azerbaycan_tarixi_cild_1
| 34
|
Albaniya eramızın hüdudlarında və ilk əsrlərində. Parfiya və Romaya qarşı mübarizə - K.H.Əliyev Eramızın hüdudunda və ilk əsrlərində şimaldan Albaniyanın və bitişik vilayətlərin ərazisinə köçərilərin girməsi – İqrar Əliyev XVI FƏSİL. ANTİK ALBANİYANIN MƏDƏNİYYƏTİ Albaniyanın maddi mədəniyyət abidələri - F.L.Osmanov Antik Albaniyanın incəsənəti - F.L.Osmanov Din - K.H.Əliyev XRONOLOGİYA GÖSTƏRİCİSİ - S.M.Qaşqay ƏDƏBİYYAT - İqrar Əliyev, R.S.Məlikov
|
Azerbaycan_tarixi_cild_1
| 35
|
Azərbaycanın təbii-coğrafi şəraiti Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 221,6 min km², əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 8,5 mln nəfərdir (2006-cı il), Cənubi Azərbaycanın ərazisi 135 min km², əhalisi 25 mln nəfərə qədərdir. Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi 28 m-dən (Xəzərsahili düzənlik) 4821 m-ə (Savalan dağı) qədərdir. Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax, Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və Şərurdan ibarətdir. Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır. Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir. Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır. Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026 metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800 m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992 m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m), Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır. Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ - 3367 m), Murovdağ (Gamışdağ - 3724 m), Qarabağ (Böyük Kirs - 2725 m) sıra dağları və Qarabağ vulkanik yaylası (Böyük İşıqlı - 3552 m, Dəlidağ - 3616 m) relyefdə üstünlük təşkil edir. Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ - 3120 m) və Zəngəzur sıra dağları (Qapıcıq dağı - 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346 m) yerləşir. Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy - 2493 m) sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu isə Peştəsər (2200 m) sıra dağları uzanır. Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən ibarətdir.
|
Azerbaycan_tarixi_cild_1
| 36
|
Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər, cənub yamacı isə 25 kilometr məsafədə 3000 metrdən 1000 metrə qədər enir. Onun şimal yamacına kəsilmiş dərələrin dərinliyi 1000 metrdən artıqdır. Kiəmki-Qaraca silsiləsi Qaradağın cənub, cənub-qərbinə yaxın olmaqla 110 kilometr məsafədə uzanır. Onun Kiəmki zirvəsi 3358 metrə, ən uca zirvəsi isə 3975 metrə qədər ucalır. Silsilənin maksimal enliyi 30 kilometrə qədərdir. Bu silsilə cənub-şərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan silsiləsilə birləşir. Bu silsilə qərbdən şərqə doğru 130 kilometr uzanmaqla 4821 metrə qədər (Savalan dağı) ucalır. Cavan (pleystosen) vulkan lavalarından, vulkan küllərindən, tuflarından yaranmış Savalan silsiləsinin yamacları Acıçay, Balıqçay, Qarasuçay çayları vasitəsilə parçalanmışdır. Bozquş silsiləsi Acıdərə çayının yuxarı və orta axınından cənub-qərbdən şimal-şərqə doğru 125 kilometr məsafədə uzanır. Onun mütləq yüksəkliyi 3299 metrə, maksimal enliyi isə 20 kilometrə çatır. Bozquş silsiləsi şimaldan Acıçay, Balıqçay, cənub-şərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanmışdır. Acıdərə çökəkliyindən cənub-qərbə vulkan mənşəli Səhənd (Haramdağ) dağının (3710 m) konusu ucalır. Ətrafdakı dağarası çökəklik və düzənliklərdən 2500 metrdən artıq ucalan Səhənd dağı və Savalan dağı relyefdə öz vulkan konusu ilə çox qabarıq şəkildə görünür. Zirvədən radial şəkildə ətraf yamacların ətəklərinə doğru istiqamətlənən kiçik çay dərələri dağa xüsusi görkəm verir. Mişudağ silsiləsi Urmiya gölünün şimal-şərq qurtaracağında yerləşməklə 60 kilometr məsafədə uzanır. Onun maksimal yüksəkliyi 3132 metr (Ələmdar dağı), eni isə 30 kilometrdir. Mişudağın yamaclarında da ariddenudasiya prosesləri gedir. Cənubi Azərbaycanın qərb qurtaracağında İranla Türkiyə sərhədi boyu 110 kilometr məsafədə uzanan Qotur silsiləsinin şərq yamacı Sarısu, Qızılçay, Ələnd, Qotur çayları ilə kəskin parçalanmışdır. Qotur silsiləsinin ən uca zirvələrindən Heravil (3676 m), Avrin (3623 m) və Moğancıq (3676 m) dağlarıdır. Aşırımlara Bəzərgan, Qaratəpə və başqalarını misal çəkmək olar. Qotur silsiləsindən cənuba, Urmiya gölündən qərbə Moğancıq-Musalan silsiləsi ayrı-ayrı dağ tirələrindən ibarət olmaqla, onların mütləq yüksəkliyi 2000 metrlə 3000 metr arasında dəyişir. Silsilələrin ən uca zirvəsi 3601 metrdir. Mezozoyun çökmə süxurlarından yaranan bu silsilənin şərq yamacları Urmiya gölünə doğru istiqamətlənən bir çox çay dərələri vasitəsilə parçalanmışdır. Dağ silsilələri arasında Ərdəbil, Acıdərə, Sərab və Mianə adlı iri dağarası çökəkliklər uzanır. Urmiya dağarası çökəkliyi Xoy şəhəri ilə Miandabad şəhəri arasında 230 km, Təbriz-Quşçu istiqamətində isə (qərbdən şərqə) 125 km məsafədə uzanır. Çökəklikdə pleystosenin kontinental və göl çöküntüləri yayılmışdır.
|
Azerbaycan_tarixi_cild_1
| 37
|
Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır. Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərindən təşkil olunmuş düzənlikdən ibarətdir. Onun sahəsi 1000 kvadrat kilometrə qədərdir. Mianə çökəkliyi Qızılüzən çayının orta axınında yerləşməklə, qərbdən şərqə 25-30 kilometr məsafədə uzanır. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə daxil olmaqla, qərbə doğru 200 metrə qədər yüksəlir. Cənubi Azərbaycan relyefində təbiətin yaratdığı əvəzsiz abidələrdən biri də vulkan mənşəli Savalan dağıdır. Azərbaycan ərazisində dağlıq relyef şəraitində geniş yayılmış sürüşmələr, uçqunlar, sellər və vaxtaşırı baş verən zəlzələlər yaşayış məntəqələrini dağıdır, təsərrüfata ciddi ziyan vurur və insan tələfatına səbəb olur. Azərbaycan ərazisi mezo-kaynozoyun çökmə, vulkanogen və intruziv süxurlarından yaranmışdır. Azərbaycan ərazisi Alp qırışıqlıq zonasına aid olub, tektonik cəhətdən olduqca fəaldır. Bu, özünü ilk növbədə güclü zəlzələlərdə (9 bal) büruzə verir. Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla zəngindir. Bu torpaq ən qədim zamanlardan özünün faydalı qazıntıları ilə, ilk növbədə, nefti və qazı ilə şöhrət tapmışdır. Dəmir, maqnezium, titan (maqnetitli qumdaşı), xrom, mis, polimetallar, kobalt, mərgmüş, molibden, İslandiya şpatı, dağ bülluru, kvars, kükürd kolçedanı, kükürd, barit, alunit, andaluzit, bitum, daş duz və s. kimi filiz və qeyri-filiz faydalı qazıntılar bu torpağın sərvətidir. Tikinti üçün yararlı, odadavamlı, abraziv və digər təbii sərvətlər Azərbaycan ərazisində geniş yayılıb. Azərbaycanda olan mineral bulaqlar öz kimyəvi tərkibinə görə on bir tipə bölünür. Buraya hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-xloridli-sulfatlı, hidrokarbonatlı-sulfatlı, xloridli, sulfatlı-xloridli və başqa kimyəvi tərkibli mineral bulaqlar daxildir. Azərbaycanın coğrafi yeri, onun dağlıq və düzənlik relyefinin atmosfer proseslərilə qarşılıqlı əlaqə və təsiri nəticəsində bir neçə iqlim tipləri yaranmışdır. Azərbaycan Respublikasının iqlimi Kür-Araz ovalığının mərkəz və şərq hissələrində, Qobustanda, Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim-isti yarımsəhra və quruçöl (bozqır və ya step) iqliminə malikdir. Eyni iqlim tipi Talış silsiləsinin şimal yamacı boyu da müşahidə edilir. Qışı quraq keçən mülayim iqlim yarımsəhra və quru çöl iqlimi Kür-Araz ovalığının Ağdaş-Qarqarçayın aşağı axını istiqamətindən qərbə uzanan Qarabağ
|
Azerbaycan_tarixi_cild_1
| 38
|
düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlığa malik olan qış otlaqlarıdır. Bu ərazidə iyulun orta aylıq temperaturu 27°C-dən yüksək olduğundan pambıqçılıq, bağçılıq, üzümçülük, taxılçılıq geniş yer tutur. Kiçik Qafqazın dağətəyi və qismən orta dağlıq hissəsində, eləcə də Acınohur öndağlığında və Qanıx-Əyriçay çökəkliyi daxilində qışı quraq keçən mülayim isti iqlim mövcuddur. Kiçik Qafqazın və eləcə də cənub-şərqi Qafqazın şimal yamacının orta dağlıq ərazisində qışı quraq keçən soyuq iqlim hökm sürür. Böyük Qafqazın cənub yamacının alçaq hissəsi üçün yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti, orta dağlıq ərazi üçün isə qışı rütubətli keçən soyuq iqlim mövcuddur. Talış dağlarında və Lənkəran ovalığında əsasən yayı quraq keçən mülayim-isti iqlim vardır. Azərbaycanda rütubətli subtropik bitkilər (çay, limon, portağal, feyxoa və s.) bu iqlim tipinin əhatə etdiyi Lənkəran ovalığı və ona qovuşan alçaq dağlıq ərazinin şərq yamacında geniş yayılmışdır. Talış dağlarının alçaq dağlığı ilə orta dağlığın qovuşduğu dar bir zolaqda yağıntısı demək olar ki, bərabər paylanmış mülayim-isti iqlim yaranmışdır. Naxçıvan MR-in və Cənubi Azərbaycanın dağarası çökəkliklərində yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur -32°C, illik mütləq maksimum temperatur isə +43°C olur. Hər iki ərazinin orta və yüksək dağlıq hissəsində yayı quraq keçən soyuq iqlim tipi mövcuddur. Bu iqlim şəraitində istər Naxçıvan MR, istərsə də Cənubi Azərbaycan ərazisində meşə örtüyü çox məhdud yaranmış və əsasən yox dərəcəsindədir. Dağ yamaclarının meşədən məhrum olması ariddenudasiya proseslərinin güclənməsinə, eroziyanın intensiv getməsinə, sellərin tez-tez baş verməsinə səbəb olur. Bu iqlim tipinə daxil olan ərazilərdə yay otlaqları az məhsuldardır. Azərbaycanın mütləq yüksəkliyi 2600-2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.
|
Azerbaycan_tarixi_cild_1
| 39
|
Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə orta axın zonasına (25-5 l/san./kv.km) daxildir. Alçaq dağlıq, düzənlik və dağlararası çökəkliklərdə isə zəif axım (5-1 l/san./kv.km) bəzən ondan da az üstünlük təşkil edir. Atmosfer yağıntıları ərazi üzrə bərabər paylanmamışdır. Əgər Azərbaycan Respublikasının Astara rayonunda illik yağıntının miqdarı 1800 mm-dən artıqdırsa, Qobustanın cənub-şərq hissəsində illik yağıntıların miqdarı 150 mm-dir. Mülayim iqlim qurşağın orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərində tipik səhra, 200-400 mm olan ərazilərində tipik yarımsəhra, 400-500 mm olan ərazilərində isə rütubətli dağ çölləri və alçaq dağlıq arid meşələri inkişaf etmişdir. İllik yağıntının 600-1400 mm-ə çatdığı ərazilərdə meşə örtüyü vardır. Yüksək dağlıq çəmənliklərində orta illik yağıntıların miqdarı 600 mm-dən 900 mm-ə qədərdir. Əlverişli relyef şəraiti olan dağlıq ərazilərdə yağan şıdırğı yağış güclü sellərin yaranmasına səbəb olur. Azərbaycan ərazisində ilin isti yarısında düşən dolu, əsən isti-quru küləklər (qara yel və ağ yel), quraqlıq təsərrüfata böyük ziyan vurur. Azərbaycan Respublikasının ən iri çayları Kür, Araz, Samur, Tərtər, Naxçıvançay və başqalarıdır. Cənubi Azərbaycanda Qarasu, Hacılar, Sərdərirud, Qazançay (Ağçay), Zərrinərud, Zulaçay, Nazlıçay və başqa çaylar vardır. Azərbaycanın çayları ilin soyuq aylarında əsasən yağış və qrunt suları, ilin isti vaxtlarında isə qrunt, yağış və qar suları ilə qidalanır. Urmiya gölünün sahəsi 5900 kvadrat kilometr, onun sutoplayıcı hövzəsinin ümumi sahəsi isə 50 min kvadrat kilometrdir. Gölün səviyyəsi 125 m mütləq yüksəklikdədir. Onun uzunluğu 140 km, maksimal eni 40 kilometrdir. Gölün dərinliyi şimal hissədə 6 m-ə, cənubda isə 15 m-ə çatır. Payız və yaz fəsillərində yağışların yağması ilə əlaqədar olaraq onun səviyyəsi qalxır, yayda isə əksinə, su səthindən intensiv buxarlanmanın getməsi sayəsində kəskin enir. Hövzə yüksək minerallaşmaya (220 0/00) malikdir. Lakin göldə xərçəngəbənzər canlılar vardır. Yüksək dağlıq ərazilərdə dağ-çəmən torpaqları inkişaf etmişdir. Dağlıq tundra iqlimi şəraitində (5000 m-dən yüksəklikdə) dağ-çəmən torflu torpaqlar formalaşır. Sıra dağların suayırıcı sahəsi boyunca yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahəni tutur.
|
Azerbaycan_tarixi_cild_1
| 40
|
Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şəraitində formalaşmışdır. Alçaq dağlıq ərazilərdə tipik və açıq-sarı, əksər hallarda skeletli torpaqlar əmələ gəlmişdir. Tipik boz torpaqlar yüksək dağarası çökəkliklərin allüvial-prolüvial mənşəli çöküntüləri üzərində yayılmışdır. Cənubi Azərbaycanda qəhvəyi torpaqlar geniş ərazini örtür. Maqmatik vulkanların püskürməsi nəticəsində yaranan effuziv və intruziv süxurlar üzərində əmələ gəlmiş torpaqlar mikroelementlərlə zəngin olduqlarından onların məhsuldarlığı yüksək olur. Qarabağ vulkanik yaylasını, Savalan və Səhənd dağlarının yamaclarını buna misal çəkmək olar. İqlim şəraitinin kontinentalvarı və quraq keçməsilə əlaqədar Cənubi Azərbaycandakı dağ yamaclarında seyrək kserofit kolluqları və yarımkol friqonoid bitkiləri geniş sahə tutur. Dağarası Çökəkliklərdə və maili düzənliklərdə quru çöl və yarımsəhra bitkiləri inkişaf etmişdir. Qotur-Musalan dağ silsiləsinin şərq yamaclarında enliyarpaqlı meşələr, bozqır və friqonoid bitkilərindən ibarət kolluqlar yayılmışdır. Xəzər dənizinin sahili boyu Üçüncü dövrün dəmirağacı, şabalıdyarpaq palıd, dzelkva və bu kimi relikt bitkilərindən ibarət subtropik meşələr inkişaf etmişdir. Yüksək dağlığın qayalıq hissələrində bezoar keçiləri, muflonlar məskunlaşıb. Dağ-meşə qurşağında daşlıq dələsi, meşə dələsi, ayı, vaşaq, meşə pişiyi, bəzən bəbir, muflon (dağ qoyunu), cüyür, çöl donuzu (qaban), tetra quşu, göyərçin, ular və b. vardır. Yarımsəhra şəraitində qırmızıquyruq siçan, oxlu kirpi, nutriya, gürzə, turac, kəklik, köçəri quşlar və bir çox başqa heyvanlar yaşayır. Azərbaycanın daimi və müvəqqəti qoruqlarında nadir heyvan növləri (ceyran, bezoar keçisi, muflon, cüyür (əlik), xallı maral, sayqak, maral, kövkər və b.), relikt və endemik meşə bitkiləri, eləcə də landşaft kompleksləri mühafizə olunur. Bu qoruqlara Qızılağac, Zaqatala, Göygöl, Bəsitçay, Şirvan, Qarayazı, Pirqulu, Turyançay, Hirkan və başqa qoruqlar aiddir. Azərbaycan ərazisində müxtəlif yüksəklik diapazonlarında yaranmış mürəkkəb təbii şərait, ayrı-ayrı təbii coğrafi komponentlər arasında baş verən qarşılıqlı əlaqə və təsir nəticəsində on bir landşaft tipi və yarımtipi yaranmışdır. Dağlıq ərazilərdə şiddətli parçalanmış yüksək dağlığın subnival, qismən nival-buzlaq, yüksək dağlığın çəmənlik landşaftı vardır. Orta dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-çöl, orta dağlığın dağ kserofit (friqonoid) landşaftları mövcuddur. Dağ ətəklərinin enliyarpaqlı meşə, alçaq dağlığın kserofit, quru çöl və arid meşə, çöl və yarımsəhra landşaftları geniş sahəni əhatə edir. Düzənlik ərazilərdə ovalıq və düzənliklərin meşə-çəmən, quru-çöl və yarımsəhra landşaftları inkişaf etmişdir.
|
Azerbaycan_tarixi_cild_1
| 41
|
BİRİNCİ BÖLMƏ DAŞ DÖVRÜ. İBTİDAİ İCMA QURULUŞU I FƏSİL PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR – YIĞICILAR Daş dövründə Azərbaycanın təbii şəraiti. İnsanın və cəmiyyətin formalaşması və inkişafı təbii mühitin inkişafı ilə yanaşı və sıx əlaqədə getmişdir. Külli miqdarda paleolit abidələrinin tədqiqi nəticəsində təbiətin, insanın və onun maddi mədəniyyətinin inkişafında müşahidə olunan əsas hadisələr arasında sıx qarşılıqlı əlaqələrin mövcud olması müəyyən edilmişdir. Təbiət ibtidai insanların məskəni və qida mənbəyi olmaqla bərabər onların demək olar ki, bütün həyat sahələrinə, hətta antropogenez prosesinə, yayılmasına, təsərrüfat xüsusiyyətlərinə, məişətinə, geyimlərinə belə ciddi təsir göstərmişdir. Antropogenezdə təbiətin rolu əsasən hominidlərin bioloji potensialına stimulvermə və seleksiyaetmə təsirindən ibarət olmuşdur. Xüsusən cəmiyyət tarixinin başlanğıc mərhələsində təbii amillərin insanlara təsiri daha güclü olmuşdur. Təbiətlə insan arasındakı qarşılıqlı münasibətlərin inkişafı təbiətin cəmiyyətin inkişafına təsirinin tədricən zəifləməsi istiqamətində getmişdir. Sosial tərəqqi nəticəsində insanın təcavüzü getdikcə artmış, mütərəqqi hal almış və mürəkkəbləşmişdir. Yer kürəsinin digər bölgələrində olduğu kimi, Azərbaycan ərazisində də təbii şərait sabit qalmamışdır. Xüsusən ibtidai insanların yaşadığı daş dövründə təbiət dəyişilmələri daha kəskin xarakter almışdır. Qərbi Azərbaycanda üst miosen-erkən pliosen yaşlı çöküntü qatlarında tapılan fauna və flora qalıqları göstərir ki, həmin geoloji dövrlərdə (7 mln il bundan əvvəldən 3,2 mln il əvvələdək) ərazidə isti iqlim şəraiti hökm sürmüşdür. Burada savanna tipli meşə-çöl landşaftı olmuşdur. Böyük və Kiçik Qafqaz dağlarının yamacları həmişəyaşıl ağaclarla, zəngin enliyarpaqlı meşələrlə örtülü olmuşdur. Heyvanat aləmi də olduqca zəngin idi. Dağətəyi və düzənlik ərazilərdə insanabənzər meymun, kərgədan, zürafə, dəvəquşu və digər tropik və subtropik iqlim şəraitinə xas olan heyvan sürüləri mövcud olmuşdur. Meşələrdə müasir dövrdə yaşayan ağac növləri ilə
|
Azerbaycan_tarixi_cild_1
| 42
|
yanaşı həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə, maqnoliya, həmişəyaşıl palıd, azat, darçın ağacı, nissa, araliya və s. geniş yayılmışdır. Bu da həmin dövrlərdə iqlimin kifayət dərəcədə isti və rütubətli olduğunu göstərir. Hesablamalara əsasən dağətəyi və düzənliklərdə orta illik temperatur 17-19°C, yanvar ayının temperaturu 6-8°C, iyul ayınınkı 26-27°C, yağıntının miqdarı isə 1100-1200 mm təşkil etmişdir. 3,2 mln il bundan əvvəldən 0,7 mln il əvvələdək olan dövrə aid təbəqələrdə tapılmış heyvan və bitki qalıqları bu dövrdə Azərbaycanda və qonşu ərazilərdə iqlimin xeyli soyuqlaşmasını və quraqlaşmasını göstərir. Düzən və dağətəyi ərazilərdə meşə sahələri xeyli azalır, həmişəyaşıl bitkilərin bir çoxu məhv olur, açıq sahələr genişlənir. Heyvanat aləminin növ tərkibi kasıblaşır, hipparion fauna üstünlük təşkil edir. Bununla belə, bitki tərkibində rütubətli subtropik şəraitdə yaşayan həmişəyaşıl və yayda yaşıl bitki növlərinin (gərməşov, çiyələk ağacı, darçın ağacı, həmişəyaşıl palıd və s.), heyvanlardan isə dəvəquşu, kərgədan və fillərin saxlanılması göstərir ki, iqlim sərt olmamışdır. Belə vəziyyət Azərbaycan ərazisində insanın meydana gəlməsi və yaşaması üçün çox əlverişli şərait yaradırdı. Azərbaycan ərazisində bütün dördüncü dövrü əhatə edən və bəşəriyyətin bütün əsas inkişaf mərhələlərini səciyyələndirən maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Ümumi qəbul olunmuş geoxronoloji bölgüyə əsasən dördüncü dövr üç epoxaya - eopleystosen, pleystosen və holosen epoxalarına bölünür. Azərbaycan ərazisində eopleystosen epoxası 1,8 mln il bundan əvvəl başlanan Abşeron əsrinə müvafiq gəlir. Təxminən 700 min il əvvəl eopleystosen epoxası başa çatır, onu pleystosen epoxası əvəz edir. Pleystosen epoxası üç yerə bölünür: erkən, orta və üst. Azərbaycanda erkən pleystosenə Bakı əsri (700-400 min il əvvəl), orta pleystosenə alt Xəzər əsri (400-130 min il əvvəl), üst pleystosenə üst Xəzər və erkən Xvalın əsrləri müvafiq gəlir. Holosen son 10 min ili əhatə edir. Azərbaycan ərazisində paleolitin ömrü 1 mln ildən artıq olub, üst eopleystosendən holosenədək davam edən dövrü əhatə edir. Çaydaşı mədəniyyətinin sahibləri olan ən qədim insanlar Azərbaycanda üst eopleystosendə (Abşeron əsrində), erkən Aşel mədəniyyətinin sahibləri erkən pleystosendə (Bakı əsrində), Orta Aşel mədəniyyətini yaradanlar isə orta pleystosendə (alt Xəzər əsri) və üst pleystosenin əvvəllərində yaşamışlar. Mustye və son paleolit mədəniyyətlərinin sahibləri Azərbaycan ərazisində pleystosen epoxasının axırlarında məskunlaşmışlar. Azərbaycanın ona qonşu olan Qafqaz və Yaxın Şərq regionlarının paleolit düşərgələrindən və dördüncü dövrün çöküntü qatlarından toplanmış bitki və heyvan qalıqlarının öyrənilməsi bu ərazilərin ibtidai insanlar yaşadığı dövrlərdə mövcud olmuş təbii şəraitini bərpa etməyə imkan verir.
|
Azerbaycan_tarixi_cild_1
| 43
|
Eopleystosen epoxası - çaydaşı mədəniyyəti dövrü iqlimdə soyuqlaşma və quraqlaşma prosesinin güclənməsi, vulkanların fəallaşması, dağların hündürlüyünün artması, dəniz örtən sahələrin azalması, fauna və flora örtüyünün kasıblaşması, meşə sahələrinin azalması, açıq çöl sahələrinin genişlənməsi və ilk dağ-dərə buzlaqlarının yaranması kimi hadisələrlə səciyyələnir. Çaydaşı mədəniyyəti dövrünün birinci yarısında Azərbaycan ərazisinin əksər düzənlik hissəsi hələ Xəzər dənizi suları altında idi. Ərazidə Böyük və Kiçik Qafqaz, Talış, Savalan və b. dağların zirvələri yüksəlirdi. Onlardan ən hündürlərinin yüksəkliyi 2000-3000 m-ə çatırdı. Dağ massivləri vadilər, dərələr və qobularla parçalanmışdı. Dövrün iqlimi indikindən isti və rütubətli idi. Heyvanat aləmi cənub filindən, kərgədandan, yabanı atdan, dəvədən, cüyürdən, maraldan, öküzdən, qılıncdişli pələngdən, dəvəquşundan və s. ibarət olmuşdur. Onların içərisində savanna nümayəndələri üstünlük təşkil edirdi. Bitki aləmi çox zəngin tərkibə malik idi. Alçaq dağlıq və dağönü rayonlarda orta illik temperatur 13-15°C, yanvarın orta temperaturu 5-6°C, iyul ayınınkı isə 22-23°C-yə çatırdı. Çaydaşı mədəniyyəti dövrünün ikinci yarısında təbii şərait ciddi şəkildə dəyişir. Böyük və Kiçik Qafqaz dağlarının qalxması sürətlənir. Qarabağ yaylasında və qonşu ərazilərdə (İran, Türkiyə, Ermənistan yaylası) vulkanlar canlanır, Xəzərin Kür körfəzi xeyli kiçilir, dağönü sahələrdə və Kür çökəkliyində düzənliklər xeyli genişlənir, çay vadiləri dərinləşir və uzanır. Dağların qalxması iqlimdə ümumi qlobal soyuqlaşma ilə yanaşı gedir, bu da Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonalarında buzlaqların yaranmasına səbəb olur. İqlimin soyuqlaşması və atmosferin quraqlaşması isti və rütubətsevər heyvanların və bitkilərin məhv olmasına və yerini dəyişməsinə səbəb olur. Dağətəyi və düzənlik sahələrdə meşələrin ərazisi xeyli azalır, seyrək arid meşələr, çöl və yarımsəhra landşaftlarının sahəsi genişlənir. Aşağı dağlıq qurşaqda enliyarpaq, əsasən palıd və vələs ağaclarından ibarət işıqlı meşələr; orta dağlıq qurşaqda isə enliyarpaq, əsasən palıd, vələs, fıstıq ağaclarından ibarət qarışıq meşələr üstünlük təşkil edir. Yuxarı meşə qurşağını iynəyarpaqlı meşələr, daha yüksəklikləri isə seyrək tozağacı meşələri, subalp çəmənlikləri tutmuşdur. Orta və yüksək dağ yamaclarında müvafiq olaraq qara külgün və seyrək tozağacı meşələri, Quruçay vadisində isə qoz, yalanqoz və digər isti və rütubətsevən bitkilər üstünlük təşkil etmişdir. Dağətəyi sahələrdə seyrək arid meşələr yayılmışdır. Düzənliklərdə onları tuqay meşələri, çöl və yarımçöl landşaftları əvəz etmişdir. Belə vəziyyət ibtidai insanlara müxtəlif heyvanları ovlamağa və yem bitkiləri toplamağa əlverişli imkan yaradırdı. O dövrdə Azıx düşərgəsi yerləşən rayonda iqlim indikindən isti və rütubətli idi. Yanvarın orta temperaturu 4-6°C, iyulun 25-28°C, illik yağıntının miqdarı isə 1000-1800 mm-ə çatırdı.
|
Azerbaycan_tarixi_cild_1
| 44
|
Çaydaşı mədəniyyəti dövründən erkən aşel mədəniyyətinə keçid ərəfəsində landşaftın regional xüsusiyyətləri saxlanmaqla yanaşı, qurunun və dənizin yerləşməsində və iqlimdə bəzi dəyişikliklər getmişdir. Kür körfəzi geri - cənub-şərqi Şirvanadək çəkilir, bütün Kür-Araz ovalığı Şirvandan qərbə dəniz sularından azad olur və düzənliyə çevrilir, iqlim quru və soyuq olur. İqlimin soyuqlaşması və yüksək dağlıq zonalarda buzlaqların əmələ gəlməsi nəticəsində meşələrin sürətlə dağ ətəklərinə doğru enməsi baş verir. Əvvəllər orta və yüksək dağlıq qurşaqları tutan meşələr indi 1000-1200 m-ə qədər enir və Azıx mağarasını əhatəyə alır. Aşel, Mustye və Üst Paleolit dövrlərini əhatə edən pleystosen epoxası Yer kürəsi tarixində buzlaşma dövrü kimi məlumdur. Bu dövrdə Qafqaz və digər Avroasiya dağlarında üç dəfə buzlaşma gedir. Çaydaşı mədəniyyətinin sonunda formalaşan təbii şərait hələ pleystosenin başlanğıcında aşel mədəniyyəti dövründə saxlanmaqda davam edirdi. Erkən aşel mədəniyyəti dövründə (600-400 min il bundan əvvəl) iqlimin istiləşməsi, Şərqi Avropa düzənliyi və Qafqaz buzlaqlarının əriməsi nəticəsində Xəzər dənizinin səviyyəsi qalxır və yenidən Kür-Araz çökəkliyi Gəncəyədək su altında qalır. Çaydaşı mədəniyyətinin isti dövründə olduğu kimi, landşaft qurşaqları öz əvvəlki vəziyyətlərini bərpa edir. Dağ ətəklərində və sahilyanı düzənliklərdə yenidən çöl və yarımsəhra landşaftları hakim olur. Düzənliklərin çaykənarı sahələrində tuqay tipli meşələr yerləşir. Aşağı və orta dağlıq qurşaqlarda enliyarpaqlı və iynəyarpaqlı meşələr üstün mövqe tutur. Bu dövrdə Azıx düşərgəsi enliyarpaqlı meşələrin əhatəsində yerləşmişdi. Yanvarda hərarət 4-7°C, iyulda 22-25°C, illik yağıntı 1200-1600 mm olmuşdur. Erkən aşeldən Orta Aşelə keçid dövründə iqlim yenidən soyuqlaşır. Talış, Böyük və Kiçik Qafqaz dağ massivlərində qalxma sürətlənir. Onların ən yüksək silsilələri buzlaşmaya məruz qalır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşür və sahəsi kiçilir. Kür-Araz ovalığı yenidən quruya, hamar düzənliyə çevrilir. İqlimin soyuması dağlarda meşələrin yuxarı sərhədlərinin aşağı düşməsi ilə müşayiət olunur. Azıx yerləşən ərazidə meşə qurşağının yuxarı sərhədi 1000-1200 m aşağı enir, bu da orta illik temperaturun 5-6°C aşağı düşməsinə dəlalət edir. Göstərmək lazımdır ki, Azıx mağarasında oddan istifadə olunmasını sübut edən əşyayi-dəlillərə (kömür, yanmış sümük, ocaq yerləri) erkən aşel qatının üst təbəqələrində rast gəlinir. Oddan istifadə, şübhəsiz, iqlimin soyuqlaşması ilə əlaqədardır. Osteoloji materiallara görə, Azıx düşərgəsi ərazisində o vaxt meşə heyvanlarından ayı, Qafqaz bəbiri, maral, qaban, xallı maral, vaşaq, çöl və meşə-çöl heyvanlarından at, uzunqulaq, kərgədan, uzunbuynuzlu öküz və s. yaşayırdı. Orta Aşel mədəniyyəti dövrünün əvvəllərində (erkən Xəzər əsrinin birinci yarısında) iqlimdə yenidən istiləşmə gedir. Materik və dağ buzlaqlarının əriməsi nəticəsində Xəzər dənizinin səviyyəsi yenidən qalxır və dəniz indiki Mingəçevir şəhərinə qədər bütün Kür-Araz ovalığını basır. Arazsahili zonada və Mil düzündə yarım səhra landşaftı, dağətəyi sahələrdə çöl və seyrək meşələr, aşağı və orta dağlıq qurşaqlarda
|
Azerbaycan_tarixi_cild_1
| 45
|
palıd, vələs, fıstıq və digər enliyarpaqlı ağaclardan ibarət meşələr üstün yer tuturdu, yüksək dağlıq isə alp və subalp çəmənlikləri ilə örtülü idi. Azıx mağarasının Orta Aşel mədəni təbəqəsindən əldə edilən zəngin osteoloji materialın öyrənilməsi ətraf ərazidə müxtəlif növ heyvanların, o cümlədən cüyürün, xallı maralın, nəhəng maralın, qabanın, vaşaqın, ayının, qamışlıq pişiyinin, kərgədanın, qozbel öküzün, atın, uzunqulağın və s. yaşadığını göstərir. Bitki qalıqlarına əsasən aparılmış hesablamalar dövrün iqliminə aid aşağıdakı göstəriciləri verir: yanvarın orta temperaturu 4-6°C, iyulun 20-23°C, yağıntının miqdarı 1000-1200 mm-dir. Son aşel mədəniyyəti dövrünün (orta pleystosenin ikinci yarısı) əvvəlində iqlim yenidən soyuqlaşır. Belə vəziyyət Azıx sakinlərinin mağaranı müvəqqəti tərk etməsinə səbəb olur. Sonra gələn erkən Mustye dövrü (üst Xəzər əsri) iqlimin xeyli istiləşməsi ilə səciyyələnir. Bu dövrdə Azıx düşərgəsi yuxarı sərhədi 2200-2300 m mütləq yüksəklikdə yerləşən meşə qurşağının ətəyində yerləşmişdi. Bu meşə qurşağı zəngin heyvanat aləminə (cüyür, maral, dağ keçisi, mağara ayısı, qonur ayı və s.) malik idi. Mustye dövrünün (erkən Xvalın əsri) ikinci yarısında qlobal miqyasda soyuqlaşma (vyurm buzlaşma dövrü) ilə əlaqədar Azərbaycan ərazisində, o cümlədən dağlıq əyalətlərdə iqlim sərtləşir, əvvəlki dövrə nisbətən kəskin soyuq və quru iqlim vəziyyəti yaranır. Bu dövrün təbii şəraiti son aşel dövründəkindən fərqlənmirdi. Lakin iqlimin arid olması ilə əlaqədar buzlaqların ölçüsü orta pleystosenin axırlarındakı səviyyəyə çatmır. Əgər dağətəyində və düzənlərdə çöl və yarımsəhra landşaftlarının sahəsinin xeyli genişlənməsini nəzərə almasaq, bütövlükdə landşaft qurşaqlarının və zonalarının yayılması son aşeldə olan vəziyyəti təkrar edir. Bu dövrün ən əlamətdar hadisəsi insanın Azıx mağarasından 150-160 metr aşağıda və bir neçə kilometr aralıda bilavasitə Quruçay sahilində yerləşən Tağlar mağarasına keçməsidir. İnsan burada Mustye mədəniyyəti dövründə (100 min ildən 40-35 min il bundan əvvələdək) yaşayıb. Qazıntı bitki qalıqlarına görə, bu dövrdə düşərgə ətrafındakı dağ yamacları palıddan, vələsdən və cökədən ibarət meşələrlə örtülü olmuşdur. Meşə qurşağının yuxarı hissəsində qara külgün və seyrək tozağacı meşələri mövcud olmuşdur. Bu dövrdə meşə qurşağının yuxarı sərhəddi indikinə nisbətən 700-800 m aşağıda yerləşirdi. Tağlarda insanın yaşadığı dövr ərzində üç nisbi istiləşmə fazası qeyd olunur. Onlardan biri 64-62 min il, ikincisi 58-56 min il, üçüncüsü isə 52-48 min il əvvəl olmuşdur. Bu qısamüddətli istiləşmədən sonra iqlimin yeni qlobal soyuqlaşması dövrü (son vyurm və ya son valday buzlaşma dövrü) başlayır. Şaquli iqlim və landşaft zonalarının enməsi baş verir. Bu onunla sübuta yetirilir ki, yüksək dağ qurşaqlarına xas olan bitki və heyvanların qalıqları Azərbaycanda, Ermənistanda, Gürcüstanda və başqa regionlarda dağ ətəklərində yerləşən Üst Paleolit düşərgələrində tapılır.
|
Azerbaycan_tarixi_cild_1
| 46
|
Mezolit və sonrakı dövrləri əhatə edən holosen epoxası Yer kürəsində iqlimin ümumi qlobal istiləşməsi, dağ və qitə buzlaqlarının tənəzzülə uğraması ilə səciyyələnir. Bu istiləşmə Azərbaycan ərazisində dağ buzlaqlarının tam əriməsi, qar xəttinin və landşaft qurşaqlarının yuxarı qalxması ilə müşayiət olunur. Palinoloji dəlillərə görə, bu dövrdə meşə qurşağının yuxarı sərhədi 2400-2500 m yüksəkliyə qalxır, seyrək arid meşələr isə dağətəyi düzənlikləri basır və Cənub-Şərqi Qafqazda Xəzər dənizi sahillərinə yaxınlaşır. Bu dövrdə, yəni 8-5 min il əvvəl Xəzərin səviyyəsi indikindən 6-7 m yuxarıda idi. Bütün Kür-Araz ovalığı yarımsəhra və səhra landşaftlarına malik düzənlik olmuşdur. Şimaldan və cənubdan ovalığı geniş çöllər əhatə edirdi. Açıq sahələrin genişlənməsi ilə əlaqədar çöl və yarımsəhra heyvanlarının - at, dəvə, öküz, qulan, ceyran, sayqak və başqa iri məməlilərin sayı artır. Ümumiyyətlə, holosen dövrünün təbii-iqlim şəraiti indikindən az fərqlənirdi. Ġnsan cəmiyyətinin ən qədim inkişaf mərhələləri. Alt paleolit - Quruçay mədəniyyəti (olduvay) və aĢel. İbtidai icma cəmiyyətinin, qədim insanların, onların inkişaf xüsusiyyətlərinin meydana çıxması, formalaşması və ayrı-ayrı inkişaf mərhələləri paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət qalıqları vasitəsi ilə tədqiq olunur. Alt paleolit. Çoxtəbəqəli Azıx mağara düşərgəsi. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 30-dan artıq paleolit abidəsi müəyyən olunmuşdur. Azərbaycanın ən ibtidai sakinləri haqqında biliklər mağara düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. Alt paleolit abidələrində aparılan tədqiqatlar zamanı 4 arxeoloji mədəniyyət - olduvay (ən qədim), qədim aşel, aşel və Mustye mədəniyyətləri müəyyən olunmuşdur. Azərbaycanın qədim daş dövrü tarixi üçün ən mühüm arxeoloji tapıntılar Azıx, Tağlar, Daşsalahlı, Qazma və Buzeyir mağara düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuşdur. Bu abidələrin çöküntülərində çaydaşı, aşel və Mustye dövrlərinin mədəni təbəqələri qeydə alınmışdır. Bu mağaralarda aparılan elmi tədqiqatlar nəticəsində, keçmiş SSRİ ərazisində ilk dəfə olaraq, çaydaşı alətləri mədəniyyəti müəyyən olunmuşdur. Bu baxımdan çoxtəbəqəli Azıx mağara düşərgəsində aparılan tədqiqatların xüsusi elmi əhəmiyyəti vardır. Azıx mağara düşərgəsi Azərbaycan Respublikasının Qarabağ bölgəsinin cənub-şərq yamaclarının ucqar nöqtəsində yerləşir. Abidə Quruçayın sol sahilində olub, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Öz böyüklüyünə görə Azıx mağarası Zaqafqaziya karst boşluqları arasında ən möhtəşəmidir. Əlavə mikroyollarla birlikdə mağaranın ümumi uzunluğu 200 metrdən artıq olub, ümumi sahəsi isə 1250 kv.m-dən bir qədər çoxdur. Azıx mağarası karst mənşəli olub, əsasən, son ağcagil - Abşeron dövrləri ərzində əmələ gəlmişdir. Quruçayın yatağı mağaranın giriş yolunu
|
Azerbaycan_tarixi_cild_1
| 47
|
kəsib aşağı enmiş, burada terras əmələ gəlmiş, mağara subasma təhlükəsindən xilas olmuş və ibtidai insanın mağarada yaşamasına şərait yaranmışdır. Quruçay dərəsi, Azıx mağarası yerləşdiyi ərazi ilə birlikdə, istehsal alətləri hazırlamaq üçün zəngin xammal mənbəyi olmuşdur. Burada kvars, kvarsit, bazalt, felzit, çaxmaqdaşı, yaşma və s. mineral daşlar vardır. Azıx mağarası dünya arxeologiyasında xüsusi yer tutaraq, özünün maddi mədəniyyət qalıqlarına görə keçmiş SSRİ ərazisində yeganə abidədir. Burada kompleks şəkildə arxeoloji tədqiqatlar aparılmışdır. Abidənin tədqiq olunmasında arxeoloqlarla yanaşı, paleozooloqlar, paleogeoloqlar, paleogeomorfoloqlar, paleontoloqlar və başqa elmi sahələrin mütəxəssisləri yaxından iştirak etmişlər. Çoxtəbəqəli Azıx mağara düşərgəsinin cənub giriş yolunda arxeoloji qazıntılar zamanı 10 arxeoloji təbəqə qeydə alınmışdır. Çöküntünün ümumi qalınlığı 13,5 metrə bərabərdir. Düşərgənin çöküntülərində qədim paleolitin bütün dövrlərini ardıcıl əks etdirən bütün təbəqələr qeydə alınmışdır. Mağara düşərgələri arasında stratiqrafik cəhətdən belə ardıcıllıq hələlik dünyanın heç bir guşəsində qeydə alınmamışdır. Quruçay mədəniyyəti. Tarixi dövrlə bağlı ən qədim arxeoloji tapıntılar Azıx mağara düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuşdur. Bu təbəqələrdən 300-dən artıq daş məmulatı əldə edilmişdir. Əmək alətləri içərisində əsas yeri kobud çapma alətləri tutur. Daş məmulatı arasında kobud çapacaqlar, kubvari alətlər, kobud qaşovlar, vurma səthi yaxşı saxlanmış qəlpələr və s. qeydə alınmışdır. Maraqlıdır ki, stratiqrafik səviyyədən asılı olmayaraq ən aşağı təbəqələrin daş məmulatı arxeoloji cəhətdən eyni texniki üsulla hazırlanmışdır. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə, çənglə örtülməsindən asılı olaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində də özünü göstərir. Aşağı təbəqələrin daş alətləri əsasən kənarlarından mərkəzə doğru vurub qoparma üsulu ilə çox kobud formada hazırlanmışdır. Belə üsulla hazırlanmış daş alətlər daş məmulatı içərisində çoxluq təşkil edir. Təsvir olunan əmək alətlərini uzunsov çaydaşılarının bir ucu və ya onun uzununa bir kənarını qoparma yolu ilə hazırlamışlar. Göstərilən tip əmək alətlərinin meydana gəlməsi bir daha sübut edir ki, bu cür daş məmulatı iki yuxarı üzü işlənilmiş protoçoppinqlərin ilk istehsal pilləsini təşkil edir. VII-X təbəqələrin daş məmulatı arasında qəlpələrdən hazırlanmış əmək alətləri də vardır. Belə alətlər içərisində əsas yeri qaşov tipli alətlər tutur. Azıx düşərgəsinin aşağı təbəqələrinin daş məmulatı arasında 4-5 kq ağırlığında olan nəhəng çoppervari alətlər diqqəti daha çox cəlb edir. Hələlik keçmiş SSRİ-də olan paleolit abidələrindən belə alətlər qeydə alınmamışdır. Bu cür alətlər şərti olaraq giqantolit adlandırılır. Ancaq təsvir olunan belə alətləri Azıx tipli kobud çapma alətləri adlandırmaq daha münasib olar. VII-X təbəqələrdən aşkar olunmuş arxeoloji materialların olduqca mühüm elmi əhəmiyyəti vardır. Bu materiallar mağarada qədim insanların ilk
|
Azerbaycan_tarixi_cild_1
| 48
|
məşkunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olmuşlar. Quruçay vadisi ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlərə malik olmuşdur. Ona görə də Azıx mağarasının VII-X təbəqələrdən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi mədəniyyət qalıqlarına Quruçayın adı verilmişdir. Aparılmış kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca bəsit hazırlandığı halda, sonrakı mərhələlərdə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri yaranmağa başlamışdır. Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş əmək alətlərinin əksəriyyəti mağaradan kənarda hazırlanmış və sonradan düşərgəyə gətirilmişdir. Çünki buradan əsasən hazır əmək alətləri tapılmışdır. İstehsal tullantıları isə qeydə alınmamışdır. Deməli, qədim Azıx sakinləri mağarada yaşamamışdan əvvəl, Quruçay dərəsinin kənarlarında yaşayıb fəaliyyət göstərmişlər. Əmək alətlərini də məhz burada hazırlamışlar. Azıx qədim insan düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Lakin əməki alətlərinin tipologiyasında fərqli cəhətlər də vardır ki, bu da Azıxın aşağı təbəqə materialları əsasında yeni arxeoloji mədəniyyətin aşkar olunmasına səbəb olmuşdur. Aparılan kompleks elmi tədqiqatlar nəticəsində Quruçay mədəniyyətinin Azıxda 1,2 milyon il bundan əvvəl başlayıb və 700 min il əvvəl sona çatması müəyyən olunmuşdur. Hazırda keçmiş SSRİ ərazisində Quruçay mədəniyyəti ən qədim arxeoloji mədəniyyət hesab olunur. Məhz bu mədəniyyətin maddi mədəniyyət qalıqları əsasında ölkəmizin ərazisində ibtidai insanların 1,2 milyon il bundan əvvəl yaşamağa başlaması və daşdan əmək alətləri hazırlaması elmi əsaslarla sübuta yetirilmişdir. Aparılan arxeoloji tədqiqatlar nəticəsində Quruçay mədəniyyəti dövründə qədim insanların əsasən ovçuluq və yığıcılıqla məşğul olmaları müəyyən edilmişdir. Həmçinin bəşər tarixinin Azərbaycan ərazisində Quruçay mədəniyyəti dövründən başlaması sübuta yetirilmişdir. Qədim aşel. Azıx mağarasında Quruçay mədəniyyəti dövrü özünün uzunmüddətli inkişafından sonra qədim aşel ilə əvəz olunmuşdur. Azıxda qədim aşel düşərgənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır. Buradan 2 mindən artıq daş məmulatı və çoxlu ovlanmış heyvan sümükləri tapılmışdır. Azıx mağarasında qədim Aşel dövrü VI təbəqənin materialları ilə meydana çıxmaqla yanaşı, yerli çaydaşı alətləri Quruçay mədəniyyəti əsası üzərində inkişafa başlamışdır. Bəşəriyyət tarixində qədim və Orta Aşel mədəniyyətləri ilk dəfə
|
Azerbaycan_tarixi_cild_1
| 49
|
olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır. Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli nukleuslarla (nüvələr) xarakterizə olunur. VI təbəqədən həmçinin ilk dəfə olaraq əl çapacaqları tapılmışdır. Əl çapacaqlarının meydana çıxması ibtidai insanların həyatında mühüm rol oynamışdır. Bununla əlaqədar olaraq ovçuluq təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar. Qədim aşel təbəqəsindən tapılmış əmək alətləri içərisində əsas yeri çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər tutur. Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə ibtidai insanların əmək alətləri hazırladıqlarını göstərir. Məhz VI təbəqədən tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların qədim aşel dövründə hazırlandıqlarını söyləmək olur. Aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, bəşəriyyət tarixində qədim aşel mədəniyyəti 700-500 min illər arasında mövcud olmuş və 200 min ildən bir qədər artıq davam etmişdir. Bu dövrdən əmək alətlərinin təkmilləşməsi və yeni-yeni əmək alətlərinin meydana çıxması başlanır. Azıx düşərgəsinin VI təbəqəsindən aşkar olunmuş əmək alətlərinin zənginliyi dediklərimizi bir daha təsdiq edir. VI təbəqədən ocaq yerinin qeydə alınması qədim Azıx sakinlərinin süni odla tanış olduqlarını göstərir. Azıx mağarasının qədim aşel təbəqəsindən tapılmış heyvanat aləminin növləri göstərir ki, bu dövrdə Azərbaycan ərazisində soyuqlaşmaya doğru dəyişikliklər baş vermişdir. Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxluq təşkil edir. Sümük məmulatının təyinatı əsasında demək olar ki, qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng marallar tutur. Qədim aşel təbəqəsindən tiraspol kompleksi nümayəndələrindən Şotenzak bizonu, Merka kərgədanı və s. fauna qalıqlarının aşkar olunması təbəqənin Bakı dövrünə (mindeldən əvvəlki dövrə) aid olduğunu göstərir. Orta Aşel. Azıx mağarasında qədim aşel özünün uzunmüddətli inkişafından sonra Orta Aşellə əvəz olunmuşdur. Orta Aşel mədəniyyəti düşərgənin V təbəqə materiallarında öz əksini tapmışdır. Arxeoloji qazıntılar vasitəsilə V təbəqədən tapılmış daş alətlərin əsasını kobud çapma alətləri və əl çapacaqları təşkil edir. Bu təbəqədən cəmi 289 ədəd daş məmulatı qeydə alınmışdır. Daş məmulatı arasında müxtəlif klekton tipli alətlər də qeydə alınmışdır. V təbəqənin daş məmulatı texniki-tipoloji xüsusiyyətlərinə görə özündən aşağıda yerləşən VI təbəqənin materialları ilə yaxınlıq təşkil edir. Eyni zamanda V
|
Azerbaycan_tarixi_cild_1
| 50
|
təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini özündə birləşdirir. Arxeoloji tədqiqatlar zamanı V təbəqədən daş məmulatı ilə birlikdə minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir ki, Orta Aşel dövründə Azıx düşərgəsində yaşayan sakinlərin məşğuliyyətində əsas yeri ovçuluq tutmuşdur. V təbəqənin maddi mədəniyyət qalıqlarının elmi tədqiqi göstərir ki, Azıx düşərgəsində Orta Aşel dövründə əsasən ovçu sakinlər yaşamışlar. Qədim Azıx adamı - azıxantrop. 1968-ci ilin iyul ayında Azıx düşərgəsinin Orta Aşel təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insanın çənə parçası aşkar olunmuşdur. Alt çənə üzərində bir neçə diş qalmışdır. Dişlərdən yalnız üçüncü azı diş bütöv qalmış, ikinci azı diş isə ortadan sınmışdır. Birinci azı isə tamamilə yoxdur, lakin onun diş yuvaqları olduqca yaxşı nəzərə çarpır. Çənənin iri olması açıq nəzərə çarpır və onun gövdəsi nisbətən qalındır. Azıx çənəsi avstralopiteklərdən fərqlənir və müəyyən cəhətlərinə görə arxantropların arasında özünə yer tutur. Çənənin quruluşundakı spesifik cəhətlərə əsasən, bir tərəfdən pitekantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlıq təşkil etməklə yanaşı, digər tərəfdən də, bir çox proqressiv cəhətlərinə görə Fransanın Araqo mağarasının aşel təbəqələrindən tapılmış preneandertallara daha yaxındır. Azıxın Orta Aşel təbəqəsindən tapılmış çənə fraqmentinin sahibinə azıxantrop (yəni Azıx adamı) adı verilmişdir. D.Hacıyev çənə üzərində apardığı elmi tədqiqat zamanı müəyyən etmişdir ki, bu, keçmiş SSRİ ərazisində ən qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur. Bu qadın 350 min il bundan əvvəl Azərbaycan ərazisində yaşamışdır. V təbəqədən çənə ilə birlikdə daş alətlər və heyvan sümükləri də tapılmışdır. Bu təbəqədən eyni zamanda çoxlu mətbəx tullantıları, ocaq yerləri, xəlvət yer, qaya daşlarından düzülmüş ibtidai tikinti hissəsi və s. aşkar olunmuşdur. Azıx sakinləri Orta Aşel dövründə ovçuluqla daha yaxşı məşğul olmuşlar. Qədim Aşel dövründə 11 növ iri heyvan ovlandığı halda, Orta Aşel dövründə 45 növ heyvan və quş ovlanmışdır. Ovçuluq aşel adamlarını nəinki yeməklə, eyni zamanda geyimlə təmin edərək, onlara yaşayış yerləri tikililərini hazırlamağa da imkan vermişdir. Böyük maraq doğuran cəhətlərdən biri də, dövründən asılı olmayaraq, Orta Aşeldə öyrənilmiş ocaqların mağaranın eyni sahəsində qeydə alınmasıdır. Bu, burada yaşayanların qohumluq ənənələrini davam etdirməsini göstərir. Ocaqla eyni sahədə, qaya divarları arasında xəlvəti yer qeydə alınmışdır. Həmin yerdə mağara ayılarının kəllələri gizlədilmişdi. Ayı kəllələrinin belə xəlvəti yerdə gizlədilməsi, yəqin ki, o dövrdə ilk dini təsəvvürlərin yarandığını göstərir.
|
Azerbaycan_tarixi_cild_1
| 51
|
Azıxın IV təbəqəsindən maddi mədəniyyət qalıqları tapılmamışdır. Bu, qədim Azıx sakinlərinin düşərgəni müvəqqəti tərk etdiklərini göstərir. Lakin insanlar düşərgəyə yenidən Mustye dövrünün əvvəllərində gəlib burada yaşamağa başlamışlar. Orta Paleolit-Mustye mədəniyyəti (100-35 min il əvvəl). Aparılan arxeoloji tədqiqatlar göstərir ki, 100 min il bundan əvvəl Son Aşel dövrü Mustye mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövr ilk dəfə Fransanın Le-Mustye düşərgəsində müəyyən olunduğuna görə, tapıldığı yerin adı ilə Mustye mədəniyyəti adlandırılmışdır. Mustye dövrü insanlarının həyatında mühüm dəyişikliklər baş vermişdir. Məhz bu dövrdən başlayaraq qədim insanlar yeni tipli əmək alətləri hazırlamağa başlamışlar. Bu, onların inkişafı ilə əlaqədar olaraq meydana çıxmışdır. Artıq əvvəlki dövrlərdə hazırlanmış əmək alətləri - kobud çapma alətləri, əl çapacaqları insanların yeni tələbatını ödəyə bilmir və daha mükəmməl universal əmək alətlərinin hazırlanması əsas məsələ kimi qarşıda dururdu. İlk dəfə olaraq levallua və Mustye itiuclularının hazırlanması qədim insanların həyatında mühüm rol oynadı. Mustye mədəniyyəti dövründə qədim insanların bədən quruluşunda, istehsal texnikasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş vermişdir. Mustye dövrünün sakinləri neandertal tipli insanlar olmuşlar. Onlar yaşamaq üçün özlərinə mağaralarda, açıq yaşayış yerlərində və komalarda yer hazırlayırdılar. Neandertal tipli insanlar yaşayış tikililərini əsasən nəhəng heyvan sümüklərindən və iri qaya daşlarından düzəldirdilər. Mustye dövründə də qədim adamların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mustye dövründə neandertal tipli insanların qəbirləri aşkar olunmuşdur. Deməli, Mustye dövründə neandertal tipli adamların həyatında dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamışdır. Azərbaycanda aparılan arxeoloji tədqiqatlar zamanı Mustye mədəniyyətinə aid Azıx (III təbəqə), Tağlar, Daşsalahlı, Qazma və Buzeyir düşərgələri aşkar olunmuşdur. Azıx mağarasının III təbəqəsində tədqiqatlar zamanı 3 mindən çox daş məmulatı və 6 mindən artıq ovlanmış heyvan sümükləri tapılmışdır. Düşərgənin III təbəqəsindən aşkar olunmuş daş məmulatının əksəriyyəti çaxmaq və şist daşlarından hazırlanmışdır. Daş məmulatı arasında dəvəgözü daşından hazırlanmış əmək alətləri də qeydə alınmışdır. Bu göstərir ki, Azıx düşərgəsində Mustye dövrü adamları əmək alətləri hazırlamaqda üstünlüyü çaxmaq və şist daşlarına vermişlər. Bu, heç də təsadüfi deyil. Qədim adamlar təcrübədə görmüşlər ki, çaxmaq daşından istənilən formada əmək alətləri hazırlamaq olur və onlardan müxtəlif məqsədlər üçün istifadə etmək əlverişlidir. Azıx Mustye düşərgəsi daş məmulatının elmi təhlili göstərir ki, mağara sakinləri əmək alətlərinin bir hissəsini mağaranın özündə, digər hissəsini isə
|
Azerbaycan_tarixi_cild_1
| 52
|
kənarda hazırlamışlar. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx mağarasında daim yaşamışlar. Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin III təbəqəsindən ovlanmış heyvan sümükləri tapılmışdır. Sümüklər içərisində çoxlu at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s. heyvanların sümükləri qeydə alınmışdır. Sümüklərin bəziləri daşlaşmışdır. Tapılmış sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. Bu da Azıx sakinlərinin həyatında Mustye mədəniyyəti dövründə odun əsas yer tutduğunu göstərir. Azərbaycan ərazisində Mustye mədəniyyətinə aid ən möhtəşəm abidə Tağlar düşərgəsidir. Tağlar Mustye düşərgəsi özünün maddi mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. Mağara Qarabağ ərazisində olub, Quruçayın sol sahilində yerləşir. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparılır. Arxeoloji tədqiqat işləri nəticəsində düşərgədən 7 mindən artıq daş məmulatı və qədim insanların ovladıqları 20 mindən çox heyvan sümükləri aşkar olunmuşdur. Tağlar düşərgəsinin çöküntülərində altı mədəni təbəqə qeydə alınmışdır. I təbəqədən orta əsrlər, tunc və eneolit dövrlərinə aid gil qab qırıqları tapılmışdır. II-VI təbəqələrdən Mustye mədəniyyətinə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Daş məmulatı içərisində əmək alətləri, istehsal tullantıları və nukleus əsas yer tutur. Daş məmulatının elmi tədqiqi göstərir ki, Tağlar mağarasının qədim sakinləri əmək alətlərini əsasən düşərgədə hazırlamışlar. Əmək alətləri içərisində əsas yeri levallua, Mustye itiucluları və qaşov tipli alətlər tutur. Əmək alətlərinin əksəriyyəti çaxmaq daşından hazırlanmışdır. Daş alətlər içərisində tək-tək bıçaq, dişli və gəzli alətlər də qeydə alınmışdır. Bütün Zaqafqaziya və Yaxın Şərq abidələri içərisində Tağlar Mustye düşərgəsi yeganə abidədir ki, burada yaşayış uzunmüddətli olmuşdur və tapılan əmək alətləri zəngin tarixə malikdir. Tağlar Mustye düşərgəsi daş məmulatının texniki və tipoloji tədqiqi zamanı Paleolit dövrü üçün yeni əmək alətləri qeydə alınmış və onlara Tağlar tipli əmək alətləri adı verilmişdir. Həmin alətlər olduqca zərif hazırlanmış və bir neçə işlək ağıza malikdir. Tağlar mağarasının mədəni təbəqələrindən çoxlu ovlanmış heyvan sümükləri də aşkar olunmuşdur. Bu göstərir ki, Mustye mədəniyyəti dövründə Tağlar mağarasında yaşayan qədim insanların əsas fəaliyyəti ovçuluqdan ibarət olmuşdur. Sümüklər həddən artıq çapıldığından əksəriyyətinin hansı heyvan növünə aid olmasını təyin etmək qeyri-mümkündür. Təyin olunanlar isə ancaq ayrı-ayrı çənə və dişlərdən
|
Azerbaycan_tarixi_cild_1
| 53
|
Sümüklər arasında maral, mağara ayısı, ibtidai at sümüklərinin qırıntıları çoxdur. Tağlar düşərgəsinin çöküntülərində çoxlu ocaq layları aşkar olunmuşdur. Bu göstərir ki, qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. Tağlar düşərgəsinin maddi mədəniyyət qalıqları əsasında əmək alətlərinin uzunmüddətli inkişafını və yeni-yeni əmək alətlərinin meydana gəlməsi xüsusiyyətlərini öyrənmək olur. Aydındır ki, əmək alətlərinin inkişafı insanların təkamülünün təzahürü idi. Məhz ona görə də əmək alətlərinin inkişafı tarixi insan cəmiyyətinin, insanın özünün inkişaf tarixi deməkdir. Tağlar mağarasında kompleks şəkildə elmi-tədqiqat işləri aparılmışdır. Burada arxeoloqlarla yanaşı, paleontoloqlar, paleogeoloqlar, paleocoğraflar, paleobotaniklər və başqa elm sahələrinin mütəxəssisləri işləmişlər. Bu tədqiqatlar nəticəsində düşərgənin arxeoloji tədqiqi ilə yanaşı düşərgə ətrafının və qonşu ərazilərin erkən xvalın əsrindəki təbii iqlim şəraiti bərpa edilmişdir. Məlum olmuşdur ki, həmin dövrdə Kiçik Qafqazın cənub-şərq hissəsində bütün müasir landşaft qurşaqları mövcud olmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində Tağlar Mustye düşərgəsində qədim insanların 90 min il bundan əvvəldən 35 min il əvvələ qədər yaşadıqları müəyyən olunmuşdur. Eyni zamanda bütün Yaxın Şərq ərazisində Tağlar düşərgəsinin əsas mədəniyyət mərkəzi olması və Tağlarda hazırlanmış əmək alətlərinin hələ Mustye mədəniyyəti dövründə Yaxın Şərq ölkələri ərazisində yayılması aydın olmuşdur. Daşsalahlı mağarası. Mağara Qazax rayonu ərazisində Daşsalahlı kəndi yaxınlığında yerləşir. Burada 1958-1959-cu illərdə arxeoloji qazıntı aparılmışdır. Arxeoloji tədqiqatlar zamanı düşərgənin çöküntülərindən 300-dən artıq daş məmulatı və ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Daş məmulatı içərisində əsas yeri nüvələr, qaşov tipli alətlər, levallua və Mustye itiucluları tutur. Düşərgədə fauna qalıqlarının tapılması qədim insanların burada ovçuluqla məşğul olmasını göstərir. Maraqlıdır ki, mağarada ocaq yeri qeydə alınmışdır. Dassalahlı düşərgəsindən tapılmış daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən burada Mustye mədəniyyəti dövründə qədim insanların yaşadığını söyləmək olur. Qazma mağarası. Mağara Şərur rayonu ərazisində olub, Tənənəm kəndi yaxınlığında yerləşir. Mağara Qazma dərəsində olduğuna görə, ona Qazma adı verilmişdir. Burada arxeoloji qazıntılar aparılmış və altı mədəni təbəqə qeydə alınmışdır. I və II təbəqələrdən orta əsrlər, tunc və eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Düşərgənin aşağı təbəqələrindən isə daş dövrünə aid əmək alətləri və 10 mindən artıq ovlanmış heyvan sümükləri aşkar olunmuşdur.
|
Azerbaycan_tarixi_cild_1
| 54
|
Qazma düşərgəsindən tapılmış daş məmulatı çaxmaq və dəvəgözü daşlarından hazırlanmışdır. Əmək alətləri əsasən qaşov tipli alətlərdən və itiuclulardan ibarətdir. Alətlər itiləyici dişəklə dişəklənmişlər. Daş məmulatı içərisində istehsal tullantılarının qeydə alınması göstərir ki, qədim insanlar əmək alətlərinin bir qismini düşərgədə hazırlamışlar. Qazma mağarasında aşkar olunmuş daş alətlərin hazırlanma texnikası və tipologiyası əsasında burada qədim insanların Mustye mədəniyyəti dövründə yaşadıqlarını söyləmək mümkün olmuşdur. Qazma düşərgəsindən çoxlu sümük məmulatının tapılması göstərir ki, Mustye mədəniyyəti dövründə Qazma sakinlərinin həyatında ovçuluq xüsusi yer tutmuşdur. Buzeyir mağarası. Mağara Lerik rayonu ərazisində Zuvand çayının sol sahilində, Buzeyir kəndinin şərqində yerləşir. Mağara kəndin yaxınlığında olduğu üçün ona Buzeyir adı verilmişdir. Buzeyir kəndi dağın döşündə, mağara isə Talış dağlarının ən yüksək zirvəsində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasında aparılan arxeoloji qazıntılar zamanı beş təbəqə qeydə alınmışdır. Üst təbəqələrdən orta əsrlər və tunc dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Aşağı təbəqələrdən isə daş məmulatı və ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Daş məmulatının əsas hissəsini qaşov tipli alətlər və itiuclular təşkil edir. Buzeyir qədim insan düşərgəsindən aşkar olunmuş daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların Mustye-Son Aşel dövrlərində hazırlanmasını söyləmək olur. Buzeyir mağarası Lənkəran zonasında paleolit dövrünə aid tapılmış ilk qədim insan düşərgəsidir. Əgər indiyə kimi bu ərazidə insanların yaşaması 10-15 min il bundan əvvələ aid edilirdisə, yeni tapıntı paleolit dövrü adamlarının hələ 80-90 min il bundan əvvəl burada yaşadıqlarını göstərir. Üst paleolit. Uzun müddət davam etmiş Mustye mədəniyyətini Azərbaycanda 35-33 min il bundan əvvəl üst "paleolit" əvəz etmişdir. Arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, Azərbaycanda Üst Paleolit mədəniyyəti 35-12 minilliklər arasında mövcud olmuşdur. Üst paleolitə keçid qədim insanların həyatında, təsərrüfatında, həyat tərzində, ideologiyasında və əmək alətləri hazırlanmasında mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə daşdan və sümükdən daha nəcib və universal əmək alətləri hazırlanmışdır. Artıq bu dövrdən daş və sümüklər üzərində işlənmiş incəsənət nümunələri meydana gəlməyə başlamışdır. Üst paleolit dövründə prizmaşəkilli nukleuslardan, yeni texniki üsullarla qoparılmış uzunsov bıçaqşəkilli çaxmaqdaşı lövhələrindən qaşov, qaşovcuq, tiyə, biz, ucluq və s. kimi daş alətlər hazırlanırdı. Bu alətlərin çoxu sümük və ya ağac dəstəkli (saplaqlı) olurdu. Daş alətlərlə yanaşı, sümükdən hazırlanmış biz, bıçaq, qarmaq
|
Azerbaycan_tarixi_cild_1
| 55
|
süngü, iynə və s. alətlərdən də istifadə olunurdu. Son paleolit dövrü adamları əsasən mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşayırdılar. Üst paleolit dövrü incəsənəti xüsusilə diqqəti cəlb edir. Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu qadın təsvirləri yaradılmışdır. Son paleolit dövründə zəngin qəbir avadanlığına malik müxtəlif dəfn adətləri olmuşdur. Bu dövrün adamları fiziki cəhətdən müasir insan formasında (neantrop, kromanyon və s.) olmuşlar. Respublikamızın ərazisində Üst Paleolit dövrünə aid maddi mədəniyyət nümunələri Damcılı mağarasından, Yataq yeri və Zar açıq yaşayış yerindən aşkar olunmuşdur. Damcılı mağarasının daş məmulatı içərisində Üst Paleolit dövrünə aid qaşovcuqlar, kəsici alətlər, bizlər və bıçaq tipli alətlər qeydə alınmışdır. Alətlərin əksəriyyəti çaxmaq və dəvəgözü daşlarından hazırlanmışdır. Damcılı düşərgəsinin maddi mədəniyyət nümunələri qarışıq haldadır. Ona görə də ancaq tipoloji metod əsasında əmək alətləri tədqiq olunmuşdur. Ümumiyyətlə, Azərbaycanda hələlik Üst Paleolit mədəniyyəti olduqca zəif öyrənilmişdir. Ona görə də respublikamızın ərazisində bu mədəniyyətin xarakterik xüsusiyyətlərini geniş tədqiq etmək üçün arxeoloji material olduqca azdır. Azərbaycanın Paleolit dövrü sakininin mənəvi aləmi haqqında. Erkən tarixi dövrlərdə, xüsusilə ibtidai insan sürüsü mərhələsində Azərbaycan sakinlərinin mənəvi aləmi haqqında bizim biliklərimiz çox azdır. Güman etmək olar ki, ibtidai insan sürüsü mərhələsi qədim paleolit (çaydaşı və yaxud Olduvay mədəniyyətinə; Azərbaycan ərazisində isə Quruçay mədəniyyətinə) və yaxud erkən (qədim) aşel (abbevil) dövrünə təsadüf etmişdir. Lakin həmin dövr Azərbaycan sakinlərinin məhz əmək alətlərinin nisbətən mürəkkəb məcmusuna arxalanaraq təbiətdən fəal surətdə istifadə etmələri ilə heyvanlardan xeyli dərəcədə fərqlənməsi şübhə doğurmur. Onlar məhv olmamaq, açıq tipli məskənlərdə və mağaralarda həyatı davam etdirmək üçün ətraf mühitə yaxşıca uyğunlaşmalı idilər. Şübhə yoxdur ki, onlar güclü idilər, yaxşı silahlanmışdılar və əqli cəhətdən kifayət dərəcədə inkişaf etmişdilər. Güman etmək olar ki, artıq erkən aşel dövründə (bu tarixi dövr güns-mindellə və mindelin birinci yarısı ilə üst-üstə düşür, təxminən 700-400 min il bundan əvvələ təsadüf edir) insan ilk universal əmək alətini - əl çapacağını yaratmışdır. Bu, eyni tip əsasında və eyni üsullarla hazırlanmış ilk "standartlaşdırılmış əmək aləti" idi. "Standartlaşdırılmış əmək aləti öz-özlüyündə qazıntı halında tapılmış konsepsiyadır" [Q. Çayld], yəni mücərrədləşdirmənin heyvan üçün mümkün olmayan yüksək səviyyəsini tələb edir, bu əmək alətini yalnız "tanıma", "təkrarlama" və digər hərəkətlər əsasında əldə etmək mümkün deyildir. Belə nəticə hasil olunur ki, "standartlaşdırılmış əmək aləti"ni hazırlamış fərddə həmin alət haqqında mücərrəd təsəvvür vardı. Bu aləti hazırlayan insanın beynində
|
Azerbaycan_tarixi_cild_1
| 56
|
alətin hazırlanmasından əvvəl onun forması, nümunəsi mövcud idi. "Nümunənin təsəvvürə gətirilməsi onun haqqında biliyin olması deməkdir, bu bilik isə cəmiyyət tərəfindən mühafizə olunur və ötürülür" Əvvəllər bu "hal yox idi və ola da bilməzdi. Bundan başqa, Qədim Aşel dövrünə aid olan əl çapacağının ritm hissinin mövcud olduğunu təsdiqləyən səliqəli simmetriyaya malik olması təsdiq etməyə imkan verir ki, həmin zamanın insanlarında artıq bəsit olsa da, ilk estetik vərdişlər təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, eyni zamanda gözəl əşyaların hazırlanmasına tələbat yaranmışdı. Beləliklə, işlək əllər ritmi dəqiqliyin, həmahəngliyin və gözəlliyin ilk nümunələrini yaradırdı. Deməli, əmək prosesinin özündə artıq emosional məqam vardı və sonralar incəsənətin rüşeymləri həmin məqamdan başlanğıc aldı. Tədqiqatçılar belə hesab edirlər ki, əmək ritminin ardınca rəqsin (bəlkə də mahnının), ritmik rəqslərin ardınca ornamentlərdə və sadə rəsmlərdə xətlərin ritmik sıralanmasının meydana çıxması şübhəsizdir. Aşağı Paleolit dövründə yaşamış insan artıq mağaralardan daimi yaşayış yeri kimi istifadə etməyə başladı. Azıx mağarası bunun parlaq nümunəsidir. Yarandıqdan sonra başlanğıc dövründə həmin mağarada zaman-zaman yaxın bölgələrin sakinləri qərarlaşırdılar. Bu bölgələrdə onların dayanacaqları, ya da yurd yerləri mövcud idi, həmin insanlar burada qərarlaşmış, müəyyən müddət ərzində mağarada yaşamış, sonra isə güns-mindel dövründən başlayaraq yeni yaşayış yerində intensiv surətdə məskunlaşmağa başlamışdır. Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən yiyələnmiş, onu uzun müddət ərzində mühafizə etməyi bacarmışlar. Mağarada aşkar olunmuş ocaq qalıqları bunu təsdiq edir. Bu mağarada od bir neçə yüz min il bundan əvvəl alovlanmağa başlamışdı. F.Engels göstərirdi ki, odun mühafizə olunması məharəti "nəhəng, öz əhəmiyyətinə görə demək olar ki, ölçüyə gəlməz kəşfdir". Od insanın nəinki həyatını, habelə şüurunu da dəyişdirdi. Od nəhəng texniki və ictimai qüvvə olduğu üçün bu, təəccüblü deyildir. Od insanın iqlimdən asılılığını aradan qaldırdı, insanın soyuqdan və vəhşi heyvanlardan daimi olaraq, etibarlı şəkildə qorunması vasitəsinə çevrildi, onun qidalanma mənbələrini genişləndirdi, əmək alətlərinin hazırlanmasında, ov üsullarının inkişafında və s. mühüm rol oynadı. F.Engelsin ifadəsincə deyilsə, "odun dərk olunması insanın təbiət üzərindəki ilk böyük qələbəsi idi". Bütün digər cəhətlərdən başqa odun kəşfi, mühafizəsi və istifadəsi insanların həyatında tamamilə yeni hadisə olan kəmiyyət-məkan münasibətlərinin dərk edilməsində də bilavasitə özünü göstərdi. İnsan odu daim mühafizə etmək üçün onu fasiləsiz surətdə müəyyən "paylarla" yanacaq ilə "qidalandırmalı", mövcud olan "qidanı" günün tələblərilə uzlaşdırmalı, beləliklə, hesablamalar aparmalı idi... Və ola bilər ki, heç də təsadüfi deyil ki, qədim əfsanələrdə göstərildiyi kimi, Prometey insanlara odu bəxş edərkən onlara hesablamalar aparmağı öyrətmişdi. Tədqiqatçılar
|
Azerbaycan_tarixi_cild_1
| 57
|
belə hesab edirlər ki, artıq indi bu süjetin pitekantrop dövrünə gedib çıxa bilməsi haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır. Qeyd etmək olar ki, artıq uzaq erkən Aşel dövründə "ibtidai insanların şüurunda forma (Qədim Aşel dövrünə aid olan əl çapacağını xatırlayaq, çapacağın hazırlanması üçün insan onun haqqında, ilk növbədə, onun forması haqqında mücərrəd təsəvvürə malik olmalı idi - məsul red.), ölçü (odun yanma müddətinə və yanacağın miqdarına dair situasiyanı xatırlayaq. - məsul red.) haqqında ən sadə təsəvvür meydana gəldi və şüur say haqqında təsəvvürün ərəfəsində dayanmışdı" [F. A. Frolov]. Pitekantroplar erkən aşel mədəniyyətinin yaradıcıları idilər. Onlar təşəkkül tapmaqda olan insanlar sırasında ən qədimlərindən olmuş və elmi ədəbiyyatda "arxantroplar" kimi qeyd edilirlər. Bu mərhələ insanın idrak fəaliyyətinin inkişafında yeni, əvvəlki dövrlə müqayisədə nəzərə çarpacaq dərəcədə yüksək səviyyə idi. Şübhə ola bilməz ki, Azıxın erkən aşel mədəniyyətinin yaradıcıları da artıq təfəkkürə və təşəkkül tapmaqda olan nitqə, habelə mənəvi mədəniyyətin müəyyən elementlərinə malik idilər. İnsanın və onun mədəniyyətinin inkişafındakı bu tərəqqi cəmiyyətin, xüsusilə əməyin uzunmüddətli inkişafının nəticəsi idi. Əmək prosesində insanın özünün mahiyyətində, onun hissiyyat orqanlarında, qabiliyyətində, təfəkküründə, nitqində, aləmi dərk etməsində və s. mütərəqqi dəyişiklik baş verirdi. Bu dəyişiklik artıq insanın və insan cəmiyyətinin inkişafının erkən mərhələlərində - erkən aşel mərhələsində baş verməkdə idi. Orta Aşel mərhələsindən başlayaraq (mindelin sonu və mindel-rissin birinci yarısı - təxminən 400 min il əvvəl) son aşel mərhələsinədək (rissin sonu və riss-vyurmun başlanğıcı - təxminən 100 min əvvəl) olan zaman Azərbaycan sakinlərinin həyatında müqayisə olunmayacaq dərəcədə daha yüksək mərhələ olmuşdur. Azıx mağarasının Orta Aşel mərhələsinə aid olan təbəqəsi yalnız əmək alətləri ilə deyil, həm də Azıx insanının mənəvi inkişafı haqqında danışmaq imkanı yaradan materiallarla kifayət qədər zəngindir. İlk növbədə qeyd etmək lazımdır ki, artıq Orta Aşel mərhələsinin başlanğıcında Azərbaycanda arxantroplardan paleoantroplara keçid təşkil etmiş insan yaşamışdır. Bu insan arxantroplara nisbətən daha sapiental idi və preneandertallara və yaxud, bizim elmi ədəbiyyatda qəbul edildiyi kimi, azıxantroplara aid oluna bilər. Azıxantrop təxminən 400 min il bundan əvvəl yaşamışdır. Güman etmək olar ki, insanın fiziki tipində həmin zaman nəzərə çarpan dəyişikliklər onun təkamülündə təxminən 200 min il bundan əvvəl mühüm dönüş - paleoantropların, xüsusilə neandertalların meydana gəlməsi ilə başa çatmış prosesin başlanğıc mərhələləri idi. Əgər bu zamanadək insanın təkamülü ləng gedirdisə, bu dövrdən etibarən həmin proses əhəmiyyətli dərəcədə sürətləndi və böyük irəliləyiş
|
Azerbaycan_tarixi_cild_1
| 58
|
üzün zəmin hazırladı: 30-35 min il bundan əvvəl müasir fiziki tipə malik olan insan meydana gəldi. Beləliklə, aşel mərhələsinin ikinci yarısının materialı Azıx sakinlərinin mənəvi həyatındakı əhəmiyyətli uğurlardan danışmaq imkanı yaradır. Ayı kəllələrinin yığıldığı xəlvətxana - gizli yer (kəllələrdən birinin üzərində xüsusi çərtmələr vardır), qədim yaşayış yeri və ocaq Aşel dövrünün ikinci yarısına aid olan təbəqədə aşkar edilmiş, hələ xeyli müddət ərzində müxtəlif fərziyyələrin irəli sürülməsinə imkan verəcək ən mühüm kəşflərdir. Azıx mağarasının nəzərdən keçirilən dövrə aid olan təbəqəsində müxtəlif quruluşlu ocaqların bir çox qalıqları aşkar edilmişdir. Bu tapıntılar qəti şəkildə təsdiq edir ki, od azıxantropun həyatına qəti surətdə daxil olmuşdur. Mağara ayılarından birinin Azıx mağarasının xüsusi, gizli bir guşəsində mühafizə olunmuş kəlləsi təsdiq edir ki, 300 min il bundan öncə say və hesablama azıxantropa məlum idi. Bu kəllə üzərində mişarabənzər, daş əşya ilə xüsusi olaraq bir sırada paralel şəkildə 7, yuxarıda isə çəpəki şəkildə 1 çərtmə edilmişdir. Bu halda hesablamanın vahidləri bizim qarşımızdadır. Yeri gəlmişkən, oykumenanın bir sıra bölgələrindən aşkar edilmiş qrafikada əks olunmuş nişanlı qurmaların bizə məlum olan on erkən nümunələri məhz aşel dövrünün ikinci yarısına - təxminən 300 min il bundan əvvələ aiddir. Fransanın cənubundakı II Peş de l'Aze (Dordon) adlı yaşayış yerindən tapılmış öküz qabırğasının fraqmenti və Türingiyanın Biltsinisleben adlı yerindən aşkar edilmiş 2 böyük olmayan sümük bu cür nümunələrdir. Tədqiqatçıların böyük əksəriyyəti bu cür çərtmələri insanın öz fikirlərini təsvir etməyinin və qeydə almağının ilkin cəhdlərinin, xüsusilə əvvəllər məlum olmayan ünsiyyət üsulu kimi ilkin qrafikanın yaranmasının təsdiqi kimi qəbul edir. Bu prosesdə informasiya bu və ya digər cisimlər üzərində qeydə alınmağa başlanmışdı. Lakin güman etmək olar ki, bu işarələr yalnız hesablama vahidləri deyildilər. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, burada təşəkkül tapmaqda olan nitqin qrafik cəhətdən qeydə alınmasının, yazıdan əvvəlki tarixi mərhələ ilə müəyyən əlaqəsi olan ilkin təcrübələrinin göz qarşısında olduğuna yəqinlik hasil etmək olar. Bu barədə danışarkən K.Marksın mühüm nəzəri nəticələrini xatırlamaq lazımdır: "Məlumdur ki, hissiyyatla təfəkkür arasında tərəddüd edən əqlin ilk nəzəri fəaliyyəti hesablama idi". K.Marks hesab edirdi ki, "hesablamaq üçün yalnız hesablanacaq əşyalara malik olmaq deyil, bu əşyaların nəzərdən keçirilməsi zamanı artıq onların sayından başqa bütün digər keyfiyyətlərini sərf-nəzər etmək qabiliyyətinə də malik olmaq lazım idi, bu qabiliyyət isə təcrübəyə əsaslanan, uzunmüddətli tarixi inkişafın nəticəsidir". Azıx mağarasında aşkar olunmuş ayı kəlləsinin üzərində bir neçə çərtmə edilmişdir. Həmin çərtmələrdən 7-si paralel şəkildədir. Bir çox tayfalarda və xalqlarda 7 rəqəmi məşhurdur, "ecazkar"dır... Daha erkən tarixi dövrlərdən Qədim Şərqə, antik dünyaya və hətta orta əsrlərədək 7 rəqəmi insanların fikrində Zaman, Məkan, Kosmos
|
Azerbaycan_tarixi_cild_1
| 59
|
haqqındakı təsəvvürlərlə əlaqədar olaraq xüsusi yer tutmuşdur. Biz bununla bağlı olaraq şumerlərin məşhur "yeddiliyini" yada sala bilərik. Şumerlər 7 rəqəmi ilə Kainat haqqında ideyanı da ifadə edirdilər. Məşhur Şumer zikkuratının 7 pilləsi, 7 "planetə", həftənin 7 gününə, 7 böyük tanrıya, 7 küləyə, yeraltı səltənətin 7 darvazasına və s. uyğun gəlirdi. Deyilənlərlə bağlı olaraq hindlilərdə Kainatın 7 sferini, insanda mövcud olan 7 fəal başlanğıcı, Ruhun və Materiyanın 7 qütbünü və s. xatırlamaq olar. Dünyanın Allah tərəfindən 7 gün ərzində yaradılması, Bibliyadakı 7 günlük umumdünya subasmaları, bir çox tayfaların və xalqların miflərində, əfsanələrində, nağıllarında, astroloqların, kimyagərlərin əsərlərində xatırlanan məşhur "yeddiliklər" və s. də bu qəbildəndir. "Yeddiliyin" ecazkar xarakteri insan psixikasının fundamental sabitliyi ilə, əməli yaddaşın, diqqətin, mütləqqiyyətlərin həcminin hədli mənaları ilə bağlıdır. İnsan haqqındakı müxtəlif elmlərin bir çox məlumatları təsdiq edir ki, insan psixikasının "buraxıcılıq qabiliyyəti" 7 birölçülü vahidlə məhdudlaşmışdır. Bu yaxınlarda Ayın müşahidəsi, onun fazalarından birindən zamanın (7 günün) ayrılması əsasında paleolit dövründə "7 ritmi"-nin, sonra isə "ecazkar yeddiliyin" yaranması haqqında fərziyyə irəli sürülmüşdür. Ay gözlə yaxşı müşahidə olunan, Yerə ən yaxın səma cismidir. O, Yer ətrafında dövri surətdə təkrar olunan hərəkəti zamanı görünüşü etibarilə mühüm dəyişikliklərə məruz qalır. Ayın görünüşünün dəyişməsinin sərhədləri yaxşı nəzərə çarpır və düşünən varlığın diqqətini özünə cəlb etməli idi. Yeni Ayın çıxmasından sonra Ayın birinci dörddə biri təxminən 7 gündən sonra aşkara çıxır, onun ikinci dörddə biri isə təxminən 14 gündən sonra zahirə çıxır və s. Ayının kəlləsində çərtilmiş yeddilik azıxantropun bir çox yüzminilliklər bundan öncə qədim kosmologiyanın beşiyi başında durduğunu təsdiq etmirmi?! Lakin şübhəsizdir ki, ayı kəlləsi üzərində olan, ritm hissini nəzərə çatdıran çərtmələr həm də Azıx insanının təsviri incəsənət fəaliyyətinin nümunələrindən biridir. Bu çərtmələr Aşağı Paleolit dövrünün insanında nəinki ilkin hesablama əməliyyatlarının, habelə incəsənətin başlanğıcının meydana gəldiyini təsdiq edir. Qeyd-şərtsiz təsdiq etmək olar ki, bu, incəsənətin yaranmasına və mücərrəd təsəvvürlərin məntiqinə doğru həlledici addım idi. Beləliklə, Aşağı Paleolit dövründə hesablama haqqında məsələ incəsənətin yaranması və ilkin məzmunu problemləri ilə bilavasitə əlaqədardır: bu, halda söhbət ilk rəssamların şüurunun mücərrədləşdirmə fəaliyyətinin səviyyəsi haqqında gedir. Hazırda artıq Aşağı Paleolit dövründə bədii yaradıcılığın yetişməkdə olduğu haqqında fikir şübhə doğurmur. Azıxda aşkar edilmiş material bunun daha bir təsdiqidir. Azıx mağarasında 4 ayı kəlləsinin saxlandığı xüsusi, gizli guşənin olması faktı fövqəladə dərəcədə maraqlıdır. Müxtəlif heyvan kəllələrinin xüsusi şəkildə qoyulduğu
|
Azerbaycan_tarixi_cild_1
| 60
|
gizli guşələr dünyanın bir çox bölgələrində də tapılmışdır. Draxenlox (İsveçrə), Zaltsofen (Avstriya), Klyuni, Le Furten, Reqardu, Lazaret (Fransa), Petersxel (AFR) Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş obyektləri içərisində ən qədimrindən biridir. Azıxda tapılmış ayı kəllələrinin heç birində çənə hissəsi yoxdur. Gizli yerlə tanışlıq həyata keçirilmiş əməl arxasındakı təsəvvürlər aləmini bizim qarşımızda canlandırır. Qeyd-şərtsiz demək olar ki, bu, məqsədyönlü, şüurlu və əlbəttə, qeyri-utilitar insan fəaliyyətinin nəticəsidir. Azıxda təsdiqlənmiş "kəlləyə sitayiş" faktı Cənubi Qafqaz sakinlərində ətraf mühitin hadisələri haqqında ən erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını göstərir. Sonralar həmin təsəvvürlər zəminində dinin ünsürləri, din meydana gəldi. Kəllə "yığınları" (və ümumiyyətlə heyvan sümükləri) totemizmin, hər halda onun rüşeymlərinin meydana gəldiyini göstərir. Bütün bu göstərilənlər, Aşağı Paleolit dövründə Azərbaycan sakininin təfəkküründə, baxışlarında, zövqündə və həyat fəaliyyətində köklü irəliləyiş demək idi. Aşel dövrünün ikinci yarısında mağarada möhkəm məskən salmış azıxantroplar orada süni mühit yaradırlar. Azıx mağarasının aşel təbəqəsində ocaqlardan birinin yanında süni hasarın - dairəvi daş tikilinin qalıqları aşkar edilmişdir. Beləliklə, 300 min il bundan əvvəldən də öncə azıxantrop özü üçün yaşayış yeri qururdu. Son zamanlar oykumenanın müxtəlif bölgələrində, xüsusilə Fransada süni yaşayış yerlərinin bir çox qalıqları (onların arasında Aşel dövrünə aid olanları da vardır) tapılmışdır. Aşeldən sonrakı Mustye dövrü adətən oykumena miqyasında keyfiyyətcə yeni, qədim insanların həyatında əvvəlki zamanla müqayisədə daha yüksək mərhələ kimi səciyyəvidir. Məhz bu səciyyəvilik bir çox tədqiqatçılara həmin tarixi mərhələni xüsusi dövr - Orta Paleolit dövrü kimi (əhəmiyyətinə görə son paleolitə bərabər olan dövr) ayırmaq hüququnu verir. Digər tədqiqatçılar bu cür yanaşmaya etiraz edərək hesab edirlər ki, Son Aşel dövrü ilə ilk Mustye arasındakı fərq mərhələ səciyyəsi daşımır. Lakin ikinci baxışın tərəfdarlarının müddəalarına baxmayaraq, bütövlükdə insanların neandertal növü (ilkin neandertallar istisna olunmaqla) Mustye dövrünə təsadüf etmişdir. Artıq Mustye dövründə sürü münasibətləri arxada qalmış, ibtidai icma quruluşu (nəsli cəmiyyət) təşəkkül tapmış, kommunalistik münasibətlər qərarlaşmışdır. İndiyədək tədqiqatçıları məşğul edən neandertal qəbirləri həmin dövrdə ümumilik münasibətlərinin qərarlaşmasını təsdiq edən faktlardır. Neandertal qəbirləri ilk növbədə neandertalların kollektiv birliyi, qarşılıqlı sosial əlaqəni dərk etdiklərini təsdiq edir. Bu, qarşılıqlı yardım institutunun yarandığını, icma üzvlərinin bir-birinə qayğısını göstərir. Bu, "neandertalların ibtidai icmasını möhkəmləndirən əlaqələrin sabitliyini və gücünü təsdiq edən" [A. P. Okladnikov] parlaq göstəricidir. Güman etmək olar ki, Mustye dövrü yeni ictimai təşkilatın - tayfanın yaranması zamanı olmuşdur. Hər halda həmin dövrdə
|
Azerbaycan_tarixi_cild_1
| 61
|
bir növ "tayfa ərəfəsi" birləşmənin mövcudluğu şübhəsizdir. Bu birliyin əsas tərkib hissəsini böyük kollektiv təşkil edirdi. Güman etmək olar ki, bu kollektiv bir neçə nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi. Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəriyyət tarixində ilk dəfə olaraq öz yaxınlarını dəfn etmiş insanların baxışlarından xəbər verir. Nəhayət, bu qəbirlərdən aydın olur ki, insanlar artıq meyitdən törəyə biləcək konkret təhlükəni əməli surətdə dərk etmişdilər. Mustye haqqında yuxarıda deyilmiş fikirlər oykumenanın müxtəlif bölgələrindən əldə olunmuş materiallara əsaslanan ümumi səciyyəli məlumatlardır. Təəssüf ki, Azərbaycan materialı bu baxımdan bizə çox az məlumat verir. Lakin insan cəmiyyətinin inkişafının başlıca qanunlarının ümumiliyini, qlobal xarakterini, sosiogenezin ümumi istiqamətini, insan həyatı modelinin universallığını, bu və ya digər mərhələ üçün səciyyəvi olan, insan yaşayışının müxtəlif bölgələrində mövcud olmuş səciyyəvi cəhətlərin bir çoxunun Azıx mağarasında təsdiqlənməsi kimi mühüm bir halı nəzərə alaraq neandertalın mənəvi aləminin mənzərəsini Azərbaycana da aid etmək mümkündür. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda Mustye dövrü Azıx, Tağlar, Daşsalahlı, Damcılı və Qazma mağaralarında nisbətən yaxşı təmsil olunmuşdur. Bu dövr təxminən 100-80 min il bundan əvvəl başlanmışdır. Levallua texnikası müxtəlif daş əmək alətləri ilə zəngin olmuş Mustye dövrünün ən böyük texniki nailiyyətidir. Bu nailiyyət daşın emalı üsullarında əsil inqilab idi. Texnikanın inkişafı daşın istifadəsinin və emalının çox yüksək səviyyəsinə (levallua texnikasına) gətirib çıxarmışdı. Mustye dövründə nizə və cidaların daşdan hazırlanmış ucluqları meydana gəldi. Ovçuluq təsərrüfatı xeyli mürəkkəbləşdi və yüksək inkişaf səviyyəsinə çatdı. İnsan kollektivlərinin qida ilə təminatı ölçüyəgəlməz dərəcədə artdı. Nəinki yaxın bölgələrin, habelə bir-birindən kifayət qədər uzaq olan ərazilərin sakinləri arasında əlaqələrin genişlənməsi, həmin qarşılıqlı əlaqələrin tədricən fəallaşması Mustye dövrünün mühüm xüsusiyyətidir. Məsələn, Tağlar mağarasının materialı bunu göstərir. Həmin material onun həmin "Şərq düşərgə"ləri ilə bənzəyişi, habelə Araz çayından cənubda yerləşən, Zaqros zonasını da özündə ehtiva edən ərazilərin Mustye mədəniyyətləri ilə qeyd-şərtsiz əlaqələri barədə də danışmağa imkan verir. Cənubi Qafqazın və Şərqi Avropa düzənliyinin cənub hissəsinin, habelə Qədim Şərq bölgələri sakinlərinin arasında son paleolit dövründə müəyyən əlaqələr olduğunu bu uzaq məskənlərdə Qafqaz obsidianının tapılması təsdiqləyir. Cənubi Qafqazın qədim yaşayış yerlərində Qırmızı dəniz mənşəli balıqqulağıların və s. aşkar olunması faktı da bunu sübut edir. Yalnız zəngin mənəvi aləmə malik olmuş insan uzunmüddətli miqrasiyalar edə bilərdi.
|
Azerbaycan_tarixi_cild_1
| 62
|
Qeyd etmək lazımdır ki, artıq çox qədim zamanlarda Qafqaz bərzəxi insanların tropik iqlimə malik olan ilkin vətəndən - Afrikadan Avropanın mülayim iqlim qurşağına hərəkət etməsi üçün şərait yaratmış körpülərdən biri idi. Daha sonrakı zamanlarda da xeyli insan kütləsinin dəfələrlə bu ərazi ilə hərəkəti baş vermişdir. Ali heyvanların və insanın genetikası və psixofiziologiyası sahəsindəki ən yeni kəşflər miqrasiya kimi fövqəladə dərəcədə maraqlı olan halın anlaşılmasına açar ola biləcəkdir. Tədqiqatlar göstərmişdir ki, digər ali məməlilər kimi insanlığın ayrı-ayrı nümayəndələrinə də yeniyə, tanış olmayana meyil xasdır. Mütəxəssislər bu hadisəni "azadlıq refleksi" adlandırırlar. Bu, məchulun mahiyyətinə varmaq üçün qarşısıalınmaz meylə tələbatdır. Bu fenomenin irsən ötürülməsi artıq çox qədim zamanlarda məchula doğru bu cür anadangəlmə meylə malik olan xeyli insan qruplarının meydana gəlməsinə gətirib çıxara bilərdi. Ola bilər ki, artıq ən qədim zamanlarda Azərbaycan ərazisində ən azı iki başlıca avropoid antropoloji tipinin yaşaması, yazılı mənbələrdən adları bəlli olan bir neçə dildə danışan tayfaların mövcud olması səbəbini məhz deyilənlərdə axtarmaq lazımdır. Şübhəsizdir ki, bir çox nəsillərin "azadlıq refleksi"ni, yenilik zövqünü toplamasi onların mədəniyyətinə xüsusi dinamiklik və çeviklik gətirirdi. Ən erkən tarixi mərhələlərdən başlayaraq antik dövrədək Azərbaycanda mövcud olmuş bir çox parlaq mədəniyyətlər bunu aydın şəkildə təsdiq edir. Azərbaycanda yuxarı paleolitin yaxşı öyrənilməməsinə baxmayaraq, göstərmək lazımdır ki, Mustye ilə son paleolit arasındakı hədd xüsusilə vacib və mühüm hədd kimi qiymətləndirilməlidir. Bu zaman, təxminən 30-35 min il bundan əvvəl müasir tipli insan - Homo Sapiens ("dərrakəli insan") meydana gəlmişdir. "Dərrakəli insan"ı neoantrop (yeni insan) da adlandırırlar. Bu zamandan etibarən təbii seçmə özünün forma əmələgətirici rolunu qəti surətdə itirdi (bunun nəticəsində insanın fiziki tipinin dəyişməsi prosesi dayandı), təbii seçmənin yerini isə ictimai qanunauyğunluqlar tutdu. Beləliklə, hər bir yeni mərhələdə mənəvi aləmi zənginləşən qədim Azərbaycan sakinləri Paleolit dövrü ərzində təbiəti öz məqsədlərinə xidmət etməyə vadar edir, tədricən təbiət üzərində hökmranlıq etməyi öyrənirdilər.
|
Azerbaycan_tarixi_cild_1
| 63
|
II FƏSİL MEZOLİT VƏ NEOLİT DÖVRÜ. AZƏRBAYCAN SAKİNLƏRİ İSTEHSALEDİCİ TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ Giriş qeydləri. Bütün Paleolit dövrü ərzində əhəmiyyətli nailiyyətlərə və cəmiyyətin çox böyük inkişafına baxmayaraq, insanlar istehlakçı olaraq qalır, onların təsərrüfatı sırf mənimsəmə xüsusiyyəti daşıyırdı. İstehsal bazasının məhdudluğu, ovçuluq fəaliyyətinin ekoloji mühitdən bilavasitə asılılığı, təbii şəraitin dəyişməsi cəmiyyətin inkişafını həddindən artıq ləngidirdi. Paleolitdən yeni daş dövrünə (neolitə) keçid mərhələsi insan həyatında mühüm dəyişikliklər dövrü idi. Mezolit (yunanca mesos - orta, lithos - daş) adlanan bu mərhələnin başlanğıcı təxminən son buzlaşma dövrünün qurtarmasına və müasir geoloji mərhələnin-holosenin (yunanca holos - bütün, kainos - yeni) bərqərar olması ilə uyğun gəlir, bu dövrdə müasir ekoloji şərait yaranır. Mezolit dövrü təxminən e.ə. XIII-IX minillikləri əhatə edir. Bəşər tarixində, onun bütün sonrakı inkişafını müəyyən edən bu mühüm mərhələ mənimsəmə təsərrüfat formasından (ovçuluq-balıqçılıq-yığıcılıq) istehsaledici təsərrüfata keçid olmuşdur. Bu dövrdə bütün müasir mədəni inkişafa zəmin yaranır, cəmiyyətdə və insan həyatında dönüş ərəfəsi başlanır, istehsaledici təsərrüfatın əsas sahələri - əkinçilik və maldarlıq meydana gəlir. İnsanlar ovçuluq və yığıcılıqla yanaşı, əkinçilik və maldarlıq vasitəsilə ərzaq istehsalına başlayır. Demək olar ki, bu dövrdən başlayaraq bəşəriyyətin əsas inkişaf xəttini təbiətin hazır nemətlərini mənimsəmək yox, ərzaq istehsal etmək yolu müəyyən edir. Dünyanın bir çox rayonlarında, o cümlədən Zaqafqaziyada neolit dövründə erkən əkinçi-maldar mədəniyyəti əsasında yeni təsərrüfat forması meydana gəlir və inkişaf edir. Bu, əslində son mərhələsi bir çox hallarda "neolit inqilabı" kimi ifadə edilən nəhəng çevriliş idi. Mezolit dövründə baş verən dəyişiklikləri çox vaxt Üst Paleolitdə ovçuluq təsərrüfatında baş vermiş böhranla bağlayırlar. Güman edirlər ki, mezolit dövrünə qədər iqlim və landşaft kompleksində baş verən dəyişikliklər, bununla əlaqədar insan faktoru təsirinin güclənməsi nəticəsində təsərrüfatın bu növündə potensial imkan artıq tükənmişdi. Biz həqiqətən görürük ki, mezolit dövründə dünyanın müxtəlif yerlərində yeni təsərrüfat formalarının axtarışı başlanır. Açıq sahələr əvəzinə insanlar daha çox meşədə ov etməyə başlayırlar. Heyvan sürüsündə tərkibin dəyişməsi, heyvanların sayının xeyli azalması, həm də ox və yayın icad edilməsi kollektiv ovdan meşələrdə fərdi ova keçmək üçün geniş imkanlar yaradır. Ox və yayın, həm də müxtəlif düzmə dişli alətlərin meydana gəlməsi mikrolitik texnikanın güclü inkişafına təkan verir.
|
Azerbaycan_tarixi_cild_1
| 64
|
İqtisadiyyatın müstəqil sahəsi kimi formalaşan balıqçılığın dənizdə və ya quruda aparılan ov və akvafaunadan maksimum istifadə ilə intensivləşməsi uzlaşır. Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə gətirib çıxarır və s. Bütün bunlar istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar yaradır. Mezolit dövründə bir çox yerlərdə, o cümlədən Azərbaycanda balıqçılıqda qayıqlardan istifadə olunmağa başlanır. Qobustan qaya rəsmlərindəki çoxlu qayıq şəkilləri bunu aydın göstərir. Mezolit dövrü insan kollektivlərinin miqrasiyası dövrüdür. Bu köçmə ilə əlaqədar mədəni yeniliklər tezliklə oykumenanın müxtəlif ərazilərinə yayılır. Tamamilə şübhəsizdir ki, bütün regionlarda istehsaledici təsərrüfatın yaranması və inkişafı eyni cür olmamışdır. Bəzi yerlərdə əkinçilik, digərlərində maldarlıq və maldarlıq məhsullarının istehsalı üstün olmuş, üçüncülərdə isə bu iki təsərrüfat sahəsi bərabər inkişaf etmişdir. Yəqinliklə demək olar ki, istehsaledici iqtisadiyyatın mənşəyi əkinçilik və maldarlıqdan əvvəl mövcud olmuş təsərrüfatın kompleks xarakteri ilə əlaqədar olmuşdur. Həmin vaxt ibtidai kollektivin ərzaqla təchizatı ovçuluq və xüsusən yığıcılıqdan əldə edilən məhsulla təmin olunurdu. Beləliklə, istehsaledici iqtisadiyyatın mənbəyi mənimsəmə təsərrüfatından başlanır. İnsan kollektivləri minilliklər ərzində bitki və heyvanat aləmi haqqında müntəzəm olaraq bilik toplamış, bitki və heyvanların həyat tsikli ilə tanış olmuş, orada gedən prosesləri müşahidə etmişdi. Bütün bunlar əkinçilik və maldarlığın yaranmasında lazımi hazırlığı təmin etmişdir. Zaqros ərazisində, Kaspinin cənubunda Azərbaycana qovuşan qurşaqda, eləcə də Qobustanda yabanı bitkilər, o cümlədən buğda arpa bitirdi, ev heyvanlarının əcdadları otlayırdı. Belə şərait isə yeni təsərrüfat formasına keçmə prosesini sürətləndirirdi. XI-X minilliklərdə artıq mezolit dövrü adamları yabanı bitkilərin dənindən qida kimi istifadə edir, xırdabuynuzlu heyvanları - keçi və qoyunu əhliləşdirməyə, dənli bitkiləri becərməyə başlayır. Əldə edilən daş alətlər - biçin bıçaqları və sürtgəclər bu barədə müəyyən məlumat verir. Bu dövrdən Azərbaycanda istehsaledici təsərrüfatın bünövrəsi qoyulur, Kaspi sahilində Qobustan sakinləri dənizdə balıq tutur, suiti vurur və ceyran ovlayırdılar. Onlar ox və yaydan istifadə edirdilər və artıq iti əhliləşdirmişdilər. Bu rayonda "ceyran mezoliti" deyilən dövrdən mənimsəmə təsərrüfatının son mərhələsi, eramızdan əvvəlki VIII minillikdən isə istehsaledici təsərrüfat yaranmağa başlayır. Eramızdan əvvəl VIII-VII minilliklərdə Zaqros ərazisində əkinçi maldar təsərrüfatı artıq üstün yer tutmuşdur. Qobustan ərazisində istehsaledici təsərrüfatın elementləri mezolitin sonu - neolitin əvvəlindən yaranır.
|
Azerbaijani History Book Collection — 7 Volume Dataset
This dataset contains extracted and cleaned text from the 7-volume academic edition “Azərbaycan tarixi” published by the Azerbaijan National Academy of Sciences, A. Bakikhanov Institute of History.
Each record consists of a book name, page number, and page content.
Dataset Structure
| Column | Description |
|---|---|
book_name |
Volume identifier (e.g., Azerbaycan_tarixi_cild_1) |
book_page |
Page number in the book |
page_context |
Cleaned text content of the page (normalized, no line breaks) |
Example:
book_name,book_page,page_context
Azerbaycan_tarixi_cild_1,1,AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU AZƏRBAYCAN TARİXİ ...
Azerbaycan_tarixi_cild_1,2,Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) nəşri əsasında...
Source & Authors
- Original Title: Azərbaycan tarixi — Yeddi cilddə
- Institution: Azerbaijan National Academy of Sciences — A. Bakikhanov Institute of History
- Chief Editor: Academician Iqrar Əliyev
- Publisher: “Elm” Publishing, Baku
- Original Publication: 1998 (first edition), reissued in 2007
- ISBN: 978-9952-448-36-8, 978-9952-448-34-4, 978-9952-448-39-9, 978-9952-448-37-5,978-9952-448-41-2, 978-9952-448-44-03, 978-9952-448-48-1
The series covers Azerbaijani history from prehistoric times to the 3rd century AD, based on archaeological research, written records, social structure analysis, cultural development, and ethnic history.
Volumes Included
Azerbaycan_tarixi_cild_1Azerbaycan_tarixi_cild_2Azerbaycan_tarixi_cild_3Azerbaycan_tarixi_cild_4Azerbaycan_tarixi_cild_5Azerbaycan_tarixi_cild_6Azerbaycan_tarixi_cild_7
(Each volume will appear in the dataset with the format book_name = Azerbaycan_tarixi_cild_X)
License
This dataset licensed under the CC BY-NC 4.0 license. What does this license allow?
Attribution: You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made.
Non-Commercial: You may not use the material for commercial purposes.
For more information, please refer to the CC BY-NC 4.0 license.
Contact
For more information, questions, or issues, please contact LocalDoc at [[email protected]].
- Downloads last month
- 30